Əsasnamə

Bakı Dövlət Universiteti Məhkəmə Müsabiqə Cəmiyyəti Əsasnaməsi

1. Ümumi müddəalar

1.1 BDU Hüquq fakültəsi Məhkəmə Müsabiqə Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycanda hüquq tələbələrinin hüquqi arqumentasiya, hüquqi təhlil və digər əlaqəli bacarıqlarının inkişafını hədəfləyən Tələbə Elmi Cəmiyyəti layihələrindən biridir.

1.2 Cəmiyyət öz fəaliyyəti daxilində Topçubaşov Məhkəmə Müsabiqəsi, Topçubaşov Arbitraj Müsabiqəsi və Xoyski Mediasiya Müsabiqəsini təşkil edir.

2. Cəmiyyətin məqsədləri

2.1 Müxtəlif sahələrdə müsabiqələr təşkil etməklə tələbələrin müvafiq sahələrlə bağlı biliklərinin artırılması;

2.2 Hüquqi arqumentasiya bacarıqlarının inkişafına təkan vermək;

2.3 Ortaya qoyulmuş hüquqi problemlərin həlli zamanı hüquqi təhlildən effektiv istifadə bacarıqlarının aşılanması Cəmiyyətin əsas məqsədlərini əhatə edir.

3. Cəmiyyətin fəaliyyət istiqamətləri

3.1 Cəmiyyət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.1.1 Əlimərdan Bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, konstitusiya icraatı qaydasında təşkil olunan, milli hüquqa və hüquqi arqumentə əsaslanan Topçubaşov Məhkəmə Müsabiqəsinin (TMM) təşkil olunması;

3.1.2 Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş beynəlxalq arbitraj təcrübəsinə əsaslanan Topçubaşov Arbitraj Müsabiqəsinin (TAM) təşkil olunması;

3.1.3 Fətəli xan Xoyskinin xatirəsinə həsr olunmuş mediasiya sahəsində Xoyski Mediasiya Müsabiqəsinin (KMM) təşkili;

3.1.4 Phillip C. Jessup Müsabiqəsində iştirak üçün Universitet tələbələrinin fakültədaxili seçimlərinin həyata keçirilməsi;

3.1.5 Konstitusiya icraatı üsulu, arbitraj, mediasiya və digər əlaqəli sahələrdə bloq yazılarının hazırlanması və Cəmiyyətin veb-saytında yerləşdirilməsi;

3.1.6 Müsabiqələrin sosial media hesablarında müvafiq sahələrdə post paylaşımlarının edilməsi;

3.1.7 Müsabiqələrin davam etdiyi dövrdə müsabiqələr üzrə təlimlərin təşkil olunması.

4. Fəaliyyətin təşkili

4.1 Cəmiyyətin İdarə Heyəti Baş Koordinator, Akademik fəaliyyət üzrə Məsul Koordinator, Təşkilati işlər üzrə Məsul Koordinator və Koordinatorlardan ibarətdir.

4.2 Cəmiyyətin fəaliyyətinə TEC sədri tərəfindən vəzifəyə təyin və azad edilən Baş Koordinator rəhbərlik edir.

5. Baş Koordinatorun vəzifələri

5.1 Baş Koordinatorun vəzifələri aşağıdakı kimidir:

5.1.1 Cəmiyyətin fəaliyyətini təşkil, idarə edir və Cəmiyyəti təmsil edir;

5.1.2 Əsas danışıqları aparır, əlaqə qurulacaq şəxslərin son siyahısını təsdiqləyir;

5.1.3 Müsabiqələrlə bağlı yaranmış sualları cavablandırır;

5.1.4 İdarə Heyəti arasında iş bölgüsünü aparır;

5.1.5 Saytın idarə olunmasını həyata keçirir;

5.1.6 Bloqların, postların, Müsabiqələrin yazılı materiallarının son versiyasına baxışı həyata keçirir.

6. Akademik fəaliyyət üzrə Məsul Koordinatorun vəzifələri

6.1 Akademik faəliyyət üzrə Məsul Koordinatorun vəzifələri aşağıdakı kimidir:

6.1.1 Postların hazırlanması üzrə məsuldur (postlara müvafiq rəyləri verir);

6.1.2 Bloqların redaktə prosesinə nəzarəti həyata keçirir və son versiyasını hazır edərək Baş Koordinatora təqdim edir;

6.1.3 Komandaların imeyl vasitəsilə məlumatlandırılmasını təmin edir;

6.1.4 Müsabiqələrin yazılı materiallarının redaktə prosesini idarə edir və son versiyanı hazırlayır.

7. Təşkilati işlər üzrə Məsul Koordinatorun vəzifələri

7.1.1 Komandalarla əlaqə zamanı verilmiş tapşırıqların son tarixlərinə nəzarət edir, koordinatorlara lazımi xatırlatmaları edir;

7.1 Təşkilati işlər üzrə Məsul Koordinatorun vəzifələri aşağıdakı kimidir:

7.1.2 Müsabiqələrin keçirilmə yerləri ilə bağlı müvafiq təklifləri hazırlayır;

7.1.3 Müsabiqələrin gedişində texniki işlərin planlaşdırılması, həmin işlərlə bağlı hesabatların hazırlanmasını həyata keçirir;

7.1.4 Büdcə ilə bağlı məsələlərə nəzarət edir. 

8. Koordinatorların vəzifələri

8.1 Koordinatorların vəzifələri aşağıdakı kimidir:

8.1.1 Komandalarla əlaqəni təmin edirlər;

8.1.2 Postların hazırlanması və redaktə prosesini həyata keçirirlər;

8.1.3 Müsabiqələrin yazılı materiallarını Akademik fəaliyyət üzrə Məsul Koordinatorun göstərişlərinə uyğun redaktə edirlər;

8.1.4 Bloq yazılarını hazırlayır və redaktə edirlər.