Mübahisələrin həllinin alternativ yollarından biri olan mediasiya nəticəsində əldə olunan razılaşmanın icrası və tanınması üçün heç bir beynəlxalq müqavilənin olmaması tərəfləri bu üsuldan çəkindirən səbəblərdən biridir. 1958-ci ildə qəbul olunmuş Nyu-York Konvensiyası arbitraj qərarlarının icrası və tanınması üçün əsas olsa da, mediasiya sahəsində belə bir beynəlxalq müqaviləyə rast gəlinmir.
26 iyun 2018-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ticarət hüququ Komissiyasının (UNCITRAL) 51-ci Sessiyasında Mübahisələrin Beynəlxalq Həlli üzrə Razılaşmaların İcrasına dair Konvensiya (ing. Convention on the Enforcement of International Settlement Agreements) və müvafiq Model Qanunun son layihələri, eyni zamanda, Konvensiyanın “Mediasiyaya dair Sinqapur Konvensiyası” adlandırılması barədə qətnamə təsdiqləndi.[1] Konvensiya tərəflər üçün mübahisənin həlli üsullarından olan mediasiyanın cəlbediciliyini artırmaq və mediasiya nəticəsində əldə olunan razılaşmaların icrası sahəsində mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıyır. Bu, 85 üzv ölkənin və 35 beynəlxalq hökumət və qeyri-hökumət təşkilatının iştirakı ilə üç il davam edən gərgin müzakirələrin nəticəsidir.
Bu konvensiya 1958-ci il Nyu-York Konvensiyası əsasında tərtib olunmuşdur. Konvensiya və Model Qanun yekunlaşdıqdan və UNCITRAL tərəfindən qəbul edildikdən sonra növbəti mərhələdə BMT-nin Baş Assambleyası Konvensiyanı və Model Qanunu qəbul etməli və daha sonra üzv dövlətlər “Mediasiya üzrə Sinqapur Konvensiyasını” imzalamalıdırlar. Konvensiya ən azı üç üzv dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Mediasiyaya dair Sinqapur Konvensiyasının imzalanma mərasiminin 2019-cu il avqust ayının 1-də Sinqapurda keçirilməsi gözlənilir.[2]
Bu Konvensiya və Model Qanun mediasiya nəticəsində əldə olunan razılaşmanın icrası baxımından önəmli rola malik olacaq. Bu da öz növbəsində mübahisəyə girən tərəfləri həll yolu kimi mediasiyanı seçmələrinə təşviq edəcəkdir. Bu Konvensiya və Model Qanunu mübahisələrin alternativ həll yolları, xüsusən də mediasiya sahəsində atılan böyük addım kimi qiymətləndiririk.
İstinadlar:
[1] Ətraflı baxın: http://mediationblog.kluwerarbitration.com/2018/07/24/singapore-convention-mediation/ (son baxış 24 oktyabr, 2018).
[2] Yenə orada.
Müəllif: Pəribikə Babayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.