Giriş

I. İlkin arbitraj təcrübələri

II. Müasir dövrdə beynəlxalq arbitraj

Nəticə

GİRİŞ

Beynəlxalq arbitraj (bundan sonra “Arbitraj”) ticarət, kommersiya və investisiya sahələrində mübahisəli məsələlərin məhkəmədən kənar alternativ həlli üsullarından biridir.[1] Belə ki, mübahisə tərəfləri müəyyən bir məsələnin həlli üçün ortaq razılığa gələrək arbitraja müraciət edir, bununla da, arbitr tərəfindən verilən qərarların məcburi xarakter daşıdığını qəbul edirlər.[2] Arbitraja bu formada müraciət müasir dövrə xas olsa da, onun inkişaf prosesi daha əvvələ təsadüf edir. Bu bloq yazısında arbitrajın tarixindən, formalaşmasında əhəmiyyətli rol oynayan rəsmi sənədlərdən, həmçinin yerli qanunvericiliyin arbitraj sahəsindəki inkişafından bəhs ediləcəkdir.

I. İlkin arbitraj təcrübələri

Arbitrajın tarixi və yaranması barəsində ilkin məlumatlara yunan mifologiyasında rast gəlinir.[3] Belə ki, mifologiyaya görə yunan ilahları aralarındakı mübahisəni həll etmək üçün arbitr hesab edilən “Krallıq çobanı” – Parisə müraciət etmişdirlər.[4] Həmçinin arbitrajdan həm qədim, həm də ellinistik dövrdə[5] Makedoniyada[6] ərazi, yunan və Finikiya tacirləri arasında isə kommersiya mübahisələrinin həlli zamanı istifadə olunmuşdur.[7] İncildə isə Yəhudi Krallığının üçüncü kralı Solomon ilk arbitr kimi göstərilmişdir.[8]

İlk real beynəlxalq arbitraj təcrübəsinə nümunə kimi eradan əvvəl 7-ci əsrdə Yunanıstandakı ərazi mübahisəsini göstərmək olar.[9] Həmin işdə Andros və Chalcis şəhər-dövlətləri aralarındakı münaqişənin sülh yolu ilə həll edilməsi üçün qərar qəbul etmək vəzifəsini Paros, Samos və Eritreya əhalisinə vermişdirlər.[10]

Orta əsrlərdə bir sıra ölkələrin təcrübəsində isə daimi arbitraj anlayışına rast gəlinir. Belə ki, alman əsilli ölkələr kimi İsveçrə kantonları da müttəfiqlik müqaviləsi bağlayan zaman şərtlərə “clause compromissoire”, yəni arbitraj müddəasını əlavə edirdilər.[11] Əlavə olaraq, orta əsrlər İtaliyasında da arbitaj bəndi bir sıra sülh müqavilələrinin ayrılmaz tərkib hissəsi olmuşdur.[12]

II. Müasir dövrdə beynəlxalq arbitraj

Müasir dövrdə geniş istifadə olunan arbitraj təcrübəsi qədim və orta dövrlərin əksinə sonralar qəbul edilən rəsmi sənədlərlə təkmilləşdirilmişdir. Belə ki, beynəlxalq arbitrajın inkişafı 1794-cü ildə ABŞ və Böyük Britaniya arasında Amerika İnqilabından irəli gələn mübahisələri həll etmək üçün bağlanmış Çey (Jay) müqaviləsi ilə əlaqəlidir.[13] Bu müqavilə, həmçinin 1871-ci il Vaşinqton müqaviləsində qeyd olunan “Alabama iddiaları” üzrə arbitrajda da model rolunu oynamışdır.[14] Qeyd etmək lazımdır ki, həmin iddialar ABŞ Vətəndaş müharibəsi zamanı Britaniyanın öz neytrallığını qoruya bilməməsi və ABŞ-ın Britaniyadan dəyən zərərə görə təzminat tələb etməsi ilə bağlı olmuşdur. Nəticədə, dövlətlər arasındakı münasibətləri tənzimləmək üçün tərəflər ortaq razılığa gəlmiş və Britaniya təzminatı ödəmişdir.[15]

 Arbitraj institutunun universal səciyyə daşımağa başlaması isə 1899-cu ildəki Haaqa Konfransında qəbul edilmiş eyniadlı konvensiya ilə bağlıdır.[16] Belə ki, Haaqa Konvensiyasına əsasən mübahisə tərəflərinin istədikləri arbitrı seçməsi üçün hüquqşünas heyətindən ibarət Daimi Arbitraj Məhkəməsi mövcuddur. Burada 1902-1932-ci illər ərzində iyirmi məhkəmə işinə baxılsa da, bu statistika 1922-ci ildə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin yaradılmasından sonra kəskin şəkildə azaldı. Daha sonra 1923-cü ildə əsası qoyulmuş, ilkin məqsədi dövlətlərarası mübahisələri həll etmək olan Beynəlxalq Arbitraj Məhkəməsi növbəti illərdə fiziki və hüquqi şəxslərdən gələn şikayətlərə baxmağa qərar verərək fəaliyyət dairəsini genişləndirmişdir. Qeyd olunmalıdır ki, XXI əsrin əvvəllərində Beynəlxalq Arbitraj Məhkəməsinin baxdığı işlərin sayı on mini keçmişdir.[17]

Arbitraj qərarlarının beynəlxalq səviyyədə tanınması və tətbiqi də 20-ci əsrə təsadüf edir. Belə ki, 1958-ci ildə BMT tərəfindən qəbul edilmiş Nyu-York Konvensiyasına əsasən bu konvensiyaya tərəf olan 160-dan çox ölkənin ərazisindəki arbitraj sazişlərinin tanınması və qəbul edilmiş qərarların icrası mexanizmi təmin edilmişdir.[18] Bundan əlavə, 1976-cı ildə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) “Model Qanun”-u qəbul edərək beynəlxalq kommersiya arbitrajlarında tətbiq oluna bilən qaydalar toplusu yaratmışdır.[19] Bu Qanunda arbitraj müqaviləsi, arbitraj tribunallarının tərkibi və yurisdiksiyası, o cümlədən arbitraj qərarının məcburiliyi və tanınması prosesi ilə bağlı bütün mərhələlər əhatə olunmuşdur.[20] Həmçinin bu, müxtəlif regionlardan olan dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq arbitraj təcrübələrinin əsas əlamətlərini özündə əks etdirir.[21]

Azərbaycan Respublikasının qanunvericiliyində isə beynəlxalq arbitrajla bağlı məsələlər ilk dəfə “Beynəlxalq arbitraj haqqında” 1999-cu il tarixli Qanunun qəbul edilməsi ilə tənzimlənmişdir. Bununla belə, müvafiq Qanunun müddəaları (8, 9, 35 və 36-cı maddələri istisna olmaqla) arbitraj yerinin yalnız Azərbaycan Respublikasında olduğu halda tətbiq edilir. AR arbitrajla bağlı məsələləri tənzimləyən bir sıra beynəlxalq aktlara qoşulmuşdur. Belə ki, Azərbaycan 1966-cı il Vaşinqton Konvensiyasının, 1961-ci il “Beynəlxalq Kommersiya Arbitrajı haqqında” Avropa Konvensiyasının və 1999-cu il “Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası haqqında” Nyu-York Konvensiyasının üzvüdür.[22] Göründüyü kimi, yerli qanunvericilikdə arbitrajın inkişafı qədim tarixə malik deyil, müasir dövrdə davam etməkdədir.

NƏTİCƏ

Nəticədə, mübahisələrin digər alternativ həll yolları kimi beynəlxalq arbitraj da uzun inkişaf yolu keçmişdir. Qədim dövrdən müraciət edilən arbitrajın müasir dövrdə beynəlxalq sferada tətbiqi müxtəlif tarixi sənədlərlə tənzimlənmiş və yerli qanunvericilikdə də bu istiqamət üzrə müəyyən addımlar atılmışdır. Növbəti illərdə isə bu sahədə daha spesifik beynəlxalq aktların qəbulu və yerli qanunvericiliklərin dövrün tələblərinə uyğun təkmilləşdirilməsi labüddür.

İstinadlar:

[1]Nigel Blackaby, Constantine Partasides, Alan Redfern, J. Martin H. Hunter, An Overview of International Arbitration, 1 (2009).

[2] Yenə orada.

[3] Daniel Centner, Megan Ford, A Brief Primer on the History of Arbitration (2019).

[4] Yenə orada.

[5] Makedoniyalı İskəndərin e.ə 323-cü ildə vəfatı ilə e.ə 31-ci ildə Romada Avqustun yüksəlməsi aralığındakı dövr.

[6] Summer Trentin and Debby Sneed, The Hellinistic-Period-Cultural and Historical Overview (2018).

[7] Yenə orada.

[8] Grace Xavier, Evolution of Arbitration as A Legal Institutional And The Inherent Powers of the Court, 3ASLI Working Paper, 1 (2009).

[9] Henry S. Fraser, Sketch of the History of International Arbitration, 9 Cornell Law Review 179, 186 (1926).

[10] Yenə orada.

[11] Yenə orada.

[12] Yenə orada.

[13] International Arbitration (2023) https://www.britannica.com/topic/arbitration/International-arbitration (son baxış 16 mart 2023).

[14] Yenə orada.

[15] Yenə orada.

[16] Yenə orada.

[17] Yenə orada.

[18] Yuxarıda istinad 4.

[19] Yenə orada.

[20] UN, UNCITRAL Model Law on International Commercial Arbitration (1985), with amendments as adopted in 2006.

[21] Yenə orada.

[22] Sona Taghiyeva, Kamil Valiyev, Azerbaijan – Arbitration Law and Practice in the Middle East, 1 (2020).

Müəllif: Xədicə Mehdiyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs