Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri üçün 2026 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi komanda üzvlüyünə qeydiyyat başlamışdır. Komanda üzvü ola biləcək tələbələr səhifə sonundakı anketdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 11 may 2025-ci il gün sonunadək (Bakı vaxtı ilə) davam edəcəkdir.

Müsabiqə haqqında qısa məlumat

Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi hər il 100-dən çox ölkədən təxminən 700 hüquq fakültəsinin iştirak etdiyi dünyada ən böyük məhkəmə müsabiqəsidir. Müsabiqə Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş əsasında aparılır. Bakı Dövlət Universiteti Müsabiqəyə 2000-ci ildə Azərbaycandan qoşulan ilk universitetlərdən olmuşdur.

Seçimlərə kimlər qatıla bilər?

2025/2026-cı tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV kurs, magistr səviyyəsi üzrə I, II kursda təhsil alan tələbələr seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər. Universiteti Müsabiqədə təmsil edəcək komanda maksimum 5 (beş) nəfərdən ibarət olmalıdır.

Təxmini təqvim

Müsabiqənin təxmini təqvimi belədir: 

  • May 2025 – Komandanın formalaşdırılması;
  • May – sentyabr 2025 – Müsabiqə İşinin yayımlanmasına kimi hazırlıq araşdırmaların aparılması;
  • Sentyabr 2025 – Müsabiqə İşinin elan olunması;
  • Sentyabr 2025 – yanvar 2026 – Yazılıların hazırlanması;
  • Fevral 2026 – Milli raundlarda iştirak;
  • Mart – aprel 2026 – Milli raundlarda ən yüksək nəticə göstərən iki komandanın Vaşinqtonda keçirilən beynəlxalq raundda iştirakı.
BDU seçimlərinin mərhələləri

BDU komandasının seçimləri iki mərhələdə aparılacaq: 1) şifahi müsahibə və 2) yazıların qiymətləndirilməsi. Qeydiyyatdan keçmiş tələbələrlə ilkin olaraq şifahi müsahibələr keçiriləcək və növbəti mərhələyə keçən tələbələrdən yazı bacarıqlarının qiymətləndirilməsi üçün esselər təqdim etmək xahiş olunacaqdır. İlkin mərhələ olan müsahibələr zamanı iştirakçıların hüquqi arqumentasiya, hüquqi araşdırma və ingilis dili bacarıqları qiymətləndiriləcəkdir. Eyni zamanda müsabiqə prosesi barədə ümumi məlumat və beynəlxalq hüquq barədə fundamental anlayışın olması arzuolunandır. Beynəlxalq hüquqa giriş kimi hazırlanmış bu qısa materialla müsahibəyə hazırlaşa bilərsiniz. Uğurla qeydiyyatdan keçmiş namizədlərə müsahibələrin vaxtı haqqında e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Qeydiyyat anketi

BDU Hüquq fakültəsinin qeydiyyata uyğun tələbələri aşağıdakı anketdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər:

    Ulduz(*) ilə işarələnmiş yerlərin doldurulması vacibdir.

    1. Ad, soyad və ata adınız:*

    2. Bakı Dövlət Universiteti Hüquq fakültəsində qrup nömrəniz:*

    3. 2025/26 tədris ilində kursunuz:*

    4. E-poçt:*

    5. Telefon nömrəniz:*

    6. Məhkəmə müsabiqələrində iştirakınız olub?*

    7. İştirak etmisinizsə, qeyd edin:

    8. İngilis dili biliyiniz:*