Giriş
I. Arbitrajda tətbiq olunan hüquq
II. Hüquq yoxsa ədalət?
Nəticə

GİRİŞ

Beynəlxalq kommersiya arbitrajında tətbiq olunan hüquq nə qədər vacibdir? Beynəlxalq kommersiya arbitrajında tərəflərə tətbiq ediləcək hüququ seçmək imkanı verilir. Bəzi arbitrajlarda arbitrların əsas vəzifəsi ilk növbədə faktiki materialları tam olaraq bilmək və onları müqavilə şərtlərinə tətbiq etməkdir. Prosessual məsələlər də uyğun olaraq tərəflərin seçdiyi qaydalar əsasında həyata keçirilir. [1]

Arbitrajda müxtəlif növ qanun və hüquqlar istifadə oluna bilər, lakin milli qanunvericiliyin arbitrajda tətbiq olunması nəticəsində müəyyən problemlər ortaya çıxır.  Əsasən, tərəflər müqaviləni idarə etmək üçün müəyyən bir hüquq seçirlər. Seçilmiş bu hüquq tərəflərdən birinin milli hüququ və ya beynəlxalq hüquq da ola bilər.

Məsələn, malların alqı-satqısı zamanı ən çox tətbiq olunan hüquqlardan Malların Alqı-Satqısı ilə bağlı Konvensiyanı (CISG) göstərmək olar.

I. ARBİTRAJDA TƏTBİQ OLUNAN HÜQUQ

Bugün beynəlxalq arbitrajda istifadə olunan müxtəlif hüquqlar və onların tətbiqi barəsində müzakirələr mövcuddur. Beynəlxalq arbitrajlarda tətbiq olunan hüququn milli hüquqdan necə ayrılacağı, məsələn lex mercatoria-nın (“lex mercatoria” və ya “lex merchants” – milli və beynəlxalq hüquqdan ayrı kommersiya sferasında yaranmış problemlərin həlli üçün istifadə olunan qaydalar)  beynəlxalq arbitrajda istifadə olunması və arbitrların hüququ tətbiq etmə vəzifəsi müzakirə mövzularından hesab olunur.

Arbitraj proseslərini tənzimləyən “Lex arbitri” demək olar ki, həmişə arbitrajda tətbiq olunan hüquq hesab olunur. [2]  Faktiki olaraq lex arbitri, adətən, prosessual hüquq kimi təzahür edir, lakin lex arbitri maddi hüquq kimi də çıxış edə bilər.

Beynəlxalq kommersiya arbitrajında lex arbitri-nin yaxşı nümunəsi olaraq UNCITRAL model qaydalarını göstərmək olar. Bu qaydalar ən azı 70 ölkə və müxtəlif regionlarda qəbul edilmişdir. [3]  Bir çox arbitrajlar UNCITRAL model qaydalarını tətbiq olunan prosesssual hüquq kimi müəyyən etmişlər.

II. HÜQUQ YOXSA ƏDALƏT?

Arbitrajlarda tətbiq olunan hüquq nə qədər ədalətli hesab oluna bilər? Belə bir inanc var ki, arbitrın vəzifəsi mütləq qanunu tətbiq etməkdir, amma vəzifənin özü elə ədaləti bərqərar etməkdir. Bu fikir keçmiş zamanlar üçün daha xarakterik hesab oluna bilər, lakin bugün arbitrlardan daha çox hüquqa meyilli tətbiq etmə gözləniləndir. Həmçinin belə bir fikir var ki, arbitr hakimdən fərqli olaraq tərəflərdən birinə qarşı sərt yanaşan qanunun təsir qüvvəsini azaltmaq kimi bir çevikliyə malikdir. Bu fikir müəyyən qədər doğruluğa malikdir, belə ki, bir çox yurisdiksiyalarda alınmış qərar qanundakı səhvə görə ləğv edilmir. [4]  Bu səbəbdən arbitrlar hakimlərdən fərqli olaraq öz şəxsi fikirlərinə görə qərar qəbul edə bilirlər, xüsusilə də əgər onlar qanunun ədalətsizliyini aşkar etmiş olsalar.

Arbitrların verdiyi qərar nəticəsində hər iki tərəfin də hər hansı bir qazanc əldə etdiyi fikri də mövcuddur. Ancaq son dövr araşdırmaları vəziyyətin belə olmadığını əks etdirir. Təcrübi araşdırmalar göstərir ki, alimlərin bu məsələ ilə bağlı son fikri arbitrların heç də həmişə “ortaq məxrəcə” gəlmədikləri ilə bağlıdır. [5]  Baş vermiş bəzi hadisələr də bunu təsdiq edir, belə ki, xərclərin üstünlüyü, qərarın bir tərəfə digər tərəfdən nisbətən daha ağır təsir göstərməsinə səbəb ola bilir. [6]

Bugün tərəflər arbitrdan qanunun tətbiq edilməsini gözləyirlər, xüsusilə də, tətbiq ediləcək hüququ tərəflər seçmişlərsə. [7]  Bununla belə, ümumən arbitr qərarı hər hansı bir səhv ucbatından ləğv edilmir. Qərarın ləğv edilməsi o zaman baş verə bilər ki, arbitrın qərarı yurisdiksiyanın ictimai siyasətinə qarşı olsun və ya arbitr öz səlahiyyətlərindən kənara çıxaraq qərar vermiş olsun. [8] Bu problemlərin ən yaxşı həll yolu arbitrların öz vəzifə və səlahiyyətlərinin məsuliyyətini yaxşı dərk etməsidir.

NƏTİCƏ

Müasir dövrdə məhkəmə qərarları və qərarların sərtliyi ilə bağlı bir çox narazılıqlar mövcuddur. Arbitrajların isə ənənəvi məhkəmə üsulundan ən böyük fərqlərindən biri tətbiq olunan hüquqla bağlıdır. Tətbiq olunan hüququ tərəflərin seçmə imkanı həmin arbitrajın qərarı ilə bağlı narazılıq hallarını aradan qaldırır. Nəticədə, bugün, xüsusilə, kommersiya münasibətlərində yaranan problemlər zamanı tərəflər birbaşa olaraq arbitrajlara üz tuturlar.


İstinadlar:

[1]  Margaret L. Moses, Statutory Misconstruction: How the Supreme Court Created a Federal Arbitration Law Never Enacted by Congress, 67 (2006).

[2]  Margaret L. Moses, The Principles and Practice of International Commercial Arbitration, 72 (2012).

[3]  Marc Blessing, The Law Applicable to the Arbitration Clause, 169-179 (1999).

[4] Alan Redfern & Martin Hunter on International Arbitration, 142 (6th ed. 2009).

[5]  Margaret, yuxarıda istinad 2, 83.

[6] Stephanie Keer & Richard Naimark, Arbitrators Do Not “Split the Baby,” in Towards a Science of International Arbitration, 311 (2005).

[7] Pierre Mayer, Reflections on the International Arbitrator’s Duty to Apply the Law, 242 (2001).

[8] Margaret, yuxarıda istinad 2, 82.


Müəllif: Qaməd Həsənov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.