Giriş

1.  Dépeçage-nin növləri və əhəmiyyəti

2. Tərəflərin dépeçage-dən istifadəsi

3. Arbitraj tribunalının dépeçage-ni tətbiq etməsi

Nəticə

Giriş

Beynəlxalq ticarətin əhatə dairəsinin genişlənməsi ilə beynəlxalq kommersiya arbitrajı müqavilədən irəli gələn mübahisələri həll etmək üçün tez-tez müraciət olunan mexanizmə çevrilmişdir.[1] Ümumilikdə bu prosesdə tərəflərin razılığı ilə bağlanmış arbitraj sazişi arbitraj prosesinin əsasını təşkil edir.[2] Sazişə, habelə onun aid olduğu müqaviləyə tətbiq ediləcək hüququn seçilməsi isə arbitraj prosesində xüsusi yer tutur. Bu zaman bəzi hallarda müqavilənin fərqli aspektlərinə müxtəlif hüquqların tətbiqini nəzərdə tutan dépeçage (fransız sözü olub, xırda hissələrə bölmək deməkdir) üsulundan istifadə edilir.[3] Bloq yazısında tətbiq ediləcək hüququn dépeçage üsulu ilə seçilməsinin mahiyyətindən bəhs olunacaq, onun beynəlxalq və Azərbaycan qanunvericiliyində necə tənzimləndiyi aydınlaşdırılacaqdır. Əlavə olaraq, dépeçage-nin arbitraj tribunalı tərəfindən tətbiq edildiyi hallara toxunulacaqdır.

I.  Dépeçage-nin növləri və əhəmiyyəti

Arbitraj sazişinin müstəqilliyi prinsipinə görə əsas müqaviləyə və arbitraj sazişinə ayrı-ayrı hüquq normalarının tətbiq olunması mümkündür. Bu, dépeçage-nin bir növü hesab olunur.[4] Məsələn, hər hansı müqavilənin arbitraj sazişində arbitraj icraatının Beynəlxalq Ticarət Palatasının (BTP) Arbitraj Qaydaları əsasında aparılması nəzərdə tutulur. Eyni zamanda, müqavilədən irəli gələn mübahisələrin İngiltərə qanunvericiliyinə əsasən həll ediləcəyi də qeyd edilir. Bu halda arbitraj icraatı ilə bağlı prosessual məsələlər BTP Qaydalarına, müqavilə ilə bağlı maddi mübahisələr isə İngiltərə qanunvericiliyinə əsasən tənzimlənəcək. Prosessual məsələlərə arbitraj müqaviləsinin mövcudluğu, etibarlılığı, icrası, təfsiri, ləğvi və s. ilə bağlı məsələlər aiddir.[5] Eynilə, Azərbaycan Respublikasının qanunvericiliyində də arbitraj məhkəməsi mübahisəni tərəflərin seçdiyi və mübahisənin mahiyyəti üzrə tətbiq edilən hüquq normalarına uyğun olaraq həll edir.[6]

Dépeçage-nin ikinci növündə isə əsas müqavilənin fərqli hissələrinin müxtəlif dövlətlərin hüquq normaları ilə tənzimlənməsi nəzərdə tutulur. Bu seçimin mahiyyəti müqavilənin fərqli aspektlərindən irəli gələn mübahisələrin müxtəlif maddi hüquq normaları ilə həll edilməsidir.[7] Dépeçage-ni həm tərəflər, həm də onların razılığa gələ bilmədiyi hallarda arbitraj tribunalı tətbiq edə bilər.

II. Tərəflərin dépeçage-dən istifadəsi

Tətbiq ediləcək hüququn seçilməsi üçün dépeçage-dən istifadə edilməsi bir sıra beynəlxalq aktlarda öz əksini tapmışdır. Məsələn, “Müqavilə öhdəliklərinə tətbiq olunan hüquq haqqında” Roma Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, tərəflər öz seçimləri ilə müqavilənin tam və ya bir hissəsinə tətbiq olunan hüququ seçə bilərlər. Əlavə olaraq, onlar həmin hüququ istənilən vaxtda, yəni müqavilənin imzalandığı vaxt və ya daha sonra seçə bilərlər. Həmçinin istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişdirilməsi barədə razılığa gələ bilərlər.[8] Müvafiq məsələlər “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində də eyni şəkildə tənzimlənməkdədir.[9]

