I. Ümumi olaraq arbitraj

Arbitraj mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həlli üsulu deyərkən  mübahisələrin məhkəməyə qədər həlli üçün digər vasitələrdən istifadə edilməsi başa düşülür. Mübahisələrin alternativ həllinin (Alternative  Dispute Resolution – ADR) əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir.[1] Bəzən arbitraj məhkəmə sisteminin bir hissəsi və ya bir instansiyası kimi yanlış başa düşülsə də, bu, belə deyil. Mübahisələrinin arbitrajda həll edilməsinə qərar verən tərəflər istənilən məhkəmə sistemindən kənar işə baxılmasına dair qərar verirlər.[2]

Məlum olduğu kimi, müqavilə tərəfləri qanunvericilik çərçivəsində onların arasında mübahisə yarandığı təqdirdə həmin mübahisənin hansı üsulla həll edilməsini razılaşdıra bilərlər. Arbitraj üsulu da, adətən, bu yolla seçilir.

Müasir dünyada, xüsusən, beynəlxalq investisiya və kommersiya münasibətlərinin genişlənməsi səbəbindən arbitrajın əhəmiyyəti artmışdır. Beynəlxalq arbitrajın əsas elementləri aşağıdakılardır: [3]

• Mübahisəyə arbitrajda baxılmasına dair razılaşma;
• Mübahisə səbəbi;
• Arbitrajın başlanğıcı;
• Arbitraj prosesləri;
• Arbitraj qərarı;
• Qərarın icrası.

II. Niyə məhz arbitraj?

Arbitrajın mübahisənin həlli üsulu kimi seçilməsinin bəzi səbəbləri var:
• Bir tərəf digər tərəfin aid olduğu dövlətin yurisdiksiyasının subyekti olmaq istəmir. Hər bir tərəf çəkinə bilər ki, mübahisənin hər hansı tərəfin ölkəsində baxılması həmin tərəf üçün üstünlük yaradar (“home court advantage”).[4] Yəni arbitraj işə daha neytral baxılmasına şərait yaradır.
• Arbitrajda tərəflərin mübahisələndirdiyi işə daha qısa zaman ərzində baxılır. Arbitrajda yalnız mübahisələndirilən işə baxıldıdığı üçün sanki bir instansiyalı məhkəmə kimi nəzərdən keçirilə bilər. Kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər üçün də mübahisəyə qısa zaman kəsiyində baxılması və qərar çıxarılması arbitrajın cəlbedici tərəfidir. Çünki zaman kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər üçün iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Beləliklə, biznes fəalliyyəti ilə məşğul olan şəxslər mübahisələrini qısa zaman ərzində həll etdikdən sonra öz fəaliyyətlərini operativ şəkildə davam etdirirlər.
• Arbitrajın qərarlarının icrası məcburi xarakter daşıyır. Tərəflər əvvəlcədən qərarların icrasının məcburi xarakter daşıması ilə bağlı öz üzərilərinə öhdəlik götürürlər. Həmçinin burada dövlətin məcburedici qüvvəsi də özünü göstərir. Bu baxımdan Xarici Arbitraj Qərarlarının İcrası və Tanınması haqqında Nyu-York Konvensiyasının rolu böyükdür. Onu da vurğulamaq lazımdır ki, mübahisəyə arbitrajda baxılmasına dair razılaşmanı tərəflər özləri müəyyən etdiyindən həmin qərarın icra edilməməsi tərəflərin işgüzar nüfuzuna zərər vura bilər. Arbitraj qərarlarının dövlət məhkəmələrində mübahisələndirilməsinə nadir hallarda rast gəlinir.
• Arbitraj razılıq əsasında formalaşır və hər hansı dövlətin prosessual qanunvericiliyində müəyyən edilən formallıqlar, adətən, arbitrajda tətbiq edilmir.[5] Bu isə o deməkdir ki, işə hansı şərtlər və hansı aspektdən yanaşılmasını tərəflər öz iradə ifadələrinə əsasən müəyyənləşdirirlər.

III. Arbitr yoxsa hakim?

Arbitrajlarda mübahisələrə arbitr(lar) tərəfindən baxılır. Arbitrlar mütləq hüquqşünas olmalıdır kimi  bir şərt yoxdur. Arbitrlar hər hansı sahə üzrə ixtisaslaşmış şəxslərdirlər. Bəzi sənaye müəssisələrində texniki biliklərə malik olan memarlar və mühəndislərin bu sahədə ixtisaslaşması onların arbitr kimi seçilməsinə əsas ola bilər. Tərəflər arbitrları və tətbiq olunacaq qaydaları seçməkdən əlavə, həm də arbitrajın yerini və dilini də seçə bilərlər.[6]

IV. Arbitrajın qərarı mübahisələndirilmi?

Adətən, arbitrajın qərarı mübahisələndirilmir. Arbitraj qərarının məhkəmədə mübahisələndirilməsinə arbitrlar tərəfindən faktlarda və ya hüququn tətbiqində səhvə yol verildiyi hallarda mümkündür.  Bu hallar olmadıqda, qərar məhkəmə tərəfindən qüvvədə saxlanılır (Bu məsələ  Xarici Arbitraj Qərarlarının İcrası və Tanınması haqqında Nyu-York Konvensiyası ilə tənzimlənir). Eyni zamanda, arbitrların səlahiyyəti də məhz tərəflərin razılaşmasında qeyd olunmuş şərtlərlə məhdudlaşır. Hətta əgər müqavilədə arbitajla bağlı müddəa yoxdursa, mübahisə qaldırıldıqdan sonra bu barədə yeni saziş də bağlaya bilərlər.[7]

Ümumiyyətlə, mübahisəyə arbitrajda baxılması barədə tərəflər arasında razılaşmanın iki forması vardır:
• gələcəkdə tərəflər arasında mübahisə yaranması halında mübahisənin arbitrajda həlli ilə bağlı tərəflər arasında bağlanmış müqavilədəki müvafiq müddəa ilə (bu, arbitration clause adlanır);
• mübahisə qaldırıldıqdan sonra tərəflər arasındakı müqavilədə müvafiq müddəa yoxdursa, mübahisəyə arbitrajda baxılması ilə bağlı xüsusi razılaşma (bu, submission agreement adlanır).

Beləliklə də, arbitraj tərəflərin razılaşması əsasında yaranırsa, onların arbitrların çıxardığı qərarı mübahisələndirməkdə nə qədər haqlı olması ritorik sual doğurur.


İstinadlar:

[1] Albert Fiadjoe,  Alternative Dispute Resolution: A Developing World Perspective 1 (2004)

[2] Margaret L. Moses, The Principles and Practice of International Commercial Arbitration 1 (2nd ed., Cambridge University Press)

[3] Redfern & Hunter, International Arbitration, Chapter 1. An Overview of International Arbitration, A(h) §1.39

[4] Yuxarıda istinad n.2

[5] Redfern & Hunter, International Arbitration, Chapter 1. An Overview of International Arbitration, A(b) §1.05

[6] Yuxarıda istinad n.2

[7] Yenə orada, 2


Müəlliflər:

1. Sara Həsənli, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq ixtisası üzrə III kurs SABAH qrupu tələbəsi;

2. Aytac Kazımlı, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq ixtisası üzrə III kurs SABAH qrupu tələbəsi.