I. Ümumi olaraq mübahisəyə arbitrajda baxıla bilmə
II. Mübahisəyə arbitrajda baxıla bilmə və arbitraj sazişi
III. Mübahisəyə arbitrajda baxıla bilmə və dövlət siyasəti və ya ictimai qayda
IV. Tətbiq olunan hüququn müəyyən edilməsi

I. Ümumi olaraq mübahisəyə arbitrajda baxıla bilmə

Arbitrajda hər hansı bir işə baxıla bilmə məsələsi son illərdə bir çox ölkələrdə müzakirə obyektinə çevrilib. Əvvəla, qeyd etmək lazımdır ki, mübahisələrin arbitrajda həll olunmasına müəyyən məhdudiyyətlərin olması vacibdir; dövlət öz suverenliyini və məhkəmə hakimiyyətini dəstəkləmək  üçün öz yurisdiksiyasını mühafizə etməlidir.[1] Beynəlxalq kommersiya arbitrajı ilə bağlı ədəbiyyatda “mübahisəyə arbitrajda baxıla bilmə” (ing. arbitrability) arbitrajda və ya sırf məhkəmələrdə baxıla bilən mübahisə növlərinin fərqləndirilməsi kimi xarakterizə olunur.[2]

Prinsipcə, istənilən mübahisə məhkəmədə həll oluna bildiyi kimi arbitrajda da həll oluna bilər. Məsələn, Fransa Mülki Məcəlləsində qeyd olunur ki, istənilən şəxs müstəqil sərəncam verə bildiyi hüquqları ilə bağlı arbitraj razılaşmasına daxil ola bilər. Bununla yanaşı, digər bir maddədə göstərilir ki, tərəflər  müəyyən sahələrə (məsələn, ailə hüququ), daha dəqiq desək, ictimai maraq kəsb edən sahələrə aid mübahisələrlə bağlı arbitraj razılaşmasına daxil ola bilməzlər.[3] Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 29-cu maddəsinə görə də mübahisə tərəflərinin razılığı ilə müvafiq mübahisəyə arbitrajda baxıla bilər.

Mübahisənin arbitrajda həll oluna bilməməsi o demək deyil ki, arbitrların mühakimə qabiliyyəti və ya arbitraj prosesinin xüsusiyyəti buna imkan vermir. Arbitrlar da mübahisələrin həllində hakimlər qədər səriştəli olurlar (və ya olmalıdırlar). Lakin milli hüquq bəzi məsələlərə məhkəmələrdə baxılmasını daha uyğun hesab edə bilər.[4]

II. Mübahisəyə arbitrajda baxıla bilmə və arbitraj sazişi

Mübahisəyə arbitrajda baxıla bilmə məsələsi təkcə mübahisənin mövzusu ilə şərtlənmir, həm də bu məsələdə kimin qərar verməsi (məhkəmə yoxsa arbitraj tribunalı) sualını özündə ehtiva edir.[5] ABŞ məhkəmələrində mübahisəyə arbitrajda baxıla bilməsini analiz edərkən mübahisə predmetinin arbitraja uyğun olub-olmamasından əvvəl arbitraj razılaşmasının etibarlılığı araşdırılır.[6] Aydındır ki, arbitrajda yalnız tərəflərin arbitrajda baxılmasına razılaşdıqları mübahisələr həll oluna bilər. Bu baxımdan tərəflər arasındakı arbitraj razılaşmasının məzmununa xüsusi diqqətlə yanaşmalıdırlar. Arbitraj razılaşmasından kənar mübahisələr arbitraj tribunalının yurisdiksiyasından da kənar hesab olunur və həmin mübahisə ilə bağlı qərarın tanınması və icrası rədd edilir.[7]

III. Mübahisəyə arbitrajda baxıla bilmə və dövlət siyasəti və ya ictimai qayda

Hər bir dövlət hansı məsələlərin arbitrajda həll oluna bilməsini (və ya bilməməsini) öz siyasi, sosial və iqtisadi siyasətinə uyğun olaraq müəyyənləşdirir. Məsələn, bəzi ərəb dövlətlərində xarici şirkətlər və onların yerli təmsilçiləri arasında bağlanan müqavilələrin qanunla müdafiəsini gücləndirmək üçün  bu müqavilələrdən irəli gələn mübahisələrin yalnız məhkəmələrdə həll olunması qaydası mövcuddur.[8]

Dövlət siyasəti dövlətin yurisdiksiyasının fundamental prinsiplərini özündə ehtiva etdiyindən, dövlət siyasəti ilə əlaqəli hesab olunan məsələlərə arbitrajda baxıla bilməz. Məsələn, cinayət işinin mühakiməsi sırf  dövlət məhkəmələrinin yurisdiksiyasına aiddir.[9] Dövlət siyasəti müxtəlif ölkələrdə zaman keçdikcə dəyişir. Buna görə arbitrajın əhatə dairəsindən kənara çıxan mübahisə növləri fərqləndirilir. Adətən, cinayət işləri və müəssisənin nüfuzunu zədələyə biləcək hallara (məsələn, iflas)  arbitrajda baxılması istisna edilir. Həmçinin patentlərin və əmtəə nişanlarının etibarlılığı ilə bağlı mübahisələr tətbiq olunan hüquqa müvafiq olaraq arbitrajda həll edilə bilməyən məsələ hesab oluna bilər.[10]

Arbitraj qərarı dövlət siyasəti ilə ziddiyyət təşkil etdiyi təqdirdə mübahisələndirilə bilər. Arbitrajda həll oluna bilməyən mübahisə ilə bağlı qərarın tanınması və icrası rədd edilə bilər.[11]

1999-cu ildə qəbul olunan “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda arbitraj qərarlarının dövlət siyasətinə və ya ictimai qaydaya deyil, ümumilikdə Azərbaycan Republikası qanunvericiliyinə uyğun olması tələbi müəyyən edilmişdi. 2005-ci ildə isə qeyd edilən qanuna dəyişiklik edilərək, beynəlxalq arbitraj qərarlarının bütün qanunvericiliyə deyil, yalnız Azərbaycan Respublikası Konstitusiyasına uyğun olması barədə müddəa qanuna daxil edildi.[12]

IV. Tətbiq olunan hüququn müəyyən edilməsi

Mübahisəyə arbitrajda baxılması ilə bağlı problem ortaya çıxdıqda bir neçə dövlətin milli hüququ nəzərə alınmalıdır: arbitraj müqaviləsi dövlət və ya dövlət müəssisəsi ilə bağlanarsa, həmin dövlətin milli hüququ; arbitraj müqaviləsinin bağlandığı dövlətin milli hüququ; arbitrajın keçirildiyi dövlətin milli hüququ; arbitraj qərarının icra olunduğu dövlətin milli hüququ.[13]

Nyu-York Konvensiyasında deyilir ki, qərarın tanınması və icrası tələbi ilə müraciət edilmiş məhkəmə qərarın həmin ölkənin dövlət siyasətinə zidd olduğunu təsbit edərsə, tələbi rədd edə bilər.[14] Burada daxili və yaxud beynəlxalq ictimai qaydadan söhbət getdiyi aydın deyil. Konvensiyada deyilənin əksinə, beynəlxalq ictimai qaydanın milli ictimai qaydadan üstün tutulmalı olduğu da iddia edilir. Bəzi yurisdiksiyalarda müqavilə beynəlxalq xarakterli olduğu halda araşdırmanın da beynəlxalq ictimai qaydaya əsasən aparılmalı olduğu nəzərdə tutulur.[15]


İstinadlar

[1] Leonardo V.P. de Oliveira, The English law approach to arbitrability of disputes, 16 International Arbitration Law Review 155, 167 (2016).

[2] Yenə orada, 155.

[3] Fransa Mülki Məcəlləsi, Maddə 2059, 2060.

[4] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §1.64, (6th edn., 2009).

[5] Michelle St. Germain, The Arbitrability of Arbitrability, 2005 Journal of Dispute Resolution 523, 524 (2005).

[6] Yuxarıda istinad n. 2

[7] New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards (1958), Article V(1)(c); UNCITRAL Model Law (1985), Article 34(2)(a)(iii).

[8] Redfern & Hunter, §2.127.

[9] Yuxarıda istinad n.2.

[10] Redfern & Hunter, §2.129, §2.130.

[11] New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards (1958), Article V(1)(a)

[12] Beynəlxalq arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu, Maddələr 34.2 b(ii) və 36.1 b(ii) (18 noyabr, 1999); “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (10 may, 2005);  Ruslan Mirzəyev, Beynəlxalq Kommersiya Arbitrajında ictimai qayda: Azərbaycan perspektivi, 1 Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 84, 85 (2015).

[13] Services provider (Turkey) v. (1) Public Entity (Turkey), (2) Public Entity (Turkey) and (3) Public Entity (Turkey), Interim Award, ICC Case No. 17669, §75 (2012); Buyer (Switzerland) v. Seller (Kosovo), Final Award, ICC Case No. 16369, 2011, in Yearbook Commercial Arbitration, Volume 39, 174 (2014). Redfern & Hunter, §2.128.

[14] 1958 New York Convention, Article V(2)(b)

[15] Leonardo V.P. de Oliveira, yuxarıda istinad 2, 156.


Müəllif: Həcər Qurbanlı, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, I kurs tələbəsi.