Giriş
I. Almaniyada Konstitusiya Məhkəməsinin quruluşu
II. Almaniyada konstitusiya icraatın mahiyyəti və əsasları
Nəticə

GİRİŞ

Konstitusiya icraatı, ümumən, normativ hüquqi aktların və məhkəmə qərarlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı həyata keçirilən prosesdir. Konstitusiya icraatı ölkəmizdə Konstitusiya Məhkəməsi tərəfindən aparılır. Konstitusiya Məhkəməsinin tarixi keçən əsrə dayanır. İlk Konstitusiya Məhkəməsi 1919-cu ildə yaradılıb. Bu məhkəmə Birinci Avstriya respublikasında yaradılmışdı və yaradılmasında Hans Kelzenin ideya və fikirləri əhəmiyyətli rol oynamışdır. Avstriya Konstitusiya Məhkəməsi 1920-ci il oktyabrın 10-da qüvvəyə minmiş Konstitusiyaya uyğun olaraq Avstriya məhkəmələrinin qəbul etdiyi qərarlara nəzarət funksiyasını yerinə yetirirdi. Müasir Avropada Konstitusiya Məhkəmələrinin formalaşmasında Hans Kelzenin fikir və ideyalarının rolu böyükdür. Hans Kelzenin davamçıları və əməkdaşları Kelzenin nəzəriyyəsinə  söykənərək[1] Almaniyada Federativ Konstitusiya Məhkəməsinin əsasını qoymuşdurlar.[2] Elə bu bloq yazısı da məhz Almaniya Konstitusiya Məhkəməsi haqqındadır.

I. ALMANİYADA KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QURULUŞU

Almaniyada konstitusiya icraatı Federativ Konstitusiya Məhkəməsi tərəfindən aparılır. Konstitusiya icraatının əsas hüquqi mənbəyi 1949-cu ildə qəbul olunmuş “Grundgesetz”dir. Grundgesetz Almaniyanın konstitusiyası sayılır, amma hərfi tərcümədə daha çox “əsas qanun” (ing. “basic law”) kimi tərcümə olunur.[3] Federativ Konstitusiya Məhkəməsi alman dilində Bundesverfassungsgericht (bundan sonra: BVerfG) adlanır.

BVerfG 16 hakimdən ibarətdir. Onlar 2 senata bölünür. Bu bölünmə onların parlamentin hansı palatası tərəfindən  seçilməsinə görə müəyyən olunur. Birinci senata vitse-prezident, ikinci senata isə prezident başçılıq edir.[4] Hakimlərin 8 nəfəri Bundestag (nümayəndəli palata) tərəfindən, digər 8 nəfəri isə Bundestrat (yuxarı palata) tərəfindən seçilir. Seçkilər keçirilərkən 2/3 səs çoxluğu tələb olunur. [5] Bu seçilən şəxslər Bundestrat, Bundestag və ya digər federativ orqanlara üzv olmamalıdır.[6] BverfG hakimi seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra yenidən seçilə bilməz.

Konstitusiya Məhkəməsinin iş yükü çoxdur. Hər il 6 mindən çox konstitusiya icraatı qaydasında şikayət məhkəməyə daxil olur. Bu çox sayda yeni icraatla məşğul olmaq deməkdir. Hər hakimə bu barədə dövlət orqanlarında, hüquq firmalarında təcrübəsi olan 4 məhkəmə katibi köməklik edir. [7]

Hər bir senatın ən azı 3 üzvü “xüsusi məhkəmə təcrübəsinə” malik olmalıdır, yəni əvvəllər “Bundesgerichten” (federativ məhkəmə) məhkəmələrinin birində hakim olmalıdır. Ən azı 40 yaşı olan və Alman Məhkəmə Hakimiyyəti Qanununa əsasən məhkəmə hakimi tələblərinə cavab verən hər kəs seçkidə iştirak edə bilər. Hakimlər on iki il müddətinə vəzifəyə seçilir, pensiya yaşı 68-dir. Məhkəmənin müstəqilliyini təmin etmək üçün əvvəllər məhkəmə hakimi olmuş şəxs yenidən seçkilərdə iştirak edə bilməz.[8]

II. ALMANİYADA KONSTİTUSİYA İCRAATININ MAHİYYƏTİ VƏ ƏSASLARI

Konstitusiya Məhkəməsin əsas məqsədi şikayət verilən qanun və ya məhkəmə qərarlarının Konstitusiya ilə təyin edilmiş qaydalara, hüquqlara zidd olub-olmadığını müəyyən etməkdir. Bu proses konstitusiya icraatı (ing. constitutional proceedings) adlanır.[9] Federativ Konstitusiya Məhkəməsinin təşkili və icraat prosesi Federativ qanunvericilik ilə tənzimlənir.

BVerfG yalnız konstitusiyada göstərilən hallarda, yəni: [10]

1) Fundamental insan hüquqların pozulması haqqında;
2) Partiyaların konstitusiyaya zidd fəaliyyəti ilə bağlı;
3) Bundestrag və ya Bundestratla bağlı mübahisələrdə;
4) Federasiya daxili digər məhkəmələr arasında ixtilaf olduqda;
5) Məclisdə Federativ hüquq mənbələrinin “Grundgesetz”ə uyğunluğu haqqında fikir    
     ayrılıqları və ixtilaflar olduqda;
6) Federativ və ya Vilayət məhkəmələrində hakimlərlə bağlı mübahisə olduqda (AFR     
    Konstitusiyası maddə 98.2 və 98.5) öz fəaliyyətinə başlıyır.

Federativ Konstitusiya Məhkəməsinin 1-ci senatına, əsasən, insan hüquqları və Konstitusiyanın 33, 101, 103, 104-cü maddələri ilə bağlı şikayətlər yönəldilir. 2-ci senata isə əsasən Konstitusiyanın 13-cü maddəsi və 1-ci senata həvalə olunmamış digər fundamental hüquqlarla bağlı şikayətlər yönəldilir.

Məhkəmənin üzvləri öz vəzifələrini şəxsi, sosial və ya siyasi maraqlara münasibətdə müstəqil və qərəzsiz həyata keçirirlər. İctimai, siyasi, dini, ideoloji və ya digər qruplara mənsubiyyətlərindən asılı olmayaraq öz vəzifələrini ədalət nöqteyi-nəzərindən və heç bir qeyri-obyektivliyə yol vermədən yerinə yetirməlidirlər. [11]

NƏTİCƏ

Almaniya konstitusiya icraatı sahəsi üzrə lider ölkələrdən biri sayılır. Ümumilikdə götürsək, Konstitusiya Məhkəməsinin ölkədaxili hüquq sistemində yeri mühümdür. Kontinental hüquq sistemli ölkələrdə Almaniya konstitusiya icraatı institutu nümunə kimi qəbul olunur və məhkəmə sistemində yaratmaq istədikləri bu institut Almaniya təcrübəsindən geniş istifadə etməklə yaradılır. Ölkə daxilində qəbul olunmuş normativ hüquqi aktların, məhkəmə qərarlarının Konstitusiyaya uyğunluğuna nəzarət etmək Konstitusiyanın aliliyinin təminatı kimi sayıla bilər. Buna görə də, bir çox ölkələrdə Konstitusiya Məhkəməsi hakimlərinin seçim prosesi mürəkkəb olur və seçilmiş hakimlər xüsusi statusa sahib olur.


İstinadlar:

[1] Alec Stone Sweet, Constitutional Courts and Parliamentary Democracy (Special Issue on Delegation), 79 (2002).

[2] Georg Vanberg, The politics of constitutional review in Germany, 25 (2005).

[3]Donald P.Kommers and Russell A.Miller, The constitutional jurisprudence of the Federal Republic of Germany, 25-29 , (3rd ed. 2012).

[4] Almaniya Federativ Konstitusiya Məhkəməsi qanunu, maddə 2.1 (1951).

[5] Yenə orada, maddə 5.

[6] Almaniya Konstitusiyası, maddə 94.1.

[7] Ralf Rogowski and Thomas Gawron, Constitutional courts in comparison: The US Supreme Court and the German Federal Constitutional Court, 56 (2002).

[8] Yuxarıda istinad 4, Maddə 5.

[9] Yuxarıda istinad 7, 239.

[10] Yuxarıda istinad 4, maddə 13.

[11] Almaniya Federativ Konstitusiya Məhkəməsi hakimləri üçün Davranış Kodeksi, maddə 3.


Müəllif: Mirkənan Mahmudov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.