Giriş
I. Arbitraj prosesinə süni intellektin inteqrasiyası özünü necə büruzə verir?
II. Süni intellektdən istifadəyə imkan verən üstünlüklər və çatışmazlıqlar
III. Beynəlxalq Arbitraj qərarlarının nəşr edilməməsinin süni intellektin tətbiqinə təsiri
Nəticə

  GİRİŞ

Müasir dövrdə mübahisələrin alternativ həlli yolu kimi arbitrajın rolu daim inkişaf etməkdədir. Mübahisələrin həlli yollarının tapılması prosesinə tərəflərin cəlb edilməsi nəticəyə çatmağa birbaşa və effektiv olaraq kömək edir, mübahisəni daim mübahisə tərəfləri üçün daha maraqlı və əlverişli edir. Elə bütün bunlara görə, bir mənalı olaraq bu yaradılmış mexanizmin məhkəmələrin işini xeyli miqdarda yüngülləşdirdiyini deyə bilərik. Son dövrlərdə arbitraj prosesində mübahisələrin həlli üçün növbəti effektiv və davamlı addım süni intellektin bu prosesə cəlb edilməsində görülür. Bu bloq yazısında süni intellekti arbitraj prosesinə uyğunlaşdıraraq daha effektiv və sürətli həll mexanizminin yaradılmasından, onun təsirlərindən bəhs etməyə çalışacağam.

I. ARBİTRAJ PROSESİNƏ SÜNİ İNTELLEKTİN İNTEQRASİYASI ÖZÜNÜ NECƏ BÜRUZƏ VERİR?

İnsanların artıq müəyyən bir dövrdən başlayaraq öz fəaliyyətlərinin müxtəlif sahələrində, o cümlədən idarəçilikdə, yeni-yeni texniki sistemlərin layihələşdirilməsində və qurulmasında kütləvi şəkildə süni intellektdən istifadəyə üstünlük vermələri və eyni zamanda bunun üçün müxtəlif planlar həyata keçirmələri süni intellektual sistemlər sənayesinin yaradılmasına gətirib çıxarmışdır. Bəs arbitraj prosesinə süni intellektin tətbiqi dedikdə nələr nəzərdə tutulur? Arbitraj prosesində süni intellektdən normalda yalnız insan ağlı tələb edəcək məsələlərin, yəni idrak, nitq tanıma, qərarvermə, dillərin tərcümə edilməsi, axtarış etmə və s. keyfiyyətlərin kompüter sistemləri tərəfindən həyata keçirilməsini təmin edən konsepsiya kimi baxılır.[1] Əslində tarix boyu kompüterlərin fəaliyyətinə nəzər yetirsək, bu kimi tapşırıqların onlar tərəfindən daha sürətli və davamlı edildiyinin şahidi oluruq. Arbitraj prosesində süni intellektə əsaslanan iki əsas texnikaya nəzər sala bilərik. Bunlar təbii dil tətbiqi (natural language processing) və avtomatik öyrənmədir (machine learning). Təbii dil tətbiqi- bu texnika, bir qayda olaraq, kompüterlərlə insan dili arasında əlaqə kimi başa düşülür və əsas funksiyası təbii dildə olan məlumatları analiz etmək və üzərində işləməklə onları insanların başa düşə biləcəyi şəkildə proqramlaşdırmaqdır.[2]Avtomatik öyrənmə elə bir sistemdir ki, o əvvəlki təcrübələrə müraciət edir, avtomatik olaraq məlumatları aşkarlayır və daha sonra bu cür məsələlər üçün istifadə edir, burada əsas məsələ məlumat bazasına rahat girişin təmin edilməsidir.[3]

Hazırda bir çox ölkələr praktikada müxtəlif xərcləri azaltmaq və daha effektiv arbitraj prosesini təmin etmək üçün bu kimi texnologiyalardan istifadə edirlər. Nitq tanıma, interpretasiya, transkripsiya, tərcümə və s. bu qəbildən olan bir çox funksiyalar süni intellektin gücünə əsaslanaraq effektiv şəkildə məsələləri həll edir.[4]
Ümumi olaraq süni intellektin arbitraj prosesində uğurlu olması onun toplanmış məlumat bazasından və texnologiyaya daxil edilmiş alqoritmlərdən asılı olur. Bu məlumatların hər birində əvvəlki illərdə baş tutan arbitraj prosesi və prosesi əhatə edən hər incə detal əks olunur. Məsələn: tərəflər haqqında məlumatlar, ekspertlər, arbitrlar, arbitraj prosesinin gedişi, faktlar, sübutlar, prosesin nəticələri və s.

II. SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ ZAMANI ÜSTÜNLÜKLƏR VƏ ÇATIŞMAZLIQLAR

Süni intellektdən istifadənin kökündə duran başlıca məqsəd yersiz vaxt itkisinə və pula qənaət etməkdir. Elə arbitraj prosesində də bu siyasət davam etdirilir, belə ki, bir çox hüquqşünasları özünə cəlb edən, uzun müddət və xeyli miqdarda xərclər tələb edən proseslərdə sırf süni intellektdən istifadə nəticəsində həm tez bir zamanda nəticə əldə edilir, həm də daha az xərc çəkilmiş olur. Proses zamanı texnologiya öz məlumat bazalarına əsaslanaraq arbitraj işinin həlli haqqında müəyyən fikirlərə, öngörüşlərə yiyələnir və onları ifadə edə bilir. Proses zamanı hazır arbitraj qərarı şablonlarından istifadə edilməsi və arbitrların insanlar tərəfindən uzun müzakirələrdən sonra deyil, məhz robotlar vasitəsilə seçilməsi süni intellekti əlverişli edən hallardandır. Bu da süni intellektdən istifadəni daha operativ hala gətirir. Süni intellektdən istifadənin insan zəkasından üstün tutulmasına əsas verən hallardan biri də bu kimi texnologiyaların insanlara xas olan bir çox hiss və emosiyalara malik olmamasıdır.[5] Belə ki, arbitrajda qərarın nahar fasiləsindən əvvəl, yaxud da sonra verilməsi qərarın çıxarılmasına təsir edə bilir.[6]
Bir çox hallarda isə süni intellektin insanlardan fərqli olaraq öz ağıl və məntiqinə görə deyil, məlumat bazasında yerləşdirilən əvvəlki və bu işə uyğun gələn praktikaya əsaslanaraq qərar qəbul etməsi onun zəif nöqtəsi kimi də hesab edilir. Belə ki, bu halda qərar qanuni qəbul edilmiş ola bilər, amma digər zəruri sayıla biləcək faktlar nəzərə alınmadığı üçün ədalətli olmaya bilər. Digər çox vacib məsələ süni intellektin ictimai fikrin təsiri altına düşməməsidir. Süni intellektdən istifadənin ən böyük problemi həll edilmiş işdən nə üçün bu nəticəyə gəldiyini izah edə bilməməsidir.[7] Bununla əlaqədar olaraq tərəfə nə üçün məğlub olduğu da əsaslandırılmır.

III. BEYNƏLXALQ ARBİTRAJ QƏRARLARININ NƏŞR EDİLMƏMƏSİNİN SÜNİ İNTELLEKTİN TƏTBİQİNƏ TƏSİRİ

Süni intellekt arbitraj probleminin mümkün nəticəsinin nə olduğu haqqında, ziyanların, xərclərin nə olacağı haqqında və s. barəsində müəyyən fikirlər irəli sürdüyü üçün arbitraj qərarı haqqındakı qeyri-müəyyənliyi azaltmış olur.[8] Amma kommersiya məsələlərində arbitraj qərarlarının rəsmi olaraq nəşr edilməməsi süni intellektdən istifadənin effektivliyini azaldır.[9] Bir çox qərarlar arbitraj prosesinə aid bəzi informasiyaları özündə əks etdirərək nəşr olunur, bəziləri isə konfidensiallıq prinsipinə əsaslanaraq, ümumiyyətlə, nəşr edilmir. Beynəlxalq Arbitraj Məhkəməsi(İnternational Court of Arbitration) təcrübəsində arbitraj qərarlarını qısa icmal şəklində nəşr etdirir, lakin müəyyən məlumatlar yenə də ordan istisna edilərək çıxarılır.[10] Məsələn: tərəflərin, arbitrların, ekspertlərin adları, qərarvermə prosesi və s. Bütün bu kimi materialların vahid bazalarda yerləşdirilə bilinməməsi süni intellektdən istifadə sahəsində yersiz vaxt itkisinə səbəb olur, prosesi daha da bahalaşdırır. Ümumilikdə isə bu kimi problemlər süni intellektdən istifadənin əsas ideyasının zədələnməsinə səbəb olur.

NƏTİCƏ

Göründüyü kimi hazırkı dövrdə arbitraj prosesində süni intellektdən istifadə geniş surətdə yayılmış və tədricən tətbiq olunmaqdadır. Bir sıra maneələrin və tətbiqdə əskikliklərin olmasına baxmayaraq texnologiya inqilabının baş verdiyi dünyamızda yaxın gələcəkdə süni intellektin arbitraj prosesini bütünlükdə həyata keçirməsi, arbitraj prosesinin süni intellekt vasitəsilə həll yolu tapması qaçılmaz kimi görünür.


[1] Maxi Scherer, International Arbitration 3.0 – How Artificial Intelligence Will Change Dispute Resolution, Austrian Yearbook of International Arbitration 503, 504 (2019): Bax Oxford Living Dictionaries, https://en.oxforddictionaries.com/definition/artificial_ intelligence (last visited: January 7, 2019).

[2] Thomas R. Snider, Artificial Intelligence and International Arbitration: Going Beyond E-mail, 1(2018).

[3] Yenə orada.

[4] Yenə orada, 2.

[5] Yuxarıda istinad 1, 510.

[6] Yenə orada.

[7] Yenə orada, 512.

[8] Kathleen Paisley, Edna Sussman, “Artificial Intelligence Challenges and Opportunities for International Arbitration”, 11 NYSBA New York Dispute Resolution Lawyer, 35, 36 (2018).

[9] Yenə orada, 37.

[10] Yenə orada.


Müəllif: Zeynəb Hüseynova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.