Giriş

I. Onlayn mediasiya sənəti

II. Onlayn mediasiya tərəflərə nə vəd edir?

III. Onlayn mediasiyada məhdudiyyətlər və risklər

Nəticə

GİRİŞ

Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mübahisələrin alternativ həll üsullarının rəqəmsallaşdırılması zərurəti yaranmışdır. Beləliklə, tərəflər arasında mübahisələrin həllini asanlaşdırmaq üçün alternativ həlli yollarından biri olan mediasiyanın onlayn tətbiqi zərurəti olmuşdur. Onlayn mediasiyanın ənənəvi üsullarla müqayisədə çoxsaylı üstünlüklər təklif edir. Bu bloq yazısında məhz həmin üstünlüklərdən, onlayn mediasiyanın çatışmayan cəhətlərindən və əlaqəli digər məsələlərdən bəhs ediləcəkdir.

I. Onlayn mediasiya sənəti

Mübahisələrin uzaq məsafədən həlli üsulunun ortaya çıxması bu prosesin həyata keçirilməsi üçün hüquqi mexanizmin yaradılmasını zəruri etmişdir. Onlayn mediasiya ilə bağlı məsələlər Onlayn Mübahisələrin Həlli (ODR) Proqramına (bundan sonra “Proqram”) əsasən tənzimlənir. Belə ki, 90-cı illərin sonunda Proqram ilə bağlı bir neçə konfrans və XXI əsrin əvvəllərində isə Beynəlxalq ODR Forumu keçirildi.[1] İlkin eksperimentlər nəticəsində ODR-in ilk pilot layihəsi eBay vasitəsilə yaradıldı.[2] Bu sahədəki 20 illik təcrübə ODR-in Onlayn Mübahisələrin Alternativ Həll Üsulundan (Online ADR) daha çox onlayn versiyalara köçürülmüş bankçılıq, təhsil və digər sahələrlə oxşar mexanizmlərə malik olduğunu sübut etdi.[3] Belə ki, ODR bizneslərarası və ya biznes-alıcı mübahisələrinə tətbiq edilsə də, ölkə sərhədlərindən kənarda həyata keçirilən aşağı məbləğli kommersiya əməliyyatlarında daha uğurludur.[4]

Təsəvvür edin ki, şirkətlər arasında hər hansı səbəbdən mübahisə yaranmışdır. Bu zaman mübahisənin həlli üçün tərəflər mediasiyaya müraciət edirlər və mübahisəni müxtəlif səbəblərə görə üz-üzə həll edə bilmədikləri üçün onlayn mediasiya üsulunu seçirlər. Belə ki, şirkətlər, əsasən, predmeti yüksək dəyərə malik  olan və tərəfləri uzaq məsafələrdə yaşayan mübahisələrin həlli üçün onlayn mediasiyaya üstünlük verirlər, hətta artıq bu üsulun eyni ərazidə yaşayan şəxslərə də tətbiqi genişlənməkdədir.[5]

Bəs əhatə dairəsi getdikcə genişlənən onlayn mediasiya hansı metodlarla həyata keçirilə bilər? Belə ki, onlayn mediasiyanın bütün sessiyaları virtual həyata keçirilir və onların təşkili üçün istənilən növ texnologiyalardan istifadə oluna bilər.[6] Tərəflər, əsasən, prosesin elektron poçt və telefonla təşkilinə üstünlük verirlər, video konfranslar və canlı yazışma çatlarından isə daha az istifadə olunur.[7] Əksər hallarda isə audiovizual metodların kombinasiyasına müraciət edilir. Bu zaman tərəflər bir-birlərini görür və fikirlərini birbaşa ifadə edirlər. Praktikada tərəflərdən birinin qarşı tərəfə video göndərməsi və ondan eyni üsulla cavab gözləmək metoduna da rast gəlinməsinə baxmayaraq, tərəflərin birbaşa əlaqədə olduğu hallar daha uğurlu alınır.[8] Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, onlayn mediasiya tərəflər və mediator arasında effektiv kommunikasiya qurmağı təmin etməli, mübahisənin həlli üçün əlverişli mühit yaratmalıdır.

II. Onlayn mediasiya tərəflərə nə vəd edir?

Mübahisələrin həlli zamanı informasiya texnologiyalarından istifadə edənlərin say statistikası müxtəlif üstünlüklərə görə getdikcə artmaqdadır. Bunun səbəbi praktikada mediasiya prosesinin onlayn təşkilində gəlirlərin maksimum, xərclərin isə minimum olmasıdır.[9] Bəs bu cür məqsədə nail olmaq tərəflər üçün hansı üstünlüklər vəd edir? Bunlara aşağıdakıları aid etmək olar:

1. Vaxta qənaət – İnternet vasitələrindən istifadə mübahisələrin həlli prosesini daha da sürətləndirir. Bunun səbəbi onlayn sessiyaların günün istənilən vaxtında təşkil oluna bilməsidir.[10]

2. Əlverişlilik – Bəzi mütəxəssislər düşünürlər ki, onlayn vasitələr tərəflər üçün bir-birilərinə mesaj göndərməmişdən əvvəl ən düzgün cavabı hazırlamaq imkanı yaradır.[11] Çünki bu halda onların düşünməsi və daha tutarlı cavablar verməsi üçün zamanı olur.

3. Xərclərin az olması – Onlayn mediasiya prosesi zamanı bir yerdən başqa yerə getməyə, nəqliyyat və yerləşmə xərclərinə ehtiyac olmur. Məhz bu da onlayn mediasiya zamanı mümkün digər xərcləri azaldır.[12]

4. Nəticələr üzərində nəzarət – Mediasiyanın onlayn təşkili tərəflər üçün mübahisənin nəticələri üzərində daha çox nəzarət etmək imkanı yaradır.[13] Tərəflər könüllü olaraq razılığa gəldikləri halda həmin qərara əməl etmə ehtimalı bir hakimin qəbul edəcəyi qərarın tətbiqinə nisbətdə daha yüksək olacaqdır, çünki ikinci halda çox vaxt bir tərəf qərardan narazı qalacaq.

                        III. Onlayn mediasiyada məhdudiyyətlər və risklər

Texnologiyaların tətbiqinin əksər sahələrdə insanlara böyük üstünlüklər vəd etməsinə baxmayaraq, onlar öncədən rastlanmayan problemləri də özləri ilə bərabər gətirirlər. Onlayn mediasiyanın mənfi cəhətlərinə aşağıdakıları aid etmək olar:

1. Canlı ünsiyyətin olmaması – Məlumdur ki, jest, mimika və səs tonu ünsiyyətin mühüm komponentlərindəndir. Mediasiyanın uğurlu olmasının əsas səbəbi məhz ünsiyyətin düzgün formada qurulmasıdır. Onlayn formatda aparılan prosesdə, əsasən, danışıqlar üz-üzə aparılmadığı və yazılı üsulla təşkil olunduğu üçün müəyyən anlaşılmazlıqlara səbəb ola bilər.[14]

2. Texnoloji problemlər – Əgər tərəflərdən birinin kompüter bacarıqları yoxdursa, bu, mediasiya prosesində tərəflərin iştirakını müəyyən qədər çətinləşdirə bilər.[15] Həmçinin nəzərə almaq lazımdır ki, hər ölkədə texnologiyaların tətbiq səviyyəsi bir-birindən müəyyən dərəcədə fərqlənir.

3. İctimai çıxışın itirilməsi Mediasiya zamanı tərəflərə məxsus elə məlumatlara istinad edilir ki, onların hamı tərəfindən bilinməsi şəxsin reputasiyasına mənfi təsir göstərə bilər.[16] Bu baxımdan bütün hallarda konfidensiallığın qorunması vacibdir.

4. Daha çox vaxt sərf olunması – Ümumiyyətlə, mübahisələrin alternativ həlli yollarına vaxt itkisinin qarşısını almaq üçün üstünlük verilsə də, onlayn mediasiyanın sinxron yazı üzərindən aparılması ikiqat vaxt tələb edir.[17] Hər dəfə qarşı tərəfin mesajı cavablandırmasını gözləmək prosesə sərf olunan müddəti artırır.

Nəticə

Son dövrlərdə yuxarıda qeyd olunan üstünlüklər nəzərə alınaraq əksər mübahisələrin həllində onlayn mediasiyanın tətbiqinə yer verilir. Bununla yanaşı, bu proses zamanı qeyd olunan mənfi cəhətlər də nəzərə alınmalıdır. Qlobal pandemiya şəraitində əhalinin sağlamlığının qorunması məqsədilə canlı görüşlərin sayının azaldılması, həmçinin tərəflərin könüllü şəkildə ənənəvi üsuldan imtina etməsi onlayn mediasiya praktikasını daha da genişləndirmişdir. Nəticə olaraq, onlayn mediasiya mübahisələrin həlli üçün vacib vasitəyə çevrilmişdir və gələcək illərdə də onun əhəmiyyətinin artacağı istisna edilmir.


[1] Ethan Katsh, Colin Rule, What We Know and Need to Know about Online Dispute Resolution, 67 South Carolina Law Review 329, 329 (2016).

[2] Yenə orada.

[3] Yenə orada, 330.

[4] UNCITRAL Technical Notes on Online Mediation (ODR), bölmə 4, mad. 22.

[5] Using E-Mediation and Online Mediation Techniques for Conflict Resolution (2023), https://www.pon.harvard.edu/daily/mediation/dispute-resolution-using-online-mediation/ (son baxış 9 iyul 2023).

[6] Victor Terekhov, Online Mediation: Game Changer or Much Ado about Nothing?, 3 Access to Justice in Eastern Europe 33, 37 (2019).

[7] Yenə orada.

[8] Yenə orada, 39.

[9] Pablo Cortes, Online Dispute Resolution for Consumers in the European Union, 56 (2011).

[10] Colin Rule, Online Dispute Resolution and the Future of Justice, Journal of Dispute Resolution 2, 56 (2019).

[11] Yenə orada.

[12] Yenə orada.

[13] Yenə orada, 57.

[14] Yenə orada, 57-58.

[15] Yenə orada, 58.

[16] Yenə orada, 58-59.

[17] Andrea M. Braeutigam, Fusses that Fit Online: Online Mediation in Non-Commercial Contexts, 5 Appalachian Journal of Law 275, 275 (2006).

Müəllif: Gülçin Məmmədyarova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.