Giriş
I. Onlayn arbitraj prosesi
II. Məcburilik
III. Üstünlüklər və mənfi cəhətlər
Nəticə 

GİRİŞ

Mübahisələrin onlayn həlli (Online Dispute Resolution – ODR) elektron rabitə və digər informasiya və kommunikasiya texnologiyaları vasitəsilə mübahisələrin həll olunması üsuludur.[1] Danışıqlar, mediasiya və arbitraj kimi mübahisə həlli üsulları onlayn qaydada həyata keçirilə bilər. Mübahisələri onlayn şəkildə həll etməyin daha az xərc, müxtəlif ölkə və ərazilərdən olan insanların mübahisələrini öz ölkə və ərazilərini dəyişmədən həll etməsi, daha tez nəticə və s. kimi üstünlükləri vardır.

BMT-nin Beynəlxalq Ticarət hüququ Komissiyası (UNCITRAL) 2017-ci ildə mübahisələrin onlayn həlli üçün Texniki Qaydalar hazırlamışdır. Bu qaydalar təsviredici sənəddir və ODR həyata keçirən tərəflər üçün məcburi xarakter daşımır.

UNCITRAL-ın hazırladığı qaydalara əsasən mübahisələrin ənənəvi həlli üsullarından fərqli olaraq, ODR ad hoc əsasda həyata keçirilə bilməz.[2]

I. ONLAYN ARBİTRAJ PROSESİ

Onlayn arbitraj proseslərin bütün aspektlərinin onlayn qaydada həyata keçirildiyi forma kimi təsvir oluna bilər. Mübahisələrin bu cür həllində e-poçt, video konfrans kimi onlayn vasitələr mühüm rol oynayır. Onlayn arbitraj zamanı tərəflər adətən elektron qaydada arbitraj razılaşması imzalamalı, arbitrajın həyata keçirildiyi serverin coğrafi yerini müəyyənləşdirməli, həmçinin arbitr tərəfindən arbitraj qərarının imzalanması yerini seçməlidirlər.

Praktikada elə hallar ola bilər ki, bir mübahisə həm ənənəvi arbitraj, həm də onlayn arbitraj qaydalarının hər ikisinin köməyi ilə həll olunsun. Məsələn, ola bilər ki, tərəflər əvvəlcə gələcək mübahisələrində arbitraja müraciət etmək barədə razılığa gəlsinlər, lakin sonra mübahisənin həlli ilə bağlı bütün qalan addımları onlayn qaydada etməyə razılaşsınlar. Bu cür hallarda mübahisənin həlli metodununun onlayn arbitraj hesab edilməsi üçün həmin mübahisənin həlli prosesinin mühüm hissəsi, xüsusilə də daha çox xərc və daha çox vaxt tələb edən prosessual addımları onlayn qaydada həyata keçirilməlidir.

Prinsip baxımından onlayn arbitraj həm onlayn əlaqələr və əqdlərdən yaranan mübahisələr, həm də ənənəvi mübahisələr üçün tətbiq edilə bilər. Lakin yenə də bu cür arbitraj elektron ticarət mübahisələrinin həlli üçün daha çox xarakterikdir.

II. MƏCBURİLİK

Hazırda nə Avropa Birliyi səviyyəsində, nə də transmilli səviyyədə onlayn arbitrajı ənənəvi arbitrajdan fərqli qaydada nizamlayan sənəd qəbul edilməmişdir. Bu da o deməkdir ki, onlayn arbitraj ənənəvi arbitrajla eyni qaydada nizamlanır.[3]

Onlayn arbitrajın qərarları tərəflər üçün həm məcburi xarakterli, həm də qeyri-məcburi xarakterli ola bilər. Məcburi xarakterli onlayn arbitraj müvafiq arbitraj qanunu(ları) tərəfindən nizamlanır və onlayn arbitraj qərarı 1958-ci il Nyu-York Konvensiyasının müddəalarına uyğun şəkildə qəbul edilir. Bununla yanaşı, 23 noyabr 2005-ci il tarixli BMT-nin “Beynəlxalq Müqavilələrdə Elektron Kommunikasiyadan İstifadə” haqqında Konvensiyası da məcburi onlayn arbitraj prosesləri nəticəsində əldə edilmiş arbitraj qərarlarının icrası məsələsini nizamlayır.[4] Qeyri-məcburi xarakterli onlayn arbitraj isə aşağıdakı formalarda mövcud olur:

  • proses əvvəldən qeyri-məcburi xarakterli olur;
  • proses sonda qeyri-məcburi xarakterli elan edilir;
  • arbitraj razılaşması məcburi olmur; arbitraj qərarı qəbul və ya rədd edilir, nəticə etibarilə arbitraj qərarı məcburi olmur.

Bəzən isə birtərəfli qaydada məcburi olan arbitrajlar keçirilə bilər – bu zaman ya arbitraj razılaşması, ya arbitraj qərarı, ya da hər ikisi tərəflərdən biri üçün məcburi, digər tərəf üçün isə qərarın yerinə yetirilməsi üçün seçim şansı yaradan qeyri-məcburi xarakterli olur.[5]

Hazırda mübahisələri onlayn arbitraj qaydasında həll etmək təklifi edən onlarla Mübahisələrin Onlayn Həlli provayderi mövcuddur. Bu provayderlərin, ümumilikdə, həm məcburi, həm də qeyri-məcburi xarakterli onlayn arbitrajlar təklif etməsinə baxmayaraq, onların bəziləri öz servislərini qeyri-məcburi xarakterli onlayn arbitrajlarla məhdudlaşdırırlar. Bunun səbəbi isə adətən qeyri-məcburi xarakterli arbitrajlara müraciət edənlərin daha çox sayda olması ilə əlaqələndirilir.

III. ÜSTÜNLÜKLƏR VƏ MƏNFİ CƏHƏTLƏR

Onlayn arbitrajın ən üstün cəhətlərindən biri onun məsafə problemlərini tamamilə yox etməsidir. Məsələn elə bir mübahisə yarana bilər ki, tərəflərdən biri Nyu-Yorkda, digəri Bakıda və arbitr isə Londonda yaşayırlar. Bu zaman onlayn arbitraj vasitəsilə nə tərəflər, nə də arbitr yaşadığı yeri dəyişmədən mübahisəni həll edə bilərlər. Onlayn arbitrajın digər üstün cəhətləri kimi aşağıdakılar göstərilə bilər:

  • İnternet tərəflərin mübahisələrini həll etməsi üçün neytral bir yerdir;
  • Onlayn arbitraj mübahisə həllinin sürətini və səmərəliliyini artırır, belə ki, elektron sistem mübahisə tərəflərinə sənədləri uzaq məsafələrdən belə olsa, dərhal və heç bir xərc olmadan təqdim etməyə şərait yaradır;
  • Təqdimatlar avtomatlaşdırılmış sənədlərin idarə edilməsi sistemləri tərəfindən arxivlənir və bununla da həmin sənədlərə istənilən vaxtda, istənilən yerdə yenidən baxmaq mümkün olur;
  • Onlayn sistem yurisdiksiya maneələrini aradan götürür və s.

Əlbəttə ki, hər bir metodda olduğu kimi mübahisələrin onlayn arbitraj qaydasında həll edilməsi metodunda da bəzi çatışmayan cəhətlər vardır. Bunlara misal kimi, dil və mədəniyyət fərqlərini, onlayn arbitraj sahəsində vahid nizamlayıcı qanunun olmamasını və s. göstərmək olar.

NƏTİCƏ

Beləliklə, onlayn arbitraj ənənəvi arbitraj və texnologiyanın birləşməsi hesabına yaranır. Onlayn arbitrajda da tərəflər ənənəvi arbitrajda olduğu kimi mübahisələrin həllini barəsində razılığa gəldikləri hər hansı üçüncü tərəfə etibar edirlər. Arbitrajın qeyd edilən hər iki növündə də nəticə məhkəmə çəkişmə prosesinə nisbətdə daha tez əldə edilir və ümumilikdə daha az xərc tələb olunur. Hər iki arbitrajda tərəflərin təmsil olunmaq üçün xüsusi hüquqşünasa ehtiyacı yoxdur.

Nəticə olaraq, onlayn arbitraj yeni dövrdə – texnikanın inkişafı dövründə sürətli şəkildə yayılmaqda, inkişaf etməkdə və öz səmərəliliyi ilə mübahisələrin həllində mühüm rol oynamaqdadır.


İstinadlar:

[1] UNCITRAL Technnical Notes on Online Dispute Resolution, Section V, Article 24 (2017).

[2] Yenə orada, Section V, Article 26

[3] Legal Instruments and Practice of Arbitration in the EU Study, 216 (2014).

[4]Yenə orada, 218-219 (2014)

[5] Gabrielle Kaufmann-Kohler, Online Dispute Resolution and its Significance for International Commercial Arbitration, 693 Global Reflections on International Law, Commerce and Dispute Resolution 437-440 (2005).


Müəllif: Nuranə Məmmədova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.