Giriş
I. İxtisaslaşdırılmış arbitraj nədir?
II. İxtisaslaşdırılmış arbitrajın müsbət və mənfi cəhətləri
Nəticə

GİRİŞ

Hüquq ədəbiyyatında mübahisələrin həll edilməsinin ən səmərəli üsullarından biri olan arbitrajın müxtəlif növləri göstərilir. Qüvvədə olma müddətinə görə onun iki növü fərqləndirilir:[1]

  • konkret mübahisəni həll etmək üçün yaradılan ad hoc arbitrajlar;
  • daimi fəaliyyət göstərən arbitrajlar.

Ad hoc arbitraj daimi fəaliyyət göstərmir, elə buna görə də bəzi ədəbiyyatlarda birdəfəlik arbitraj da adlandırılır[2]. Arbitraj konkret işi həll etmək üçün yaradılır, arbitrlar təyin olunur və proses bitdikdə arbitrajın fəaliyyətinə xitam verilir.

Ad hoc arbitrajdan fərqli olaraq daimi fəaliyyət göstərən arbitrajlar (ing. “institutional arbitrations”) konkret işə baxmaq üçün birdəfəlik yaradılmır. Bu növ arbitrajlar reqlament, nizamnamə və s. əsasında fəaliyyət göstərir. Daimi fəaliyyət göstərən arbitrajlar birjalarda, ticarət palatalarının yanında, sahibkar assosiasiyalarında və s. yaradıla bilər.[3] Hal-hazırda 100-dən çox daimi fəaliyyət göstərən arbitraj mövcuddur. Tərəflər istənilən mübahisənin həll edilməsi üçün daimi arbitraja müraciət edə bilərlər. Tərəflərə, həmçinin, arbitraj tərəfindən müəyyən olunan arbitrların siyahısından seçim etmək şansı da verilir.

Müxtəlif dövlətlərə nəzər salsaq, arbitrajın hər iki növünə münasibətin eyni olmadığını, hətta bəzi ölkələrdə birinə digərinə nisbətdə üstünlük verildiyini görmək olar. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi arbitraj idarəsi tərəfindən idarə olunmasından asılı olmayaraq hər bir arbitraj qanuni hesab olunur.[4] Eyni müddəaya London Beynəlxalq Arbitraj Məhkəməsi haqqında reqlamentdə də rast gəlmək olar.[5]

I. İXTİSASLAŞDIRILMIŞ ARBİTRAJ NƏDİR?

Daimi fəaliyyət göstərən arbitrajın 2 növü fərqləndirilir:

  • Ümumi səlahiyyətli daimi fəaliyyət göstərən arbitrajlar;
  • Xüsusi səlahiyyətli ixtisaslaşdırılmış arbitrajlar.

Ümumi səlahiyyətli arbitrajlarda istənilən iqtisadi mübahisəyə baxıla bilər. Bu növ arbitrajlarda tərəflər kommersiya hüququnun istənilən mövzusunda arbitraja müraciət edə bilərlər.[6]

Xüsusi səlahiyyətli ixtisaslaşdırılmış arbitrajlar isə yalnız konkret müəyyən sahə üzrə mübahisələrə baxır. Bu növ arbitrajlar əmtəələrin alqı-satqısı, işlərin yerinə yetirilməsi, sığorta, investisiya, elmi-texniki mübadilə, birgə sahibkarlıq və s. münasibətlər üzrə ixtisaslaşa bilər.[7] Hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən dünyaca məşhur ixtisaslaşdırılmış arbitrajlar mövcuddur.[8] (Çin beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası, İnvestisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz, Gürcüstan Sənaye-Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, London Dəniz Arbitraj Assosiasiyası və s.)

II. İXTİSASLAŞDIRILMIŞ ARBİTRAJIN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Məlum olduğu kimi ixtisaslaşdırılmış arbitrajlar konkret müəyyən olunmuş hüquqi mübahisələri həll etmək üçün fəaliyyət göstərdiyinə görə tərəflər seçim edərkən bu növ arbitraja daha çox üstünlük verirlər.[9] Bundan əlavə sözügedən arbitrajın müəyyən etdiyi qaydaların praktikada daha yaxşı işlədiyi sübut olunmuşdur.[10] Eyni zamanda bu arbitraj formasının üstünlüklərindən biri də hüquqda və ixtisaslaşdığı sahədə olan yeniliklərə, beynəlxalq arbitraj prosesləri ilə bağlı son məlumatlara malik olub onu öz işlərində tətbiq etməsidir.[11] İxtisaslaşdırılmış arbitraj qurumu konkret münasibət üzrə icraatı apara biləcək ixtisaslı arbitraj tərkibinə malik olur və prosesdə qeyri-peşəkarlıq halını minimuma endirir.[12]

Sözügedən arbitrajın bir neçə mənfi cəhəti də var. İxtisaslaşdırılmış arbitrajların inzibati xərclərinin, arbitrlardan əlavə prosesdə iştirak edən digər nümayəndələrin xərclərinin digər arbitrajlara nisbətdə daha çox olması tərəflər üçün əksər hallarda əlverişli olmur.

NƏTİCƏ

Ümumiyyətlə, icraatına görə fərqləndirilən ad hoc və daimi fəaliyyət göstərən arbitrajları müqayisə etdikdə sonuncunun daha səmərəli olduğu və müraciət sayının ad hoc arbitrajına nisbətdə daha çox olduğunu görürük. Daimi fəaliyyət göstərən arbitrajların fərqləndirilməsində isə xüsusi səlahiyyətli ixtisaslaşdırılmış arbitrajlara üstünlük verilir. İxtisaslaşdırılmış arbitrajlarda həll edilə bilən mübahisələrin konkret həddi müəyyən olunduğu üçün arbitrların peşəkarlıq səviyyəsi daha üstün hesab oluna bilər. Müasir dövrdə ixtisaslaşmış arbitraj orqanları ümumi səlahiyyətli arbitraj orqanlarına nisbətdə üstünlük təşkil edir. İxtisaslaşdırılmış arbitrajlarda işə baxan arbitrların mübahisə predmetinin aid olduğu sahə üzrə professional bilik və bacarıqlara sahib olması tərəfləri bu arbitrajlara cəlb edən əsas məqamlardandır.


İstinadlar:

[1] Sahib Allahverdiyev, Azərbaycan Respublikasının Beynəlxalq Xüsusi hüquq kursu, 344 (2007).

[2] Yenə orada, 345.

[3] Gary Born, International Commercial Arbitration, 4 (2016).

[4] “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 2 (1999).

[5] LCIA Arbitration Rules, art. 5 (2014).

[6] Zavər Qafarov, Ataxan Əbilov, Beynəlxalq xüsusi hüquq, 290 (2010).

[7] Yenə orada, 291.

[8] Vidadi Mirkamal, Beynəlxalq Arbitraj Prosesi, 52 (2011).

[9] Yenə orada, 52.

[10] Yenə orada, 53.

[11] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §1.149 (6th ed., 2009).

[12] Yenə orada, §1.151.


Müəllif: Səbinə Sarıyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.