Giriş
I. Arbitrajın tarixi
II. Arbitraj dünyanı necə dəyişdi?


Giriş

İnsanlar birlikdə yaşamağa və mübadilə etməyə başladıqlarından bəri mühakimənin müxtəlif formaları inkişaf etmişdir. Cəmiyyətdəki münasibətlərin nizamlanması üçün mübahisələrin xüsusi həlli metodlarından istifadə üsulu kifayət qədər tarixə malikdir. Bəs mübahisələrin alternativ həlli metodu kimi arbitraj necə inkişaf etdi? Bu suala cavab tapmaq üçün arbitrajın tarixinə nəzər yetirmək lazımdır.

I. Arbitrajın tarixi

Artıq orta əsrlərdə İngiltərədə tacirlər ölkədaxili və ümumdünya ticarətinin ilkin inkişafından etibarən Kral Məhkəmələrindən deyil, alternativ mübahisə həlli üsullarından istifadə etməyə başlamışdılar.[1] Kral məhkəmələri hüquqi xaraktercə ticarətin və tacirlərin ehtiyaclarını təmin etməyə uyğun deyildi. Məhkəmələr, əsasən, torpaq üzərində olan mübahisələr və kralın mənafeyinə toxunan məsələlərin həllində maraqlı idi.

ABŞ-da tacirlər arasındakı mübahisələrin həlli vasitəsi kimi arbitraj məhkəmələrə nisbətən daha effektiv vasitə hesab olunurdu. İlk ABŞ prezidenti Corc Vaşinqtonun özü də inqilabdan əvvəl arbitr kimi fəaliyyət göstərmişdi[2]. Bütün bunlarla yanaşı, XIX əsrin sonu – XX əsrin əvvəllərində arbitrajın mübahisələri ədalətlə həll etməsinə qarşı müəyyən şübhələr yaranmışdı. Bundan əlavə, arbitrajın müvəffəqiyyətinin təsdiq olunmasının məhkəmə sisteminə inamı sarsıdacağından qorxurdular. Hal-hazırda isə mənzərə tamamilə fərqlidir və arbitraj alternativ mübahisə həlli metodu kimi qəbul olunur.

Fransada artıq XVI əsrdə verilmiş dekretlə arbitraj kommersiya mübahisələrinin tək və məcburi həlli metodu kimi təsbit olunmuşdu[3]; belə mübahisələrin dövlət məhkəmələri tərəfindən effektiv həll edilə bilməsinə şübhə ilə yanaşılırdı.
Əsrlər boyu beynəlxalq arbitraj dövlətlər arasında dinc və konstruktiv münasibətlərin bərqərar olunmasında əhəmiyyətli rol oynamışdır. Ümumi qaydalar və mübahisələrin dinc yolla həllini təmin etməklə arbitraj ümumdünya ticarəti və iqtisadi inkişafının mühüm təməl daşlarından biri olmuşdur.

II. Arbitraj dünyanı necə dəyişdi?

2017-ci ilin yanvar ayında işıq üzü görən “The Quiet Triumph – How arbitration changed the world” adlı filmdə beynəlxalq arbitraj kimi insanlara az məlum olan mübahisə həlli mexanizminin mənşəyi və sülhün və ümumdünya ticarətinin inkişafındakı əvəzsiz rolu işıqlandırılır. Rejissor Martin Borqs müsahibəsində qeyd edir ki, bu, münaqişələrin dinc həlli haqqında təsirli bir hekayədir və indiki dövrdə belə hekayələr həmişə olduğundan daha əhəmiyyətlidir. Rejissorun sözləri ilə desək, filmdə “… qəhrəmanlar öz hekayələrini dilə gətiriblər”. Filmdə beynəlxalq arbitraj İsveçdə baş verən hadisələrin fonunda təsvir olunur, arbitrajın inkişafında əhəmiyyətli dərəcədə böyük rolu olmuş şəxslərlə müsahibələr təqdim olunur.[4]

“Dünya kiçik bir kənd kimidir və biz bir-birimizə kömək etməliyik. Yer üzərində hamı bərabər imkanlara malik olmalıdır; yalnız imkanlara yox, həm də beynəlxalq ticarətdən əldə edilən real faydaya.”
– Aleksandr Komarov[5] “The Quiet Triumph – How arbitration changed the world” filmində.


İstinadlar:

[1] Kyriaki Noussia, Confidentiality in International Commercial Arbitration, 11 (2010).

[2] Jay Folberg, Resolving disputes theory practice and law, 454 (2005).

[3] Yenə orada, 14.

[4] Bax: http://internationalarbitrationlaw.com/blog/we-recommend-the-quiet-triumph-how-arbitration-changed-the-world/.

[5] Rusiya Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitrajı üzrə keçmiş Prezidenti.


Müəllif: Həcər Qurbanlı, Bakı Dövlət Universiteti, SABAH qrupları 2-ci kurs tələbəsi.