I. Giriş
II. Arbitraj Razılaşmasının növləri
III. Arbitraj sazişinin etibarlılığı
IV. Arbitraj razılaşmasının hazırlanması
V. Ayrıla bilmə
I. Giriş
Arbitraj prosesləri tərəflərin razılığının nəticəsində yaranır. Arbitraj razılaşması 2 və daha artıq tərəfin münaqişəni məhkəmədən kənar həll etmək üçün razılaşdığı yazılı müqavilədir. Tərəflər mübahisələrinə arbitrajda baxılmasına razılaşarkən mübahisəni milli məhkəmənin həll etməsindən imtina edirlər. Bunun əvəzinə onlar münaqişələrinin fərdi şəkildə hər hansı məhkəmə sistemindən kənarda baxılmasına razılaşırlar. Beləliklə, arbitraj razılaşması ilə tərəflər mübahisəyə məhkəmə qaydası ilə baxılması kimi mühüm hüquqlarından imtina edir və mübahisənin həlli prosesini qurmaq hüququ əldə edirlər. Tərəflər öz arbitraj razılaşmalarında prosesin idarəetmə qaydalarını, dilini, yerini, arbitrları seçərək öz ədalət sistemlərini qurmuş olurlar.[1]
II. Arbitraj Razılaşmasının növləri
Arbitraj razılaşması iki növə ayrılır: Arbitraj qeyd-şərti və kompromis. Birincisi tərəflər arasında bağlanmış əsas müqavilənin içərisində olur və gələcək münaqişələrin arbitrajda həll edilməsi üçün razılaşmadır.[2] İkincisi isə arbitraj qeyd-şərti olmadığı hallarda mövcud münaqişənin arbitraja təqdim olunması üçündür. Arbitraj qeyd-şərtinə nisbətən kompromisdən daha az istifadə olunur. Çünki münaqişə yaranan zaman tərəflər artıq heç bir mövzuda razılaşa bilmirlər.[3]
III. Arbitraj Razılaşmasının etibarlılığı
Arbitraj sazişinin etibarlı olması üçün müəyyən tələblər gözlənilməlidir.
- Sazişin yazılı olmasını tələb edən formal etibarlılıq
Arbitraj haqqında beynəlxalq konvensiyaların hamısı arbitraj sazişinin yazılı olmasını tələb edir. Etibarlı arbitraj razılaşması milli məhkəmələrin yurisdiksiyasını istisna etmir və mübahisələrin arbitraj tərəfindən xüsusi metodla həll edilməli olduğunu nəzərdə tutur.
Yazılı razılaşmanı tərəflərin imzalaması tələbi bir çox mübahisələrin mövzusuna çevrilmişdir. Nyu-York Konvensiyasına əsasən, xüsusi hallarda yazılı razılaşmanı hər iki tərəf imzalamalıdır.[4]
Nyu-York Konvensiyasının 2-ci maddəsinin I bəndinə müvafiq olaraq, hər bir razılaşan dövlət arbitraj çəkişməsinin predmeti ola biləcək hər hansı bir konkret müqavilə və ya digər hüquq münasibətlərinin obyekti ilə əlaqədar tərəflər arasında yaranan və ya yarana biləcək bütün və ya hər
hansı mübahisəni arbitraja verməyi öhdəsinə götürdüyü yazılı sazişi tanıyır. Həmin maddənin II bəndinə əsasən, “arbitraj sazişinin yazılı forması” məfhumu özündə müqavilədə arbitraj qeyd şərtini və ya tərəflərin imzaladığı və yaxud onların məktub və ya teleqramlarında olan yazılı razılaşmanı ehtiva edir.[5]
Nyu-York Konvensiyasının yarandığı dövrdən fərqli olaraq hal-hazırkı əlaqələr daha da inkişaf etmiş, təcili mesajlar üçün tez metod olan teleqramların yerini telelkslər, daha sonra fakslar, indi isə emaillər geniş şəkildə tutmuşdur. Bu dəyişikliklər isə Nyu-York Konvensiyasından daha da irəli gedə bilən UNCITRAL Model Qanununda əks olunmuş, arbitraj razılaşmasının yazılma metodlarını genişləndirmişdir.[6] Müasir dövrdə tərəflər daha çox formallığa əməl edilmədən şifahi, email və ya fakslar vasitəsilə razılığa gələ bilirlər. Bir çox ölkələrdə belə müqavilələr etibarlı hesab olunur.
Bəzi hallarda yazılı, imzalanmış, etibarlı razılaşma da mübahisədə işə yaramaya bilər. Hər hansı bir tərəfin arbitraja razılaşmasına baxmayaraq mübahisə hətta məhkəməyə gedə və məhkəmə prosesi başlaya bilər.[7]
- Müəyyən hüquqi əlaqələr
Demək olar ki, bütün beynəlxalq arbitrajlar tərəflər arasında müqaviləli əlaqədən yaranır. Həm Nyu-York Konvensiyasının, həm də Model Qanunun əsas məqsədi tərəflər arasında müəyyən hüquqi əlaqələrin yaranmasıdır. Lakin əsas arbitraj proseslərini formalaşdırmaq üçün tərəflər arasında müəyyən yazılı razılaşma mövcud olmalıdır.[8]
- Arbitraj yolu ilə həll edilə bilən mövzu
Mübahisəyə artbitrajda baxılması üçün mübahisənin arbitraj yolu ilə həll edilə bilən məsələ olması vacibdir. Həm Nyu-York Konvensiyası, həm də Model Qanun arbitrajda baxıla biləcək mübahisələrlə limitlənmişdir.
IV. Arbitraj Razılaşmasının hazırlanması
Arbiraj razılaşmasının düzgün təşkil olunması ən həssas məsələlərdən biridir. Razılaşma hazırlanarkən yol verilən səhvlər gələcəkdə cavabdeh tərəfin qərarın icrasından imtinası üçün səbəb rolunu oynaya bilər və bu cür halların qarşısının alınması üçün arbitraj institutları model arbitraj qeyd-şərtləri və ya təlimatlar hazırlayırlar. LCIA Qaydalarına görə arbitraj qeyd-şərtində arbitrların sayı, arbitrajın yeri, istifadə olunacaq dil, istifadə olunacaq hüquq mütləq qeyd olunmalıdır.
- Arbitrların sayı
Arbitrların sayı, əsasən, üç nəfər müəyyən edilir. Baxmayaraq ki, arbitrların seçilməsi çox xərc tələb edən məsələlərdən biridir, tərəflər arbitrların sayını artırmaqla münaqişənin tez bir zamanda həll olunmasını təmin etməyə çalışırlar.
- Arbitrajın keçiriləcəyi yer
Arbitrajın yerinə gəldikdə isə Nyu-York Konvensiyasına üzv olan dövlətlərə üstünlük verilir.[9] Bu faktor qərarın məcburiliyi baxımından böyük önəm daşıyır.[10] Arbitrajın keçiriləcəyi yeri tərəflərin seçimi başqasına buraxmadan müəyyən etməsi daha məqsədəuyğundur.[11] Bununla, onlar müasir kommersiya arbitrajının tələblərinə cavab verən hüquqa malik dövlətlərdən birini seçə bilərlər.[12]
- Arbitraj prosesi zamanı istifadə olunacaq dil
Arbitraj prosesi zamanı istifadə olunacaq dilin əvvəlcədən seçilməsi, əsasən, əlavə xərclərin çıxmasının və vaxt itkisinin qarşısını almaq məqsədi ilə əlaqədardır. Hətta belə bir razılaşma mövcud olsa belə, bu razılaşma başqa bir dili qeyd edən və ya dil məsələsinə ümumiyyətlə toxunmayan sonrakı razılaşmalar nəticəsində zərər görə, yaxud öz effektivliyini itirə bilər.[13]
- Arbitraj prosesi zamanı istifadə olunacaq hüquq
İstifadə olunacaq hüququn arbitraj qeyd-şərtində əlavə olaraq göstərilməsi onun əsas müqaviləni idarə edən hüquqa aid olmadığının göstəricisidir. Əlavə olaraq, tərəflər istifadə olunacaq hüququ arbitraj zamanı yarana biləcək önəmsiz münaqişələrdən çəkinmək üçün müəyyən etməlidirlər.[14]
IV. Ayrıla bilmə
Arbitraj razılaşmasının əsas müqavilədən ayrıla bilməsi onun əsas xüsusiyyətlərindən biridir. Belə ki, müqavilə bağlandıqdan sonra onda hər hansısa problemin aşkar olunması, ləğv edilməsi arbitraj razılaşmasına heç bir təsir göstərməyəcəkdir. Yəni, müqavilənin bir hissəsini təşkil edən arbitraj qeyd-şərti barəsində müqavilənin digər şərtlərindən müstəqil arbitraj razılaşması kimi bəhs ediləcəkdir.[15] Bu prinsip ilk dəfə Gosset işində Cour de Cassation tərəfindən bu cür ifadə olunmuşdur:[16]
“Beynəlxalq arbitrajda arbitraj sazişi bağlı olduğu müqavilədən ayrı, yaxud müqavilənin tərkibində müstəsna hallarda …, tam hüquqi müstəqilliyə malikdir və yuxarıda qeyd olunan müqavilənin etibarsız ola bilməsi faktı ona təsir göstərməyəcəkdir”.
Arbitraj razılaşmasının ayrıla bilməsi həm də o deməkdir ki, o, aid olduğu müqavilə ilə eyni hüquq tərəfindən idarə olunmaya bilər.[17] Paris Apelyasiya Məhkəməsi Quijano Aguero v. Marcel Laporte işində bildirdi ki, müqavilənin bir hissəsini təşkil edən arbitraj qeyd-şərti müqavilənin aid olduğu hüquqla mütləq şəkildə idarə olunmur.[18]
İstinadlar:
[1] Margaret L.Moses, The Principles and Practice of International Commercial Arbitration, 1 (2nd ed., Cambridge University Press, 2008).
[2] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration §2.02 (6th ed., 2009).
[3] Margaret L. Moses, yuxarıda istinad 1, 18.
[4]New York Convention, Article II(2).
[5] Yenə orada.
[6] Redfern & Hunter, yuxarıda istinad 2, §2.16.
[7] Margaret L. Moses, yuxarıda istinad 1, 20.
[8] Redfern and Hunter, yuxarıda istinad 2, §2.25.
[9] Margaret L. Moses, yuxarıda istinad 1, 48.
[10]Yenə orada.
[11] Redfern & Hunter, yuxarıda istinad 2, §2.83.
[12]Yenə orada.
[13] Richard H. Kreindler, The Influence of The ICC Rules, UNCITRAL Rules and UNCITRAL Model Law in Addressing Procedural Pitfalls at The Commencement Stage of An International Arbitration: Part 2, 2 International Business Law Journal 236, 245 (1997).
[14] Margaret L. Moses, yuxarıda istinad 1, 49.
[15] Redfern & Hunter, yuxarıda istinad 2, §2.104.
[16] Berthold Goldman and Emmanuel Gaillard, Fouchard, Gaillard, Goldman on International Commercial Arbitration, 198 (1999).
[17] Yenə orada, 212.
[18] Yenə orada, 198.
Müəlliflər:
1. Ləman Sadıqlı Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs;
2. Töhfə Abdullayeva Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs.