I. Ümumi olaraq arbitrajın başlanğıcı
II. Bildirişin verilməsi
III. Arbitrların seçilməsi və sayı
IV. İlkin arbitraj baxışı və ilkin qərar
V. Arbitrajda nümayəndəlik
VI. Arbitraj xərcləri
VII. Arbitrajın başlanmasına dair Beynəlxalq Arbitraj qaydalarından nümunələr

 I. Ümumi olaraq arbitrajın başlanğıcı

Arbitrajın başlanğıcı arbitrajın ən önəmli mərhələlərindəndir və bu proses iki əsas məsələni göstərir: tərəflər arasında mübahisənin mövcudluğunu və tərəflərin razılaşmasına uyğun olaraq arbitraja müraciət edildiyini.

Arbitraj iddiaçı tərəfindən bildirişin verilməsi ilə başlanır. İddiaçı arbitraj haqqında bildirişin verilməsi ilə bərabər qeydiyyat rüsumunu da ödəyir. Bəzi arbitraj qaydalarında bildirişin verilməsi ilə bağlı vaxt məhdudiyyəti nəzərdə tutulur; yəni mübahisə baş verdikdən müəyyən vaxt keçənə qədər arbitraja müraciət oluna bilər, həmin müddət keçdikdən sonra isə arbitraja müraciət oluna bilməz.[1]

    II. Bildirişin verilməsi

Arbitraj bir tərəfin digər tərəfə və ya arbitraj institutuna bildiriş göndərməsi ilə başlanır. Arbitraj institutlarının qaydalarında bildirişə verilən tələblər və şərtlər göstərilir. Çox vaxt bildirişdə mübahisəyə girən tərəflərin adları və ünvanları, mübahisənin qısa izahı və iddia tələbi göstərilir. Bildirişin formatı qaydalara görə dəyişir. Bildiriş verilən tələblərə və şərtlərə uyğun olmadığı halda, iddiaçıya geri qaytarılır və çatışmazlıqların düzəldilməsi tələb olunur. Cavabdeh bildirişin verilməsi ilə bağlı məlumatlandırılır, bildirişin surəti və ona əlavə olunmuş sənədlər ona göndərilir. Cavabdeh müəyyən müddət ərzində bildirişə cavab olaraq yazılı izahatını təqdim etməlidir. Həm iddiaçı, həm də cavabdeh tərəf seçdikləri arbitrın və ehtiyat arbitrın adı və soyadını və ya ehtiyat arbitrın arbitraj institutu tərəfindən seçilməsi ilə bağlı xahişini arbitraj institutuna bildirməlidirlər.[2]

    III. Arbitrların seçilməsi və sayı

Arbitrajın başlanğıcında əhəmiyyətli  prosedurlardan biri də arbitrların seçilməsi və onların sayının müəyyən olunmasıdır. Arbitrların seçilməsinin bir neçə fərqli üsulu vardır.

  • Tərəflərin razılığı ilə təyin edilmə. Hər bir tərəf bir arbitrı müəyyən edir, həmin seçilmiş arbitrlar da üçüncü arbitrı seçir. Əgər tərəflərdən biri müəyyən olunmuş müddətdə arbitrı seçməzsə, bu halda arbitr arbitraj institutunun sədri tərəfindən təyin edilir.
  • Siyahı sistemi vasitəsilə təyin edilmə. Hər iki tərəf istədiyi bir neçə arbitrın (üç və ya dörd) adını siyahıya daxil edir və tərəflər həmin siyahıları bir-birilərinə təqdim edirlər. Bu siyahılar üzrə tərəflər istədikləri arbitrların seçilməsi barədə razılığa gəlirlər.
  • İxtisaslaşmış təsisatlar və ya ticarət birlikləri tərəfindən arbitrlarin seçilməsi. İxtisaslaşmış təsisatların prezidenti və ya digər yüksək vəzifəli şəxsi arbitraj müddəalarında təyinedici orqan kimi müəyyən oluna bilər. Belə ixtisaslaşmış təsisatlarda, adətən, arbitr kimi xidmət etməyə hazır olan mütəxəssislərin siyahısı olur. Bununla yanaşı, yaranmış mübahisə bu təsisatların ixtisaslaşdığı sahələrə aid olduğu zaman arbitr seçimində onlardan istifadə olunmalıdır.[3]
  • Milli məhkəmələr tərəfindən arbitrlarin seçilməsi. Əgər tərəflər arbitrların təyin olunmasında razılığa gələ bilmirlərsə və ya onlar üçün arbitr təyin etməyə səlahiyyətli orqan yoxdursa, bu halda arbitrların təyin olunmasının həm də milli məhkəmələrin yurisdiksiyasına aid olduğunu nəzərə almaq vacibdir. Məsələn, Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanununa görə, təkbaşına arbitr ilə olan arbitrajda arbitr təyin olunmasında tərəflər razılığa gələ bilmədikdə hər hansı bir tərəfin xahişi ilə arbitr Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təyin olunur. [4]
  • Arbitraj institutları vasitəsilə təyin edilmə. Əsasən, arbitraj qaydalarında nəzərdə tutulur və hər qaydada arbitrların bu cür seçilməsi praktikası müxtəlifdir. Məsələn, UNCITRAL-ın Arbitraj Qaydalarına görə arbitrın təyin olunması barədə bildirişi aldıqdan sonra 30 gün müddətində tərəflərdən biri digər tərəfə özünün təyin etdiyi arbitr barədə məlumat vermədikdə: 1) birinci tərəf razılığa gəldikləri səlahiyyətli orqandan ikinci arbitrın təyin edilməsini xahiş edə bilər; 2) əgər tərəflər əvvəlcədən belə bir orqan barədə razılaşmayıblarsa və ya əvvəlcədən seçilmiş səlahiyyətli orqan fəaliyyətindən imtina edirsə və yaxud tərəflərdən birinin xahişi daxil olduqdan sonra 30 gün ərzində arbitrı təyin etmirsə, birinci tərəf Haaqa Daimi Münsif Məhkəməsinin Baş katibindən səlahiyyətli orqanın təyin edilməsini xahiş edə bilər.

Arbitraj bildirişində göstərilən məlumatlardan biri də arbitrların sayı ilə bağlıdır. UNCITRAL-ın Arbitraj Qaydalarında nəzərdə tutulur ki, tərəflər arbitrların sayını əvvəlcədən razılaşdırmayıblarsa, arbitrların sayı barədə (1 və ya 3) təklif də bildirişdə göstərilməlidir[5].

    IV. İlkin arbitraj baxışı və ilkin qərar

Bir sıra hallarda arbitraj tərkibi formalaşdıqdan sonra təşkilati və digər bu kimi məsələləri həll etmək üçün hazırlıq iclası keçirilir. Bir sıra məsələlər, məsələn, arbitraj tərkibinin səlahiyyəti, tətbiq edilməli olan maddi hüquq və s. arbitraj araşdırmasının başlanğıcında həll edilməlidir. UNCITRAL-ın Arbitraj Qaydalarına görə arbitraj tərkibinin son arbitraj qətnaməsi ilə yanaşı ilkin, müddətli və ya hissəvi arbitraj qərarları çıxarmaq hüququ vardır.

Beynəlxalq təcrübədə haqqında ən çox ilkin qərar çıxarılan məsələ arbitrajın səlahiyyəti ilə bağlıdır. Əgər arbitraj tərkibi hesab etsə ki, müəyyən məsələyə arbitrajda baxıla bilməz, o zaman arbitraj tərkibinin çıxardığı ilkin qərar, həm də son arbitraj qətnaməsi olur.

İlkin arbitraj qərarı da arbitraj qətnaməsinə qoyulan tələblərə cavab verməlidir. Belə ki, ilkin qərar yazılı formada olmalı, qərarın çıxarılması tarixi, yeri və s. göstərilməli və arbitraj tərkibi tərəfindən imzalanmalıdır[6].

    V. Arbitrajda nümayəndəlik

Arbitrajda tərəflər birbaşa və ya öz nümayəndələri tərəfindən təmsil oluna bilərlər. Arbitraj prosesində nümayəndə – ona verilmiş səlahiyyət çərçivəsində təmsil etdiyi şəxsin adından arbitraj prosesində prosessual hüquq və vəzifələri yerinə yetirən şəxsdir.

Arbitrajda nümayəndəliyin iki növü fərqləndirilir:

  • Qanuni nümayəndəlik;
  • Könüllü və ya müqavilə üzrə nümayəndəlik.

Hüquqi şəxsin qanuni nümayəndəsi kimi onun orqanları, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlə vəkil edilmiş şəxslər çıxış edə bilərlər. Qanuni nümayəndə ona tapşırılan işi nümayəndə kimi seçdiyi başqa bir şəxsə də tapşıra bilər. Könüllü və ya müqavilə üzrə nümayəndəlik mülki-hüquqi müqavilə əsasında yaranır, bu müqaviləyə əsasən təmsil edilən nümayəndəyə arbitrajda işin aparılmasını tapşırır, nümayəndə isə işin aparılması ilə bağlı prosessual hərəkətləri etməyi öz öhdəsinə götürür. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. UNCITRAL-ın Arbitraj Qaydalarına uyğun olaraq tərəflər öz seçdikləri şəxslər tərəfindən təmsil oluna və ya belə şəxslərin köməyindən istifadə edə bilərlər. Belə şəxslərin adları və ünvanları barədə digər tərəfə yazılı formada məlumat verilməlidir.[7]

    VI. Arbitraj xərcləri

Arbitrajda işə baxılmanın həyata keçirilməsi üçün müəyyən xərclər tələb olunur və bu xərclər iddiaçı və cavabdeh tərəfindən ödənilir. Arbitraj xərclərinə qeydiyyat rüsumu, arbitrajın inzibati xərcləri və s. aid edilir. Qeydiyyat rüsumu ödənilmədən arbitraj tərkibi işə baxılmasına başlamır.

Qeydiyyat rüsumu arbitraj institutlarına görə dəyişir, məsələn, London Beynəlxalq Arbitraj Məhkəməsində 1750 funt sterlinq [8], Rusiya Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində 1000 ABŞ dolları  təşkil edir.[9]

Hər bir arbitraj institutu arbitraj qaydalarından əlavə arbitraj xərcləri və rüsumları haqqında əsasnaməyə də malik olur. Bu əsasnamədə həmin arbitraj institutunun xərclərinin və rüsumlarının məbləği, ödənilmə qaydaları və s. əks etdirilir.
Arbitraj araşdırmasının mürəkkəbliyini nəzərə alaraq, bəzən arbitraj institutunun sədri arbitraj rüsumunun artırılması barədə qərar qəbul edə bilər.
Arbitraj rüsumunda əsas yeri arbitraj qonorarı tutur. Bəzi əlavə arbitraj xərcləri də mövcuddur, məsələn, arbitr arbitrajın keçirildiyi yerdən uzaqda yaşayırsa, həmin arbitrın iştirakı üçün xərclər (gediş haqqı, yaşayış xərci və s.) də arbitraj xərclərinə aiddir. Həmçinin arbitraj araşdırması zamanı tərəflərdən birinin xahişi ilə tərəflərin izahatları, ərizələri, müraciətlər, eləcə də Arbitraj Kollegiyasının sualları, izahatları və göstərişləri tərcümə olunarsa, tərcümə xərcləri həmin tərəfin hesabına ödənilir.

     VII. Arbitrajın başlanmasına dair Beynəlxalq Arbitraj qaydalarından nümunələr

London Beynəlxalq Arbitraj Məhkəməsinin (LCIA) Qaydalarına görə, arbitraj araşdırmasına başlamaq arzusunda olan hər hansı bir tərəf (iddiaçı) mövcud qaydalara uyğun olaraq LCIA-in katibinə arbitraj barədə yazılı bildiriş göndərir və katib tərəfindən arbitraj barədə bildirişin alınması tarixi arbitraj araşdırmasının başlanması tarixi hesab olunur.[10]

Almaniya Arbitraj İnstitutunun Arbitraj Məhkəməsinin qaydalarının 6-cı maddəsi “Arbitraj araşdırmasının başlanması” adlanır. Belə ki, iddia Almaniya Arbitraj İnstitutunun katibliklərindən birinə təqdim olunur və bununla da arbitraj araşdırması başlanır.[11] Maraqlı məqamlardan biri də odur ki, iddiaçı bildiriş katibliyə daxil olduğu gün Arbitraj İnstitutunun qüvvədə olan xərclər cədvəlinə uyğun olaraq arbitrlar üçün əvvəlcədən avans ödəyir.


İSTİNADLAR

[1] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, §4.04, §4.05, §4.06 (6th edn., 2009).

[2] LCIA Arbitration Rules, Maddələr 1, 2 (1998).

[3] Redfern & Hunter, §4.33, §4.34, §4.35, §4.38, §4.39, §4.41.

[4] Beynəlxalq arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 11(3)(a).

[5] UNCITRAL Model Law, Maddə 7(1), 8(1) (1985).

[6] Yenə orada, Maddə 31, 34(3).

[7] Yuxarıda istinad 5, Maddə 5.

[8] Schedule of Arbitration Costs (London Court of International Arbitration), Article 1.1(i).

[9] Schedule of Arbitration Fees and Costs (The International Commercial Arbitration Court at the Russian Federation Chamber of Commerce), Article 2.

[10] LCIA Arbitration Rules (1998), Article 1(1), 1(4).

[11] DIS-Arbitration Rules (1998), Section 6(1).


Müəlliflər:

1. Nargilə Tağıyeva Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs;

2. Məhəmməd Səfərli Bakı Dövlət Universiteti Hüquq fakültəsi, I kurs.