Giriş
I. Arbitraj
II. Mediasiya
III. Arbitraj yoxsa Mediasiya?
Nəticə

GİRİŞ

Müasir dünyada beynəlxalq kommersiya münasibətlərində yaranan mübahisələrin həllini arbitrajdan kənarda təsəvvür etmək çətindir. Hüquq mübahisələrini həll etmək üçün müxtəlif üsullar mövcuddur. Kommersiya müqavilələrindən irəli gələn mübahisələr milli məhkəmələrdən başqa alternativ yollarla da həll edilə bilər. Mübahisələrin alternativ həlli yollarına aşağıdakılar aiddir:

  • birbaşa danışıqlar;
  • üçüncü şəxslərin vasitəçiliyi ilə danışıqlar (mediasiya);
  • konsiliasiya;
  • arbitraj.

Bu vasitələrin əsas üstünlükləri az xərclə və qısa müddətə mübahisələrin həll olunmasıdır.

I. Arbitraj

Ümumi olaraq demək olar ki, müasir hüquq sistemində və beynəlxalq biznes münasibətlərində arbitraj mübahisələrin bitərəf, tərəflərin qarşılıqlı razılığına əsaslanaraq seçilən arbitr(lər) tərəfindən birdəfəlik həlli üsuludur.[1] Xarici ticarət əqdləri üzrə tərəflər arasında hər hansı mübahisə və ya fikir ayrılığı yarandıqda özlərinin subyektiv hüquqlarının və ya qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə və ya arbitraja  müraciət edə bilərlər. Təcrübə göstərir ki, belə hallarda xarici ticarət əqdlərinin tərəfləri mübahisələrə əksər hallarda baxmaq üçün dövlət məhkəmələrinə (milli məhkəmələr) deyil, arbitraja müraciət edirlər. Arbitraj qərarları “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il Nyu-York Konvensiyasına uyğun olaraq tanınır və icra edilir. Həmin Konvensiyanı hazırda dünyanın 139 ölkəsi imzalamışdır. Azərbaycan Respublikası da 9 noyabr 1999-cu ildən bu Konvensiyanın üzvüdür.[2]

II. Mediasiya

Əslində arbitrajda işlərə baxılması dövlət məhkəmələrinə münasibətdə mübahisələrin alternativ qaydada həll edilməsidir, lakin bu paraqrafda həm də arbitraj icraatına münasibətdə alternativ qaydada mübahisələrin həll edilməsindən bəhs ediləcəkdir. Məlum olduğu kimi, dövlət məhkəmələrində və arbitrajlarda işə baxılmasının məqsədi sonda məcburi hüquqi qüvvəyə malik aktın (qərarın, qətnamənin) qəbul edilməsidir. Mediasiyanın məqsədi son nəticədə tərəflərin hüquq və vəzifələrini müəyyən edən məcburi hüquqi qüvvəyə malik olan aktın qəbul edilməsi deyildir. Mediasiya – tərəflər arasında mübahisənin üçüncü şəxsin köməyilə qarşılıqlı razılıq əsasında həll edilməsi üsuludur. Mediasiya heç də həmişə kompromislə başa çatmır, mediator görsə ki, tərəfləri bir araya gətirmək mümkün deyildir, o halda mediasiyanın xitam edilməsi haqqında qərar qəbul edir. Bu zaman artıq tərəflər arbitrajda işə baxılması haqqında razılaşa bilərlər. Vasitəçi-arbitraj (med-arb) proseduru  işə düşür, hansı ki, tərəflərin razılığa gələ bilmədiyi hallarda mübahisəni arbitraj qaydasında həll etmək səlahiyyətinə malik vasitəçinin köməyi ilə nizama salınmasını özündə əks etdirir. Tərəflər müqavilə ilə onun həyata keçirilməsinin hansısa xüsusiyyətlərini nəzərdə tuta bilərlər.

III. Arbitraj yoxsa Mediasiya?

Ümumiyyətlə, alternativ həll üsulları məhkəmə işlərini azaltmaqla yanaşı həmçinin hüquqa yeni bir baxış bucağı qatır. Mübahisələrin yenilikçi, ənənəvi məhkəmə qaydalarında əks olunmayan üsullarla həll edilməsini, vaxt sərfiyyatının qısaldılmasını və s. təmin edir.

Kommersiya mübahisələrinin həlli sahəsində arbitraj əsas həll metoduna çevrilmişdir. Arbitrajın üstünlükləri kimi aşağıdakılar qeyd oluna bilər:

  • Arbitraj zamanı tərəflər istədikləri və öz tələblərinə cavab verən arbitri(ları) seçir. Bu, tərəflərə aralarındakı mübahisəni həll etmək səlahiyyətini daha çox etibar etdikləri, həmçinin, mübahisəni tənzimləyən hüquq sahəsində və ya digər əlaqəli sahədə ixtisaslaşmış şəxslərə həvalə etmək imkanı yaradır;[3] 
  • Mübahisələrin heç bir tərəfin bağlılığı olmadığı neytral bir ölkənin arbitrajında həlli imkanı;
  • Məhkəmə qərarlarından fərqli olaraq Arbitraj qərarları daha çox ölkədə tanınması.

 Arbitrajın mənfi cəhətləri:

  • Arbitraj xərclərin mediasiyaya müqayisədə miqdarının çoxluğu;
  • Arbitraj qərarlarının tərəflərin tam razılığı şəklində olmadıqda icrasının gecikməsi;
  • Arbitraj qərarından şikayət verilməsinin yalnız həmin qərarın çıxarıldığı ölkənin ərazisində və həmin ölkənin  qanunvericiliyi  əsasında mümkün  olması. [4] 

Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi düşüncə və hüquqi mədəniyyətin yüksəldilməsinə kömək etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsi yolunda böyük addımlar atılmaqdadır.[5]

Üstünlüklərinə nəzər salaq:

  • Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər;[6]
  • Barışdırıcı prosedurda könüllük prinsipi əsas tutulduğundan, tərəflərin qarşılıqlı razılaşması və barışığına görə alınan qərarın icrası gecikmir; [7]

Mediasiyanın mənfi cəhətləri:

  • Barışıq məqsədi güdən mediasiyalarda heç də həmişə  sonda tərəflər razılığa gəlmirlər. Bu da mediasiyanın bu zamanlarda funksionallığını itirməsinə gətirib çıxarır;
  • Arbitraj qərarlarının icrası üçün olan təminatlar mediasiyada görülmür.Arbitraj qərarlarında xarici arbitraj qərarlarının icrası və tanınması haqqında Nyu-York Konvensiyasının rolu böyükdür, amma mediasiyayla bağlı qüvvədə olan belə beynəlxalq müqavilələrə rast gəlinmir;[8]
  • Mediasiyaların qeyri-rəsmi olması bəzi mübahisələrdə əldə olunan nəticənin icrası baxımından çətinlik yarada bilər.

Nəticə

Hər iki üsul  alternativ həll üsulların başında durur. Ən mühüm əhəmiyyətlərindən biri onların cəmiyyətdə hüquqi düşüncə və hüquqi mədəniyyətin inkişafına kömək etməsidir. Bu alternativ həll üsullarının olması məhkəmələrdə gedən işlərin sayının azaldılmasına da təsir edir. Hüquq daim inkişafdadır və yeniliklərə qanunvericilik çərçivəsində uyğunlaşmaq əsas şərtlərdəndir.

Mediasiya və arbitraj arasında olan fərqləri qısa xülasəsi aşağıdakı cədvəldə gösətrilib:

ArbitrajMediasiya
Arbitr(lar) mübahisəyə baxır və qərar çıxarır  Mediator qərar çıxarmır, sadəcə tərəflərin ortaq məxrəcə gəlməsi üçün vasitəçilik edir
Daha rəsmi prosesdirArbitraja nisbətən daha qeyri-rəsmi proses sayıla bilər
Əksər ölkələrdə məcburi qüvvəyə malikdirMəcburi qüvvəyə malik deyil
Tərəflərin istəyindən asılı olaraq bir və ya bir neçə arbitr təyin oluna bilər.Adətən bir mediator tərəfindən aparılır
Xərclər daha çox olurArbitraja nisbətən xərclər daha az olur
Daha uzun çəkirAdətən daha az müddətdə başa çatır

İstinadlar:

[1] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §1.2 (6th ed. 2009).

[2] Vidadi Mirkamal, Mübahisələrin alternativ həll üsulları, 66 (2009).

[3] Harry T. Edwards, Advantages of Arbitration over Litigation: Reflections of a judge, 21 (2005).

[4] Margaret L. Moses, The principles and practice of international commercial arbitration, §Place of Arbitration, 42 (2012).

[5] Natiq Abdullayev, Azərbaycanda mediasiya: hüquqi reallıq və perspektivlərinə nəzər, §6 (2015).

[6] Natiq Abdullayev, Mediasiya: Mübahisələrin məhkəmədən kənar həll edilmə üsulu, 40-41 (2011).

[7] Gary P. Poon, Corporate Counsel`s Guide to Mediation, 5-9 (2010).

[8] Macmillan Keck, A Practical Guide for Mediators, 68 (2012).


Müəllif: Mirkənan Mahmudov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.