Giriş

I. Arbitrajı istisna edən hallar və yaranma tarixi

II. Milli qanunvericilik və ictimai qayda arbitrajı istisna edən hallara necə təsir edir?

III. Azərbaycan aspektindən arbitrajı istisna edən hallar

Nəticə

Giriş

Milli və beynəlxalq arbitrajda mübahisə predmetinin arbitraj prosesinə uyğunluğunu müəyyən edən zaman arbitrajda baxıla bilmə ilə yanaşı, arbitrajda baxıla bilməmə məfhumuna da müraciət edilir.[1] Belə ki, arbitrajda baxıla bilmə hansı mübahisələrin arbitrajda həll oluna biləcəyini müəyyən edən meyardır.[2] Vahid hüquqi və ya elmi tərifi olmayan arbitrajda baxıla bilməmə[3] isə ictimai əhəmiyyətli və ya məhkəmə müdafiəsi tələb edən mübahisələri arbitrajın əhatə dairəsindən kənarlaşdıran əsas kriteriyadır.[4] Bu bloq yazısında arbitrajı istisna edən hallar və yaranma tarixi, onun milli qanunvericilik və ictimai qayda ilə əlaqəsi, həmçinin Azərbaycanda bu doktrinanın tətbiqindən bəhs ediləcəkdir.

I. Arbitrajı istisna edən hallar və yaranma tarixi

Arbitrajı istisna edən halların tarixi Qədim Yunanıstana və Romaya uzanan dərin köklərə malikdir.[5] Bununla əlaqədar olaraq hüquq ədəbiyyatında qeyd edilir ki, tarixən bütün qanunvericiliklər arbitrajda baxıla bilən məsələlərə müəyyən məhdudiyyətlər qoymuş və bunlar ölkədən-ölkəyə fərqlənmişdir. Məsələn, müasir arbitraj institutundan fərqli olaraq Qədim Yunanıstanda cinayət əməlindən yaranan mübahisələr arbitrajı istisna edən hallara aid edilmirdi.[6] Zamanla ölkələrin qanunvericilikləri inkişaf etmiş, həmçinin arbitrajın əhatə dairəsi də dəyişmişdir.

Müasir hüquqda bu doktrinanın ortaya çıxması ilə bağlı ilk kazuslardan biri ABŞ Ali Məhkəməsinin 1953-cü il tarixli Wilko v. Swan işidir. Bu işdə Məhkəmə “Qiymətli kağızlar haqqında” Aktın müddəalarının pozulması əsası ilə mübahisə üzrə arbitraj tələbini rədd etmişdir. Belə ki, sözügedən Akt iddiaçıya mübahisənin həlli üçün məkan seçmə hüququ vermişdir, lakin məsələyə dair arbitraj müddəası mübahisənin həlli üçün həmin hüququ ləğv etmişdir. Bu hal isə həmin Aktın 14-cü bölməsinə əsasən yolverilməzdir. Bu səbəbdən də Məhkəmə işin arbitrajda baxıla bilməyəcəyinə qərar vermişdir.[7]

Müasir dövrdə arbitraj qərarlarının tanınması və icrası, həmçinin arbitrajı istisna edən hallar daha nizamlı hal alaraq 1958-ci il Nyu-York Konvensiyası və Beynəlxalq Ticarət Arbitrajı haqqında UNCITRAL Model Qanunu kimi beynəlxalq hüquqi sənədlər ilə tənzimlənməyə başlamışdır. Nyu-York Konvensiyasının II (1) və V (2) (a) maddələrində də bu məsələyə toxunulmuşdur. Belə ki, müvafiq dövlətin qanunvericiliyinə əsasən mübahisənin predmetinə arbitrajda baxıla bilmirsə, dövlət həmin mübahisə ilə bağlı xarici arbitraj qərarının tanınmasından və icrasından imtina edə bilər.[8] UNCITRAL Model Qanununda isə hansı mübahisələrin arbitrajı istisna etdiyini nəzərdə tutan müddəalar yoxdur. Sadəcə bu qanun dövlətlərə öz milli qanunlarına uyğun olaraq mübahisələri arbitrajda baxıla bilən və ya bilməyən kateqoriyalar kimi təyin etməyə imkan verir.[9]

Nəticədə, arbitrajı istisna edən halların əhatə dairəsini müəyyən edən dəqiq beynəlxalq normalar hələ də tam formalaşmamışdır.[10] Ona görə də arbitrajı istisna edən hallar ölkədən-ölkəyə fərqlənir və xüsusilə milli qanunvericiliklə müəyyənləşdirilə bilir.[11]

II. Milli qanunvericilik və ictimai qayda arbitrajı istisna edən hallara necə təsir edir?

Hər bir dövlət öz sosial və iqtisadi siyasətinə,[12] həmçinin qanunvericiliyinə  uyğun olaraq hansı məsələlərin arbitrajda həll edilə bilib-bilməyəcəyini müəyyənləşdirir.[13] Buna əsasən əksər qanunvericiliklərdə cinayət, uşaqların qəyyumluğa götürülməsi, ailə, iflas və əqli mülkiyyət hüququ ilə bağlı məsələlər arbitraj prosesini istisna edən hallara aid edilir.[14] Həmçinin bəzi ölkələrin qanunvericiliklərində patent, əmtəə nişanlarının və s. depoziti və qeydiyyata alınması kimi məhz dövlət orqanlarının səlahiyyətlərinə aid əqli mülkiyyət mübahisələri arbitrajda baxıla bilməyən hallar kimi nəzərə alınır.[15]

Milli qanunvericiliyi ilə yanaşı, hər bir dövlət arbitraj prosesinin əhatə dairəsini müəyyən edərkən başlıca olaraq ictimai qaydanı da nəzərə alır. Belə ki, o, ictimai qaydaya əsasən üçüncü şəxslərin və ya ictimaiyyətin maraqlarını qorumaq üçün bəzi məsələlərdə müstəsna məhkəmə yurisdiksiyasını saxlayır.[16] Bunlarla yanaşı, bu siyasətlə ziddiyyət təşkil edən arbitraj qərarları da müəyyənləşdirilir və icrası rədd edilir.[17] Nyu-York Konvensiyasının V maddəsində qeyd edildiyi kimi, əgər arbitraj qərarı dövlətin ictimai qaydalarına uyğun deyilsə, dövlət həmin arbitraj qərarının tanınma və icrasını rədd edə bilər.[18] Buna görə də dövlətlər bəzi məsələlərin arbitrajda həllinə müsbət baxmır.

Beləliklə, milli qanunvericilikdəki fərqlərdən asılı olmayaraq, ictimai qayda mübahisənin arbitrajı istisna edən hal olub-olmadığını müəyyən etmək üçün istifadə olunan meyarlardan biridir.[19] Bu səbəblə, arbitrajda baxılacaq mübahisənin lex arbitri[20]hüququ ilə yanaşı, qərarın icrasını təmin edəcək dövlətin ictimai qaydasına uyğunluğu da nəzərə alınmalıdır.[21] Nəticədə, hər bir ölkənin qanunvericiliyi və ictimai qaydası bir-birindən müəyyən dərəcədə fərqləndiyindən onların arbitrajı istisna edən hallara baxış bucağı da müxtəlifdir.

III. Azərbaycan aspektindən arbitrajı istisna edən hallar

Başqa ölkələrin qanunvericiliklərində olduğu kimi Azərbaycan qanunvericiliyində də arbitraj tətbiq edilən sahələrə müəyyən məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər bir sıra səbəblərlə bağlı ola bilər: 1) mübahisə predmeti məhkəmənin müstəsna səlahiyyətinə aiddirsə;[22] 2) arbitrajda həll edilməsi birbaşa qadağan edilmişdirsə.[23] Həmçinin milli qanunvericilikdə də arbitrajı istisna edən hallar digər ölkələrlə bənzər şəkildə Nyu-York Konvensiyası və UNCITRAL Model Qanunu kimi beynəlxalq hüquqi sənədlər vasitəsilə tənzimlənir.[24] Belə ki, Azərbaycanda tətbiq ediləcək arbitraj qərarları Konstitusiya və ictimai qaydaya zidd olmamalıdır.[25] Bu məhdudiyyət eynilə xarici ölkələrin arbitraj qərarlarının icrası üçün də keçərlidir.[26]

Milli qanunvericiliyə əsasən kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu, həmçinin üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.[27] Bununla belə, qanunvericilikdə arbitraj tətbiqini istisna edən hallar da mövcuddur. Belə ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, cinayət və inzibati xətalarla bağlı işlər, ailə münasibətlərindən, həmçinin əmək münasibətlərindən irəli gələn mübahisələr arbitrajı istisna edən hallardır. Əlavə olaraq, Azərbaycan qanunvericiliyində vərəsəlik, müflisləşmə və iflasa dair işlər, habelə ətraf mühitin mühafizəsi sahəsində, Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət ilə bağlı yaranan mübahisələr də arbitrajda həll edilə bilməz.[28]

Azərbaycan Respublikasında mübahisələrin arbitrajda həll edilməsi, həmçinin bununla əlaqədar arbitrajı istisna edən halların mövcudluğu yeni təcrübə hesab edilir. Bununla belə, ölkədə arbitrajın beynəlxalq müqavilələr və milli qanunvericiliyə uyğunlaşdırılması müsbət haldır. Bu isə öz növbəsində Azərbaycanda arbitrajı istisna edən halları nizamlayır və onların gələcək arbitraj proseslərində tətbiqini asanlaşdırır.

Nəticə

Xülasə, əsrlər boyu mövcud olan arbitrajda baxıla bilməmə məfhumunun tarixinin öyrənilməsi bu konsepsiyanın zamanla inkişafını və müasir hüquqa təsirini sübut edir. Əlavə olaraq, bu anlayışın ictimai qayda və milli qanunvericiliklə əlaqəsi onun əhatə dairəsini müəyyən etməkdə önəmli rol oynayır. Arbitrajı istisna edən hallar Azərbaycanda da sözügedən faktorların nəzərə alınması ilə təyin edildiyindən bu sahədə tətbiq edilən qanunların beynəlxalq arbitraj qanunlarından çox fərqlənmədiyi nəzərə çarpır. Həmçinin müvafiq yeni qanunların qəbulunun da Azərbaycanın arbitraj sahəsindəki inkişafına təkan verəcəyi güman edilir.


[1] Mohammed Zaheeruddin, The Arbitrability of the Subject Matter of Disputes in Arbitration, 23 Journal of Legal, Ethical and Regulatory Issues 1, 1 (2020).

[2] Yunus Emre Ay, Intellectual Property Disputes and International Arbitration, 58 Zbornik Radova Pravnog Fakulteta Splitu 929, 930 (2021).

[3] K. Spyrydonova, Non-Arbitrability of Disputes: Problems of Definition, 122 Bulletin of Taras Shevchenko National University of Kyiv 84, 88 (2022).

[4] Gary B. Born, International Arbitration: Law and Practice, § 3.02 (2012).

[5] Gary B. Born, International Commercial Arbitration, § 6.01 (3rd ed. 2020).

[6] Yenə orada.

[7] David Horton, Arbitration and Inalienability: A Critique of the Vindication of Rights Doctrine, 60 University of Kansas Law Review 723, 730 (2012).

[8] Born, yuxarıda istinad 5, § 6.02.

[9] Yenə orada.

[10] Yenə orada, § 3.02.

[11] Elena Vladimirovna Koch, Non-Arbitrability: National, International and Transnational Approaches to Define the Matters, 7 European Political and Law Discourse 7, 7-8 (2020).

[12] Zaheeruddin, yuxarıda istinad 1, 2.

[13] Yenə orada, 1.

[14] Yenə orada.

[15] Zheng Sophia Tang, Jurisdiction and Arbitration Agreements in International Commercial Law, 106 (2014).

[16] Toni Deskoski, Vangel Dokovski, Notes on Arbitrability – Focus on Objective Arbitrability, 9 Iustinianus Primus Law Review 1, 10 (2018).

[17] Beata Kozubovska, Trends in Arbitrability, 1 IALS Student Law Review 20, 21 (2014).

[18] United Nations Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, mad. 5.2 (b) (1958).

[19] Tang, yuxarıda istinad 14, 93.

[20] Lex arbitri arbitraj prosesini tənzimləyən qaydalar toplusu kimi müəyyən edilə bilər. Applicable Law to the Proceeding (2022), https://jusmundi.com/en/document/publication/en-applicable-law-to-the-proceeding (son baxış 25 yanvar 2024).

[21] IIias Bantekas, The Foundations of Arbitrability in International Commercial Arbitration, 27 Australian Year Book of International Law 193, 193 (2008).

[22] Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 444 (2000).

[23] “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanun Layihəsi, mad. 13.2 (2023).

[24] Ruslan Mirzəyev, Beynəlxalq Kommersiya Arbitrajında İctimai Qayda: Azərbaycan Perspektivi, 1 Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 1, 84-85 (2015).

[25] Yuxarıda istinad 22, mad. 54.2.2.2.

[26] Yenə orada, mad. 56.1.1.2.

[27] Yenə orada, mad. 13.1.

[28] Yenə orada, mad. 13.2.

Müəllif: İnci Möylamlı, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs.