I. Giriş
II. Prosesin başlanması
III. Memorandum
IV. Sübutlar
V. Arbitraj iclası
VI. İclasdan sonrakı məsələlər
I. Giriş
Mübahisəyə arbitrajda baxılmasının ən vacib mərhələlərindən biri arbitraj proseslərinin tənzimlənməsi və həyata keçirilməsidir. Qeyd etmək lazımdır ki, beynəlxalq arbitraj proseslərinin tənzimlənməsi üçün vahid qaydalar mövcud deyildir. Hər tribunalın fərqli qaydaları vardır, hər mübahisə fərqlidir və arbitraja daxil olan hər iş özünəməxsus yanaşma tələb edir.[1] Proses tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda arbitraj tribunalı və ya tərəflərin və tribunalın birgə qərarı ilə formalaşdırılır. Ümumi qəbul olunmuş qaydaya əsasən, tərəflərin razılığı proseslərin aparılmasında daha üstün mövqeyə malikdir. Proses tərəflərin razılaşdıqları qaydada keçirilməzsə, sonda qəbul olunmuş qərardan imtinaya yol verilir.[2] İnstitusional arbitrajda-seçilmiş institutun qaydalarına, ad hoc arbitrajda isə UNCITRAL (United Nations Commission on International Trade Law) Qaydalarına istinad olunur.[3] Əksər arbitraj qaydaları tərəflər və tribunaldan proseslər başlamazdan öncə prosedur qaydaları müəyyənləşdirməyi tələb edir. “1996-cı il Arbitraj Aktı”na əsasən prosessual məsələlərə aiddir: proseslərin harada və nə vaxt keçirilməsinin, prosesdə istifadə olunan dilin, təqdim olunacaq sənədlərin siyahısının, cavablandırılmalı sualların, yazılı və şifahi iddia və sübutların müəyyənləşdirilməsi.[4] Arbitraj proseslərinin bütün mərhələlərində münaqişə edən tərəflər və arbitraj öz aralarında müəyyən münasibətlərə daxil olurlar, bu münasibətlərdə tərəflər bərabər hüquqlardan istifadə edirlər.
II. Prosesin başlanması
Beynəlxalq ticarət palatasının reqlamentinə görə mübahisənin arbitrajda həll olunmasını istəyən tərəf iddia ərizəsi ilə katibliyə müraciət edir. Ərizənin katiblik tərəfindən qəbul edildiyi tarix arbitraj araşdırmasının başlanğıc tarixi hesab olunur. Arbitraj tərkibi bütün zəruri vasitələrin köməyi ilə mümkün olan ən qısa müddətdə arbitraj araşdırmasına başlayır. Ərizə ilə bərabər, iddiaçı müəyyən edilmiş avansı da ödədikdən sonra katiblik ərizənin surətini cavabdehə öz rəyini bildirməsi üçün göndərir. Katiblikdən ərizəni aldıqdan sonra 30 gün müddətində cavabdeh bəzi məlumatları özündə əks etdirən etiraz göndərir. Etirazın surətini, cavabdehin qarşılıqlı iddiası və ona əlavə edilmiş sənədləri katiblik iddiaçıya göndərir. Arbitraj prosesində tərəf kimi arbitraj (mərkəzi, institutu), mübahisəli tərəflər və üçüncü şəxslər (şahidlər, ekspertlər, tərcüməçilər və.s) iştirak edirlər. İştirakı vacib tərəf arbitr və tərəflərdir. Üçüncü şəxlərin iştirakı isə işin konkret hallarından asılıdır. Arbitrlar prosesin başlamasından qabaq işin faktiki halları ilə bütövlükdə və dəqiqliklə tanış olmalıdırlar. Arbitraj prosesi ümumilikdə 2 mərhələli prosesdir:
- Hazırlıq mərhələsi (yazılı mərhələ)
- Şifahi mərhələ
Tərəflərin iddialarına yazılı şəkildə baxıldıqdan sonra tərəflər mübahisənin iclas keçirmədən həll edilməsinə dair razılaşa bilərlər. Əgər təqdim edilən materiallar üzrə işə şifahi baxılmasına gərək olarsa və ya mübahisə yazılı şəkildə həll olunmazsa, arbitraj kollegiyası və ya arbitr işə şifahi mərhələdə baxılmasını təyin edə bilər.
