Giriş
I. Müxtəlif hüquq sistemlərində sübutların təqdim edilmə qaydası
II. Arbitraj prosesində sübutların növləri
III. Sübutların qəbul edilməsi və qiymətləndirilməsi meyarları
Nəticə

GİRİŞ

Məhkəmələrlə müqayisədə arbitrajın adətən daha az formal proses olmasına baxmayaraq arbitraj prosesində də sübutlar mühüm rol oynayır. Arbitraj prosesində sübutların təqdim olunması və onların arbitr tərəfindən qiymətləndirilməsi və qəbul olunması tərəflər üçün vacib olan məqamlardandır. Bu zaman hər bir tərəf öz mövqelərinə müvafiq sübut təqdim etməyə çalışırlar. Arbitrajda sübutlarının təqdim edilməsi kontinental və anqlo-sakson hüquq sistemlərində müxtəlifdir. Buna görə də beynəlxalq arbitrajda sübutlara baxılarkən IBA (International Bar Assosiation) sübut qaydaları əsas götürülür və tərəflər bu qaydaları tamamilə və ya qismən qəbul edib tətbiq edə bilər. [1]

I. MÜXTƏLİF HÜQUQ SİSTEMLƏRİNDƏ SÜBUTLARIN TƏQDİM EDİLMƏ QAYDASI

Sübutların əldə edilməsi və təqdim edilməsi üsulları müxtəlif hüquq sistemlərində fərqlidir. Kontinental və anqlo-sakson hüquq sistemlərinə münasibətdə arbitraj prosesində sübutların təqdim edilməsi fərqlənir. Kontinental hüquq sisteminin mövcud olduğu ölkələrdə sübutların təqdim edilməsində əsas rol arbitra məxsusdur, anqlo-sakson hüquq sistemli ölkələrdə isə sübutlarların təqdim edilməsində fəal rolu tərəflər oynayırlar.[2] Anqlo-sakson hüquq sistemində məhkəmələrdə və arbitraj prosesində tətbiq edilən “discovery” adlanan proses mövcuddur.[3] Prosesin mahiyyəti ondan ibarətdir ki, tərəflər bütün sənədlər barədə bir-birinə məlumat verməyə borcludurlar, lakin bu prosesin mənfi cəhətləri onun çox vaxt aparması və baha başa gəlməsidir. Kontinental hüquq sistemli ölkələrdə “discovery” prosesi yoxdur və anqlo-sakson sistemli ölkədən fərqli olaraq tərəflər onlarda olan sübutlar barədə bir-birinə məlumat verməyə borclu deyildir.

II. ARBİTRAJ PROSESİNDƏ SÜBUTLARIN NÖVLƏRİ 

Arbitraj prosesində sübutlar müəyyən halların düzgün və ya yanlış olduğunu təsdiqləyən, arbitraja təqdim edilən faktiki məlumatlardır. Tərəflərin istinad etdiyi halları sübut etməsi Beynəlxalq Ticarət hüququ üzrə BMT Komissiyasının (UNCITRAL) Arbitraj Reqlamentinin 24-cü maddəsində birbaşa olaraq öz əksini tapmışdır. Arbitraj sübutlarının növləri demək olar ki, bir çox aktlarda aşağıdakı kimi təsnif edilmişdir:[4]

1) sənədlər və digər yazılı sübutlar;

2) tərəflərin və üçüncü şəxslərin izahatları;

3) şahid ifadələri;

4) ekspert rəyi;

5) maddi sübutlar.

İndi isə sübut növlərini ayrı-ayrılıqda nəzərdən keçirək. İlk olaraq, arbitraj prosesində yazılı sübutun nə olduğunu aydınlaşdıraq. Adından da göründüyü kimi bu sübutlar yazılı olmalıdır, onlar halın və hadisənin doğruluğunu təsdiq edir və praktikada daha çox inanılan sübutlardan hesab olunur. İkincisi, arbitraj prosesində tərəflərin izahatları sübut növlərindən biridir.

Digər mühüm sübut növlərindən biri də şahid ifadəsidir. Arbitraj prosesində şahid işin əhəmiyyətli olan həlli üçün hər hansı halı, hadisəni şəxsən müşahidə etmiş və ya məlumatı olan şəxsdir. Şahidlərin dindirilməsi qaydasında da kontinental və anqlo-sakson hüquq sistemlərində müəyyən fərqlər mövcuddur. Anqlo-sakson hüquq sistemi digər sistemə münasibətdə  şahid ifadələrinə  daha çox əhəmiyyət verir.[5]

Dördüncü növ hesab olunan ekspert rəyi arbitraj prosesində mühüm sübutlardan hesab olunur. Bu sübut növünün əhəmiyyəti ondan ibarətdir ki, müəyyən məsələlər üzrə xüsusi biliyi olan şəxslər rəy bildirir. Son olaraq maddi sübutlar da arbitrajda qəbul edilən sübutlardandır.

Proses zamanı istənilən vaxt arbitraj tərəflərə uyğun və ya vacib hesab etdiyi əlavə sənədlər, dəlillər və yaxud  başqa sübutlar göstərməyi tələb edə bilər.[6]Eyni zamanda, praktikada birbaşa və dolayı sübutlar da fərqləndirilir. Birbaşa sübut hər hansı bir nəticə və ya prezumpsiyaya əsaslanmadan bir faktın sübutu kimi təqdim olunur. Dolayı sübut isə məsələ ilə bağlı birbaşa əlaqəsi olmayan sübutlardır.

III. SÜBUTLARIN QƏBUL EDİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ MEYARLARI

Arbitraj prosesində sübutların qiymətləndirilməsinin bir neçə şərti vardır ki, “qəbuledilənlik” onlardan birincisidir.[7]Müvafiq sübutların ümumi qəbuledilənliyi konsepsiyası beynəlxalq arbitrajda tanınır. Bu, əsasən, ümumi hüquq ənənəsindən götürülmüşdür və sübutun qəbul edilməsinin ən ümumi şərtidir. Digər mühüm şərtlər isə münasiblik, sübutların yetərliliyi və etibarlılığıdır.[8] Münasiblik şərtinin mahiyyəti ondan ibarətdir ki, tərəflərin təqdim etdiyi  müvafiq sübutlar hala, hadisəyə münasib olsun.  Ümumi hüquqda “müvafiq sübutlar” termini, ümumiyyətlə, işdə daha çox ehtimal olunan  həqiqətin varlığını təsdiq etmək  üçün olan sübutlar deməkdir. Sübutlar müvafiq halı yetərincə təsdiq etmə imkanına malik olduqda yetərli sübut sayılır. Qiymətləndirmə zamanı sübutun etibarlılığını yoxlamaq arbitr funksiyalarından biridir.[9]

NƏTİCƏ

Arbitrajda sübutların təqdim edilməsi iş üzrə düzgün qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Hər bir sübutun təqdim edilmə qaydası fərqləndirilir, bunlardan bəziləri konkret beynəlxalq sənədlərdə əks olunsa da, bir neçəsi isə dəqiq olaraq öz əksini tapmamışdır. Sübutların müxtəlif hüquq sistemlərinə münasibətdə fərqli təqdim edilmə üsulları mövcuddur. Beynəlxalq arbitrajda hər hansı bir sübutun qəbul edilməsinin əsas şərtləri onun əhəmiyyəti, etibarlılığı və qəbuledilənliyidir. Sübutlar qeyd edilən şərtlərə cavab vermədikdə arbitr tərəfindən işin həlli üçün əsas götürülmür, buna görə də arbitraj həddindən artıq lazımsız materiallarla yüklənməməlidir. Bu baxımdan tərəf hər bir sübutun öz əhəmiyyətini və inandırıcı olması üçün onun dəyərini dəqiq ifadə edərək qısa təsvirini təqdim etməlidir.


İstinadlar:

[1] IBA Rules on the Taking of Evidence in International Arbitration, Preamble (2010).

[2] Juho Kankkunen, Document Production under the IBA Rules on the Taking  of Evidence in International Arbitration, 15 (2014).

[3] Vidadi Mirkamal, Beynəlxalq Arbitraj Prosesi, 205 (2011).

[4]  Yenə orada, 203.

[5] Siegfried H. Elsing and John M. Townsend, Bridging the Common Law-Civil law Divide in Arbitration, International Arbitration, 4 (2002).

[6] Martin F. Gusy, James M. Hosking and Franz T. Schwarz, A Guide to The ICDR International Arbitration, 192 (2011).

[7] Konstantin Pilkov, Evidence in International Arbitration: Criteria for Admission and Evaluation, the International Journal of Arbitration (vol 80, issue 2), 147 (2014).

[8] Yenə orada.

[9] Yenə orada, 148.


Müəllif: Bakı Dövlət Universiteti, Hüquq fakültəsi III kurs tələbəsi, Pəribikə Babayeva