Giriş
I. Arbitraj qərarlarının forması və məzmunu
II. Arbitraj qərarlarına düzəliş, şərh və əlavə arbitraj qərarı
III. Arbitraj qərarlarının ləğvi
IV. Azərbaycan təcrübəsində arbitraj qərarı

Giriş

Məqsədi kommersiya və digər fəaliyyət sahələrində yaranan mübahisələri həll etmək üçün alternativ həll üsullarından olan arbitrajın əsas vəzifələrindən biri hüquq qaydalarını tətbiq edərək, yaranan mübahisələri həll edəcək bir “arbitraj qərarı” (ing.  arbitration award) qəbul etməkdir. Qərarın əsas məqsədi, arbitrların tərəflər arasında yaranmış olan məsələlər haqda yekun qərar verməsi və qərarın nəşrlərini tərəflərə təqdim etməklə onları ətraflı məlumatlandırmaqdır.[1] İddiaçı tərəfindən hansı müraciət yolunun axtarıldığından asılı olaraq, qərar pul ödənişi tələbini, müəyyən edilən hər hansı bir məsələ üçün məlumatı, hər hansı müqavilənin konkret icrasını və ya sənədin, əmrin düzgün əməl edilməsi göstərişini özündə əks etdirə bilər.[2]  Qərar aydın, qısa şəkildə əsas məzmunu əhatə etməli və məntiqi cəhətdən oxucunu arbitrın gəldiyi nəticəyə, həmin nəticəyə necə vardığına və onda hansı göstərişin əks olunduğuna gətirib çıxarmalıdır.[3]

I. Arbitraj qərarlarının forması və məzmunu

Arbitraj qərarı yazılı formada olmalı və arbitr, yaxud da arbitrlar tərəfindən imzalanmalıdır.[4] Qəti və məcburi qüvvəyə malik olan qərarda əsaslandırılmış səbəblər göstərilməli və qərarın çıxdığı tarix, yer mütləq qeyd edilməlidir.[5] Üç arbitrdan hər hansı biri imzalamadıqda, qərarda onun imzasının olmamasının əsaslandırması göstərilməlidir. Arbitrların qərarı yazılı formada əsaslandırması müvafiq məlumatları nəzərdən keçirməyə və qanunla fakt arasındakı mübahisəli məsələlərdə niyə bunu etdikləri və nə üçün sonda bu qərara gəldikləri ilə bağlı yekun nəticələr formalaşdırmağa imkan verir.[6] Həmçinin qərar gecikmə olmadan hazırlanmalı və arbitrlar tərəfindən imzalanmış arbitraj qərarının surətləri tərəflərə göndərilməlidir.[7] Arbitrların həll etməli olduğu əsas məqam isə istinad olunan bütün mübahisələri müəyyən etməkdir.[8]

II. Arbitraj qərarlarına düzəliş, şərh və əlavə arbitraj qərarı

Arbitraj qərarı verildikdən sonra tərəflər qərarda səhvlər, qeyri-müəyyənliklər və ya cavabsız qalan məsələlərin olduğunu aşkar etdikləri halda, verilmiş qərarda dəymiş olan pul zərərinin miqdarını dəyişdirmək, qeyri-müəyyənlikləri aydınlaşdırmaq və ya unudulmuş  məsələləri yenidən həll etmək üçün arbitraj qərarının düzəldilməsini, şərhini və ya əlavə qərarın qəbulunu istəyə bilərlər.[9] Tərəflərə qərarı elan etdikdən sonra arbitrlar öz təşəbbüsləri ilə bu cür qüsurları aradan qaldıra bilərlər və bu düzəlişlər də yazılı formada əks olunmalıdır.[10]

Arbitraj qərarı verildikdən 30 gün müddətində tərəflərdən biri digər tərəfi xəbərdar etməklə, arbitrajdan qərarda yol verilmiş hesab səhvlərinin, çap və ya yazı xətalarının düzəldilməsini, digər bu cür analoji xarakterli qüsurların aradan qaldırılmasını, yaxud da qərarın bir hissəsinin şərhinin verilməsini xahiş edə bilər.[11]

Arbitraj qərarlarına düzəlişlərlə yanaşı, tərəflərdən birinin digərini xəbərdar etməsi ilə 30 gün müddətində araşdırma gedişində qaldırılmış, lakin  qərarda əks olunmayan tələblər barəsində əlavə arbitraj qərarının da çıxarılması mümkündür. Arbitraj əlavə qərar çıxarılması barədə olan xahişi haqlı sayarsa və yol verilmiş səhvin yeni dinləmə keçirilmədən və yeni sübutların təqdim edilməsinə ehtiyac olmadan aradan qaldırılmasını mümkün hesab edərsə, xahişin alınmasından 60 gün müddətində arbitraj öz qərarını tamamlayır.[12]

III. Arbitraj qərarlarının ləğvi

Arbitraj qərarından şikayət verilməsi və ya onun ləğv olunması ilə bağlı müraciət qərarın ləğvi barədə təqdimatın məhkəməyə verilməsi yolu ilə baş tuta bilər.[13] Qərar müvafiq məhkəmə tərəfindən ləğv edildikdə, adətən, yalnız arbitraj məhkəmələri tərəfindən deyil, digər yerlərdə olan milli məhkəmələr tərəfindən də etibarsız sayılacaq və dolayısı ilə icra edilməyəcək.[14]  UNCITRAL-ın Arbitraj Qaydaları daxil olmaqla, bir çox arbitraj müddəalarında qeyd olunan a) şikayət verəcək tərəf arbitrajın təyin olunması və ya arbitraj araşdırması barədə lazımi dərəcədə məlumatlandırılmayıbsa; b) qərar arbitraj razılaşmasının hüdudlarından kənara çıxan məsələlərə aiddirsə və ya tərəflərin arbitraja təqdim etmədiyi məsələləri özündə əks etdirirsə; c) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin razılaşmasına uyğun deyilsə və s. bu kimi hallarda qərar ləğv edilə bilər.[15] Arbitraj qərarının ləğvinin hüquqi nəticələri asanlıqla müəyyən edilə bilməlidir, lakin bəzi nüanslar nəzərə çarpır. Bir qrup milli məhkəmələr ləğv olunmuş arbitraj qərarını qeyri-mövcud hesab edərək onun sonradan digər dövlətlərdə tanınmasına və tətbiqinə mane olurlar. Bununla yanaşı, bir sıra milli məhkəmələr hesab edirlər ki, qərar ləğv olunsa da, tanına və icra edilə bilər.[16]

IV. Azərbaycan təcrübəsində arbitraj qərarı

Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr mübahisə ilə bağlı bütün məsələlərin kifayət qədər araşdırıldığını hesab etdikdə, şifahi işəbaxmanı bitmiş elan edir və qərar çıxarır.  Qərar Arbitraj Kollegiyasının səs çoxluğu ilə çıxarılır.  Çıxarılmış qərarla razılaşmayan arbitr öz rəyini yazılı formada ifadə edə bilər.[17] Bir çox dövlətlərin arbitraj qanunları kimi Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu da Beynəlxalq Ticarət Arbitrajı haqqında UNCITRAL model aktı əsasında hazırlanmışdır və arbitraj qərarı, onun forma və məzmunu ilə bağlı müddəalar hər iki qanunda eynilik təşkil edir. Bu səbəbdən yuxarıda – “Arbitraj qərarlarının forma və məzmunu” adlı hissədə qeyd olunan müddəalar, həmçinin milli arbitraj qərarları üçün də keçərlidir.


İstinadlar:

[1] Ray Turner, Arbitration Awards: a Partical Approach, &1.1.2, (1st ed. 2005)

[2] Turner, &1.1.3

[3] Yenə orada.

[4] Murray Gleeson, Writing awards in international comercial arbitration, 81(1) Arbitration 73, 1 (2015)

[5] Yenə orada.

[6] Peter Gilies & Niloufer Selvadurai,  Reasoned awards: how extensive must the reasoning be? 74(2) Arbitration 125, 2 (2008)

[7] David Byrne, 69(4) Arbitration 272, 2 (2003)

[8] Yenə orada, 3.

[9] Gary B. Born, International Commercial Arbitration, 237 (2nd ed. 2014)

[10] Yenə orada, 238.

[11] UNCITRAL Model Law (1985), Article 33(1) (1985)

[12] Yenə orada.

[13] UNCITRAL Model Law, Article 34(1) (1985).

[14] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §10.06 (6th edn., 2009).

[15] Yuxarıda istinad 1, Maddə 34(2).

[16] Gary B. Born, International Commercial Arbitration, §25.01 (2nd edn., 2014).

[17] Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Əsasnaməsi, Maddə 46.


Müəlliflər: Günel Məmmədzadə, Dövlət Gömrük Komitəsinin Akademiyası, hüquqşünaslıq ixtisası, 3-cü kurs; Süsən Səfərova, Bakı Dövlət Universiteti SABAH qrupları, hüquqşünaslıq ixtisası, 2-ci kurs.