III. Memorandum
Ad hoc arbitrajda proses qurularkən ilkin mərhələ tərəflərin yazılı müraciətlərinin mübadilə edilməsidir.[5] Arbitraj prosesini tənzimləyən vahid qaydalar olmadığı kimi, yazılı müraciətlərin forması, tərtibi və göndərilmə qaydaları da standart deyildir. LCIA Qaydalarına əsasən, tərəflər arbitraja müraciət edib cavab aldıqdan sonra faktların təqdimatı, müdafiə təqdimatı və cavab təqdimatı adı altında yazılı müraciətlər dəqiq vaxt çərçivəsində, bir-birinin ardınca göndərilir.[6] ICDR Qaydalarına görə, iddiaçının təqdimatı və müdafiə təqdimatı mübadiləsi təmin edilir, bununla yanaşı tribunal əlavə sənədlərin tələb olunub-olunmamasını da müəyyənləşdirir.[7] ICSID Arbitraj Qaydalarında isə tərəflər memorial və əks-memorial göndərməlidir. [8] Yazılı müraciətlər, əsasən, növbə ilə göndərilir. Lakin qaydalarda müraciətlərin eyni anda göndərilməsi də müəyyənləşdirilə bilər. Yazılı müraciətlərin göndərilməsi müəyyən vaxt çərçivəsində və ya belə məhdudiyyət olmadan baş tuta bilər. Yazılı müraciətdə, əsasən, aşağıdakılar öz əksini tapmalıdır: iddianı, müdafiəni və ya qarşılıqlı iddianı dəstəkləyən faktlar, mübahisəni yaradan hallar, arbitraj tribunalının yurisdiksiyası ilə bağlı etirazlar, mübahisəyə tətbiq olunan hüquq, hüquqi arqument, tələb olunan təzminatın ətraflı əsaslandırılması, arbitraj və digər xərclərin kompensasiyası tələbi.[9]
IV. Sübutlar
Arbitraj prosesində sübutların təqdim olunması və onların arbitraj tərəfindən qəbul olunması tərəflər üçün çox vacibdir. Bu zaman tərəflər sübutları öz iddialarının xeyrinə göstərməyə çalışırlar. Arbitrajın sübutları nəzərdən keçirməsi kontinental və anqlo-sakson hüquq sistemlərində müxtəlifdir. Buna görə də arbitrajda sübutlara baxılarkən IBA sübut qaydaları əsas götürülür. Bu qaydalar kontinental və ümumi hüquq sistemlərində mövcud olan sübut nəzərdən keçirmə qaydalarının arbitraj mühitinə uyğunlaşdırılaraq birləşdirilməsi nəticəsində ərsəyə gəlmişdir. Proses zamanı istənilən vaxt arbitraj tərəflərə uyğun və ya vacib hesab etdiyi əlavə sənədlər, dəlillər və yaxud başqa sübutlar göstərməyi tələb edə bilər.[10] Əgər prosesin uyğun mərhələsində hər hansısa tərəf tələb edərsə, arbitraj şahidlər və ekspertlər tərəfindən sübutların təqdim olunması, yaxud şifahi çəkişmələr üçün iclas təşkil edir. Belə bir tələb yoxdursa, arbitraj ya belə iclasın çağırılmasına, ya da prosesin sənədlər və başqa sübutlar vasitəsilə yönləndirilməsinə qərar verir.[11]
V. Arbitraj iclası
İclasların keçirilməsi arbitraj prosesində iştirak edən tərəflər üçün vaxta qənaət etmək baxımından sərfəlidir. Belə ki, iclaslarda tərəflər onlara qarşı qaldırılan iddialara tez bir zamanda cavab verə bilir və sübutların sürətli incələnməsinə nail olurlar. İclasların keçirilmə yeri və dili normal hallarda arbitraj bəndində qeyd olunur, əks hallarda isə bu məsələləri arbitrlar həll edirlər. Tərəflər iclas tarixləri üçün tələblərə vaxtında cavab verməli, ən yaxın mümkün tarixin planlaşdırılmasında kooperativ olmalı və qərarlaşdırılmış iclas təqviminə riayət etməlidirlər.[12] Tərəflər prosesin iclas protokolunda istədiklərini qərarlaşdıra bilərlər.[13] Belə halda protokolun tərtib olunma xərclərini onlar qarşılamalıdırlar. Arbitraj xüsusi məsələlər barədə olduğundan, iclaslar məhkəmə iclasları kimi açıq keçirilmir. İclaslarda iştirak etmək tərəflərin hüququ olmasına baxmayaraq, hər hansı şahid ifadə vermirsə, iclasa buraxılmaya bilər.[14]
VI. İclasdan sonrakı məsələlər
Arbitraj iclası bağlı elan edildikdən sonra arbitraj prosesi başa çatır və qətnamə qəbul olunur. Nəzəri olaraq arbitrajda iclas tərəflərin iştirakını tamamlamalıdır. İclasların sona çatmasından sonrakı prosesin ən qəbul olunmuş forması iclas sonrası briflərdir. Sonda belə bir yazılı imkan təqdim etmək arbitrajın yekun arqumentlər haqqında qaldırdığı məsələlər barəsində tədqiqatlar aparılması üçün xüsusilə əhəmiyyətlidir. Proses hər zaman briflərlə sonlanmaya da bilər. Birincisi, yeni sübut iclasdan sonra yeni istiqamətlərə yol aça bilər. Belə hallarda arbitrajın prosesə yenidən baxma səlahiyyəti var. Bəzi hallarda isə bundan imtina oluna da bilər. Bu hallara yeni sübutların müzakirələr üçün gərəksiz olması və ya bu pozisiyada yeni sübutların işi uzatmaq üçün saxta cəhd formasında olmasını aid edə bilərik. Amma ümumilikdə, arbitrlar mübahisələri müəyyən etmək üçün münasib sübutlardan faydalanmağa üstünlük verirlər. Əgər yeni sübut dəyərlərə ziddirsə və ya ləyaqətsizliyi əks etdirirsə, qarşı tərəf arbitrajdan çəkilmiş xərclərlə əlaqədar kompensasiya və ya müvafiq qərarın verilməsinin təmin olunmasını xahiş edə bilər.
İstinadlar:
[1] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §6.19 (6th ed., 2009).
[2] New York Convention, Article V(1)( d).
[3] Julian D.M. Lew, Loukas A. Mistelis, Stefan Kröll , Comparative International Commercial Arbitration, 523 (2003).
[4] Arbitration Act 1996, section 34.
[5] Redfern and Hunter, yuxarıda istinad 1, §6.65.
[6] LCIA Rules, Article 15.
[7] Yenə orada, article 3.
[8] ICSID Rules, Rule 31.
[9] Julian D.M. Lew, Loukas A. Mistelis, Stefan Kröll, yuxarıda istinad 3, 536-537.
[10] Martin F. Gusy, James M. Hosking and Franz T. Schwarz, A Guide to The ICDR International Arbitration, 192 (2011).
[11] Redfern and Hunter, yuxarıda istinad 1, §1.78.
[12] Commercial Arbitration Rules and Mediation Procedures, Rule 24.
[13] Margaret L. Moses, The Principles and Practice of International Commercial Arbitration, 162 (2008).
[14] Yenə orada.
Müəlliflər:
1. Ləman Sadıqlı – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs;
2. Fidan Ələkbərova – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, IV kurs;
3. Şəbnəm Həsənova – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs.