2025 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində Bakı Dövlət Universitetini təmsil edəcək komandanın seçimi elan olunur.


Müsabiqə haqqında qısaca

Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi hər il 100-ə yaxın ölkədən 700-dən çox hüquq fakültəsinin iştirak etdiyi nüfuzlu müsabiqədir. Müsabiqə Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş əsasında aparılır. Bakı Dövlət Universiteti Müsabiqəyə 2000-ci ildə Azərbaycandan qoşulan ilk universitetlərdən olub. BDU Jessup məzunları da hüquq ictimaiyyətində seçilməkdədirlər. Xüsusən, belə Jessup məzunlarından Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədovu, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və Beynəlxalq Ədalət Məhkəməsindəki cari işlərdə ölkəmizi təmsil edən cənab Elnur Məmmədovu qeyd etmək olar.

Seçimlərə kimlər qatıla bilər

2024/2025-cü tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV, magistr səviyyəsi üzrə I, II kurs-da təhsil alan tələbələr seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər. Universiteti Müsabiqədə təmsil edəcək komanda maksimum beş nəfərdən ibarət olmalıdır. 

Müsabiqə təqvimi

Müsabiqə üzrə hazırlıq bir neçə ay davam edəcək. Hal-hazırda təxmini təqvim aşağıdakı kimidir:

  1. 2024 sentyabr ayına qədər beynəlxalq hüquq və müsabiqə mərhələləri üzrə hazırlıq.
  2. 2024 sentyabrdan 2025 yanvara qədər müsabiqə işi üzrə araşdırma və yazılı təqdimatların hazırlanması.
  3. 2025 yanvar-fevral ayları ərzində milli raundlardakı şifahi raundlar üzrə hazırlıq və iştirak. Milli raundlar müsabiqədə qeydiyyatdan keçmiş yerli hüquq fakültələrini komandalar arasında keçiriləcək.
  4. 2025 martın axırı aprelin əvvəli isə milli raundlarda qalib olan komandanın ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki beynəlxalq raundlarda iştirakı.

BDU seçimləri

Seçim mərhələsi yazılı və şifahi olmaqla iki mərhələni əhatə edəcəkdir. Seçimlərdə iştirak etmək istəyən tələbələr aşağıda qeyd olunan növbəti ilin müsabiqə mövzularından hər hansı biri haqqında esse-yazılarını qeydiyyat formu vasitəsilə 5 may 2024-cü il saat 20:00-a qədər təqdim etməlidirlər (ingilis dilində və istinadlar xaric maksimum 1000 söz):

(a)   The rights and obligations of other members of the international community when two persons claim to be the legitimate president of a state.

(b)  Invocation of immunity for government officials accused of grave violations of human rights.

(c)   The legal consequences of receding coastlines for the maritime zones of coastal states.

(d)  The interpretation of the compromissory clause in a treaty creating a regional organization.

Yazılı mərhələdən sonra iştirakçılarla onlayn formatda şifahi müsahibə baş tutacaq. Müsahibələr zamanı iştirakçıların hüquqi arqumentasiya, hüquqi araşdırma və ingilis dili bacarıqları qiymətləndiriləcəkdir. Habelə ümumi olaraq müsabiqə prosesi və beynəlxalq hüquq barədə fundamental anlayışın olması arzuolunandır. Beynəlxalq hüquqa giriş kimi hazırlanmış bu qısa materialla müsahibəyə hazırlaşa bilərsiniz. Uğurla qeydiyyatdan keçmiş namizədlərə müsahibələrin vaxtı haqqında e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Qeydiyyatdan keçmək üçün son tarix: 5 may 2024-cü il saat 20:00.


Qeydiyyat formu

Qeydiyyat sona çatmışdır. Qeydiyyatı təsdiqlənmiş tələbələrlə yaxında əlaqə saxlanılacaqdır.