Müqavilə üzrə dépeçage-nin həyata keçirilməsi bir sıra mərhələləri əhatə edir. Əvvəla, müqayisəli təhlil vasitəsilə tərəflər özləri üçün ən sərfəli olan milli hüquq sistemlərini müəyyən etməlidirlər.[10] Ardınca hər bir mübahisə sahəsinə tətbiq ediləcək müvafiq milli hüququ müəyyənləşdirməli,[11] habelə seçilənlər arasında qarşılıqlı əlaqəni və sərhədi aydınlaşdırmalıdırlar.[12] Əlavə olaraq, seçilmiş milli hüququn effektiv ola bilməyəcəyi halların mümkünlüyünə görə beynəlxalq hüquq normalarını da nəzərdən keçirməlidirlər.[13]

Dépeçage-yə nümunə kimi Qana Respublikası ilə “Tullow Oil” şirkəti arasında bağlanmış  neft müqaviləsini göstərmək olar.[14] Burada müqaviləyə tətbiq ediləcək əsas hüquq kimi Qana Respublikasının qanunları təsbit edilsə də, podratçının öhdəlikləri, çirklənmənin aradan qaldırılmamasına görə cərimə kimi bir sıra məsələlər beynəlxalq xüsusi hüquqla tənzimlənmişdi.[15] Belə ki, müqavilədə nəzərdə tutulmuşdur ki, podratçı öz hüquq və öhdəliklərini beynəlxalq neft və qaz sənayesində tətbiq olunan təcrübə və standartlara uyğun olaraq həyata keçirməlidir. Məsələn, podratçı ətraf-mühitin çirklənməsinə yol verərsə, Qana qanunlarına görə yox, məhz sözügedən təcrübəyə əsasən müəyyən məsuliyyət yaranacaqdır.[16] 2023-cü ildə iki tərəf arasında 390 milyon ABŞ dolları dəyərində arbitraj mübahisəsi başlamışdır və mübahisənin həllində tətbiq olunacaq hüquq seçiminə tribunalda baxacaqdır.[17]

Son olaraq, qeyd edilməlidir ki, dépeçage hər zaman əlverişli seçim hesab edilmir. Belə ki, hansı hüquq sistemlərinin daha əlverişli olacağını müəyyən etmək və danışıqlar aparmaq üçün xeyli vaxt, səy və xərc sərf etmək lazımdır. Bununla belə, tərəflərin nümayəndələri müəyyən təcrübəyə malikdirlərsə, həmçinin razılaşma proqnozlaşdırıla biləcək mübahisələrin həlli ilə bağlıdırsa, dépeçage uğurlu seçim olacaqdır.[18]

III. Arbitraj tribunalının dépeçage-ni tətbiq etməsi

Tərəflərin arbitraj sazişinə tətbiq edə biləcəyi çoxsaylı hüquqlar olsa da, bir sıra hallarda onlar, ümumiyyətlə, müvafiq hüquq seçməkdən imtina edirlər. Belə ki, praktikada bəzi (təxminən 20%) hallarda tərəflər nə əsas müqavilələrində, nə də digər razılaşmalarında münasibətlərini tənzimləyəcək maddi hüquqla bağlı razılığa gələ bilirlər.[19] Belə olduqda arbitraj tribunalı müqaviləyə ya kollizion hüququ normalarını, ya da özünün müəyyən etdiyi maddi hüququ (məsələn, arbitraj yerinin hüququ) birbaşa tətbiq etməli olur.[20] Kollizion hüquq norması aidiyyəti hüquq münasibətini tənzimləməkdən ötrü tətbiq ediləcək hüququ müəyyən edən normaları əhatə edir.[21] Məsələn, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir.[22]

Dépeçage də məhz kollizion hüququn tərkibində doktrina kimi öyrənilir. Belə ki, sözügedən hüququn normaları birdən çox yurisdiksiya ilə əlaqəli işlərdən, habelə müqavilələrdən (əsasən kommersiya) yaranmış hüquqi problemlərə hansı dövlətin hüququnun tətbiq ediləcəyini müəyyən edir.[23] Məsələn, Sulamerica v. Enesa işində tərəflər bağladıqları müqaviləni tənzimləyən hüquq kimi Braziliya qanunvericiliyini seçmiş, arbitraj sazişi üçün isə hər hansı hüquq nəzərdə tutmamış, sadəcə arbitraj yeri kimi Londonu müəyyən etmişdirlər.[24] İddiaçı tərəf arbitraj sazişinə də elə müqaviləyə uyğun olaraq, Braziliya qanunlarının tətbiq edilməsini istəsə də, cavabdeh “ayrıla bilmə” doktrinasına görə, sazişin müqavilədən ayrı olduğunu qeyd etmişdir. Bu səbəbdən arbitraj tribunalı “ən yaxın əlaqə testi”nə (saziş üçün ən uyğun hüququn müəyyən edilməsi) əsasən, arbitraj sazişinə arbitraj yerinin, yəni ingilis hüququnun tətbiq edilməsini qərara almışdır.

Nəzərə alınmalıdır ki, müasir dövrdə kommersiya münasibətlərindən irəli gələn mübahisələrdə bir sıra əlaqəli faktlar mövcud ola bilər. Bu zaman arbitraj tribunalı kollizion hüququn dépeçage doktrinasına əsaslanmaqla ayrı-ayrı məsələlərlə bağlı mübahisələri həll etmək üçün müxtəlif ölkələrin hüquq normalarını tətbiq edə bilər.[25] Sözügedən məsələ “Arbitraj haqqında” Qanunun 48-ci maddəsində də eyni şəkildə tənzimlənir.[26] Beləliklə də, tərəflərin razılığa gələ bilmədiyi hallarda arbitraj tribunalının dépeçage-ni tətbiq etmək kimi müstəsna səlahiyyəti mövcuddur.

Nəticə

Nəticədə, müqavilələrdən irəli gələn mübahisələri arbitraj vasitəsilə həll etmək üçün ona tətbiq ediləcək hüququn seçilməsi vacibdir. Bəzi hallarda tərəflər sözügedən hüququ müəyyən etmədiyindən mübahisələrin həll edilməsində çətinliklər yaranır. Bununla belə, dépeçage vasitəsilə tərəflər ayrı-ayrı məsələlər üçün istədikləri hüququ seçməklə potensial mübahisələri rahatlıqla həll edə bilərlər. Eyni zamanda, tərəflər hər hansı hüququ seçmədiyi hallarda da dépeçage arbitrlər tərəfindən tətbiq edilə bilər.


[1] Angualia Daniel, The Role of Domestic Courts in International Commercial Arbitration, 2 (2010).

[2] Siva Subramaniam, Determining the Law to Govern an Arbitration Agreement: A Quest for the Best Approach, 47 Journal of Malaysian and Comparative Law 1, 2 (2020).

[3] Gary B. Born, International Arbitration: Law and Practice, 314 (2012).

[4] Sahar Karimi & Evaristus Oshionebo, Depecage in the Context of International Upstream Oil and Gas Contracts, 20 Asper Review of International Business and Trade Law 77, 106-110 (2020).

[5] Gary B. Born, International Commercial Arbitration, § 4.03 (3rd ed. 2021).

[6] “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu, mad. 48 (2024).

[7] Margaret L. Moses, The Principles and Practice of International Commercial Arbitration, 72 (2008).

[8] Rome Convention on the law applicable to contractual obligations, mad. 3 (1980).

[9] “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu, mad. 24 (2000).

[10] Craig M. Gertz, The Selection of Choice of Law Provisions in International Commercial Arbitration: A Case for Contractual Depecage, 12 Northwestern Journal of International Law & Business 163, 178 (1991-1992).

[11] Yenə orada.

[12] Born, yuxarıda istinad 3.

[13] Gertz, yuxarıda istinad 10.

[14] Karimi & Oshionebo, yuxarıda istinad 4, 101.

[15] Yenə orada.

[16] Yenə orada, 101-102.

[17] Tullow v. Ghana Revenue Authority (III) (2023), https://jusmundi.com/en/document/other/en-tullow-ghana-limited-v-ghana-revenue-authority-iii-press-release-of-tullow-oil-plc-on-filing-of-requests-for-arbitration-by-tullow-ghana-limited-tuesday-14th-february-2023 (son baxış 7 may 2024).

[18] Yuxarıda istinad 10, 179.            

[19] Born, yuxarıda istinad 5, § 19.03.

[20] Yenə orada.

[21] Yuxarıda istinad 6.

[22] Yuxarıda istinad 9, mad. 17.

[23] Conflict of Laws, University of Oxford, https://www.law.ox.ac.uk/content/conflict-laws (son baxış 7 mart 2024).

[24] Sulamerica Cia Nacional De Seguros S.A. and others v. Enesa Engenharia S.A. and others (2012) EWCA Civ 638, § 20-21 (appeal taken from The High Court of Justice Queen’s Bench Division).

[25] Doug Jones, Choosing the Law or Rules of Law to Govern the Substantive Rights of the Parties, 921 (2014).

[26] Yuxarıda istinad 6.

Müəllif: İlkin Bayramov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs.