Giriş
I. Arbitraj qərarlarının forması və məzmunu
II. Arbitraj qərarlarına düzəliş, şərh və əlavə arbitraj qərarı
III. Arbitraj qərarlarının ləğvi
IV. Azərbaycan tərübəsində arbitraj qərarı


Giriş

Arbitr işə mahiyyəti üzrə baxdıqdan sonra gəldiyi nəticəni arbitraj qərarında göstərir. Tərəflər arbitraja müraciət edərkən əsas məqsəd kimi arbitraj qərarının çıxarılmasını və həmin qərarda cavabdeh tərəfin üzərinə müəyyən öhdəliklərin qoyulması gözlənilir. Buna görə də arbitraj qərarının verilməsi arbitrajın önəmli mərhələsidir. Tərəflər arbitraja müraciət edərkən veriləcək qərarın məcburi şəkildə icra olunacağını düşünürlər. Buna görə də məhkəmədən kənar mübahisənin həlli yolu kimi arbitrajı seçirlər. Arbitraj qərarı məcburi qüvvəyə malik olduğu kimi həmin qərardan şikayət də verilə bilər.

I. Qərarın icrasına qədərki məsələlər

Bəzi arbitraj qaydalarında qərarın icra olunmasını təmin etmək üçün arbitr “hər cür səy göstərməlidir” kimi qeyd olunur. Lakin əsas məsələ icranı təmin etmə öhdəliyi deyil, mövcud ən səmərəli üsullardan istifadə edilməsidir. Ən yaxşı arbitr belə nəticənin necə olacağına təminat verə bilməz. Arbitrdan hər şeydən əvvəl ədalətli arbitraj baxışını təmin etməsi və prosesin yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni etməsi tələb olunur.[1]

Nyu-York Konvensiyası ölkələrdən arbitraj qərarlarını Konvensiyanın müddəaları ilə uzlaşan milli qanunvericiliyə uyğun olaraq məcburi tanımaq və onları icra etməni tələb edir.[2]

“Tanınma” və “icraetmə” ifadələri çox zaman eyni mənada istifadə edilsə də, fərqli anlayışlardır. Onları bir-birindən fərqləndirmək çox vacibdir. Nyu-York Konvensiyası eləcə də arbitraj qərarlarının “tanınması və icraedilməsi” ilə bağlı məsələlərə aydınlıq gətirir.[3] Bu nöqteyi-nəzərdən, qərarların “tanınma və ya icraetməsi”ndən danışan 1927-ci il Cenevrə Konvensiyası daha dəqiq idi. Hər hansı bir qərarın icra edilmədən tanınması mümkündür. Bununla belə, qərar icra edildikdən sonra onun icrası haqqında qərar qəbul edən məhkəmə tərəfindən tanınması vacibdir.[4] Başqa sözlə, ən əsas fərq “tanınma” ilə “tanınma və icraetmə” arasındadır. Tanınma özü, ümumiyyətlə, müdafiə prosesidir. O, adətən, əvvəlki arbitraj prosesinin obyekti olan mübahisəyə dair qərar qəbul edilməsi istənildikdə yaranır. Xeyrinə qərar qəbul edilmiş tərəf mübahisəyə dair artıq qərar qəbul edildiyini əsas gətirərək etiraz edəcəkdir.[5] Məhkəmə bir qərarı “tanıyanda” bu qərarın etibarlı və məcburi olduğunu etiraf edir və buna görə də qərarda müəyyənləşdirilmiş məsələlərə dair dəqiq bir  təsir göstərə bilir. Beləliklə, tanınmış bir qərar, əlaqədar məhkəmə prosesində və ya arbitrajda müdafiə kimi istifadə edilə bilər.

II. Qərarın icrası

Əksinə olaraq, məhkəmənin qərarın icrası haqqında qərar qəbul etdiyi zaman tərəflərdən yalnız qərarın hüquqi qüvvəsini və təsirini tanımaq deyil, həm də mövcud qanunvericiliyə uyğun sanksiyalarla həyata keçirmələri tələb olunur. İcraetmə qərarın tanınmasından daha bir addım irəli atılması kimi başa düşülə bilər.

Ümumiyyətlə, tanınma və icraetmə prosesdə birlikdə davam edir. Tanınma və icraetmə biri digərinin vacib hissəsidir və bir-birini tamamlayırlar.[6]Bəzən məhkəmələr qərarın icraedilməyə göndərilməsindən imtina edə bilər. Bunun üçün bir sıra səbəblərdən ən azı biri olmalıdır və həmin səbəblər Nyu-York Konvensiyasında göstərilmişdir:[7]

           1. Fəaliyyət qabiliyyətsizlik və etibarsızlıq
Əgər arbitraj sazişi tərəflərindən biri fəaliyyət qabiliyyəti olmayan olmuşsa, həmçinin tərəflər arasında bağlanmış sazişin etibarsızlığı müəyyən olunarsa məhkəmə qərarın icrasını təmin etməyə bilər.

           2. Xəbərdarlıq və ya ədalətin çatışmazlığı
Hər bir tərəf arbitrlarin təyin olunması, arbitrajın keçiriləcəyi yer və s. barədə xəbərdar olmalıdır, həmçinin, tərəflərə öz çıxışlarını etmək üçün tam imkan verilməlidir. Əgər bunun qarşısı alınarsa, bu, tərəfin ədalətli işə baxılma hüququnun pozulmasıdır.
3. Arbitrın səlahiyyətindən artıq hərəkətlər etməsi
Səlahiyyətləri tərəflərin razılaşmasından meydana gəldiyinə görə arbitrlar onlara verilən səlahiyyətləri aşmamalıdırlar. Arbitr (Arbitraj tərkibi) yalnız tərəflərin sazişindən irəli gələn məsələlərə dair qərar çıxarmalıdır. Əgər arbitrlar öz səlahiyyətlərini aşarsa, qərar icraya yönləndirilmir.

           4. Tərkib və ya proses tərəflərin razılaşmasına uyğun olmadıqda
Əgər belə bir hal mövcuddursa, bu, icraetmədən imtina üçün səbəbdir. Tərəflərin sazişində arbitraj tərkibi və ya prosesi haqqında razılaşma olmadıqda, bu qayda arbitraj prosesinin keçirildiyi yerin qanunlarına uyğun olaraq müəyyənləşdirilir.
5. Qərar, hələ ki, məcburi olmadıqda və ya ləğv olunmuş olduqda
Arbitraj qərarının icrası üçün həmin qərar məcburi qüvvəyə malik olmalıdır. Nyu-York Konvensiyasında “məcburedici” sözünün tərifi verilməsə də, bir çox məhkəmələr qərarı o zaman məcburedici hesab edirlər ki, həmin qərardan mahiyyəti üzrə şikayət vermək artıq mümkün olmasın.
Nyu-York Konvensiyasına uyğun olaraq əgər arbitraj qərarı arbitrajın keçirildiyi və ya tabe olduğu yerdə bu maddənin tələbləri əsas gətirilərək ləğv olunubsa, həmin qərar başqa bir yurisdiksiyada icra oluna bilməz.[8] Lakin əgər hər hansı məhkəmə qərarı icraetmədən imtina edibsə, həmin qərar başqa bir yurisdiksiyada icra oluna bilər. Ona görə də, icra olunmadan imtina edilmiş və ləğv edilmiş qərarlar qarışdırılmamalıdır.

Həmin konvensiyanın 5-ci maddəsinin ikinci hissəsində əlavə iki şərt də göstərilmişdir. Bunlar – a) mübahisəyə arbitrajda baxıla bilinməməsi və b) qərarın ölkənin ümumi qaydalarına zidd olmaması – şərtləridir.

III. Azərbaycan təcrübəsində arbitraj qərarının məcburiliyi

Azərbaycan Respublikası da Nyu-York Konvensiyasına üzv ölkələrdən olduğu üçün digər üzv ökələrə tətbiq olunan normalar Azərbaycana da şamil edilir. Dünyanın əksər Arbitraj Reqlamentləri arbitraj qərarlarının könüllü icra edilməsini nəzərdə tutur. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Əsasnaməsində də arbitraj qərarının könüllü şəkildə və qətnamədə göstərilən qaydada və müddətdə icra edilməsi göstərilir.[9] “Beynəlxalq Arbitraj haqqında” AR Qanununa uyğun olaraq hansı ölkədə çıxarılmasından asılı olmayaraq, arbitraj qərarının icrası məcburidir və səlahiyyətli məhkəməyə (AR-nın Ali Məhkəməsinə) yazılı vəsatət verildikdə icra edilir.[10] Xarici arbitraj qərarlarının icra edilməsi qaydasının dörd modeli mövcuddur:[11]
-Arbitraj qərarının məhkəmədə və ya digər səlahiyyətli orqanda qeydiyyatı
-Arbitraj qərarının qeydiyyat aparılmadan birbaşa icrası
-Arbitraj qərarının tanınması və icra edilməsi üçün məhkəməyə xahişlə müraciət edilməsi (exequatur)
   -Arbitraj qərarı əsasında borc öhdəliyinin təsdiq edilməsi məqsədilə məhkəməyə iddia təqdim edilməsi

Beynəlxalq Arbitrajların təcrübəsində ən çox üçüncü modeldən (ekzekvatura) istifadə olunur. “Beynəlxalq Arbitraj haqqında” AR-nın Qanununun 34-36-cı maddələrinə uyğun olaraq AR-da ekzekvatura modeli tətbiq edilir. Ekzekvatura modelinə əsasən xarici arbitraj qərarının tanınması və icrası üçün məhkəməyə müraciət edilir, məhkəmə arbitraj qərarına mahiyyəti üzrə yenidən baxmadan onun Milli arbitraj qanunvericiliyində nəzərdə tutulmuş tələblərə cavab verdiyini yoxlayır və nəticədə ya arbitraj qərarını tanıyıb onu icraya yönəldir, ya da onu tanımaqdan və icraya yönəltməkdən imtina edir. Nyu-York Konvensiyasına uyğun olaraq tanınmanı və icra edilməni tələb edən tərəf belə xahişi etdikdə aşağıdakıları təqdim etməlidir:[12]
-Lazımi qaydada təsdiq edilmiş arbitraj qərarının əslini və ya həmin qərarın lazımi qaydada təsdiq edilmiş surətini;
-Arbitraj sazişinin əslini, yaxud onun lazımi qaydada təsdiq edilmiş surətini.                                        Göstərilən sənədlərin təqdim edilməsi tələbkarın vəzifəsidir və məhkəmə (bu halda AR-nın Ali Məhkəməsi) ondan əlavə sənədləri tələb etməyə haqlı deyildir. Mülki-Prosessual Məcəllənin 474-477-ci maddələri, həmçinin, xarici dövlətlərin arbitraj institutlarının qətnamələrinin icra edilməsi və ya tanınmasına həsr edilmişdir. MPM-yə əsasən xarici münsiflər məhkəməsi qətnaməsinin icra edilməsi və tanınması üçün bu Məcəllənin maddələri müvafiq olaraq tətbiq edilə bilər.[13] Bundan əlavə, BMT-nin 1958-ci il 10 iyun tarixli xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə Nyu-York Konvensiyası tətbiq edilir.

Nəticə

Ümumi olaraq, arbitraj qərarı dünyanın əksər ölkələrində məcburedici qüvvəyə malikdir. Bu da tərəflərin mübahisələr zamanı arbitrajı seçmə səbəblərindəndir. Arbitraj institutları artıq mübahisələrin həlli üçün etibarlı və daha rahat vasitə kimi güvən qazanmışdır, bütün bu cəhətlər də öz növbəsində arbitraj təcrübəsinin daha da inkişaf etməsinə gətirib çıxarmışdır.


İstinadlar:

[1] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration §11.11 (6th ed., 2009).

[2] Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, New-York, Article 3 (1958).

[3] Redfern and Hunter, yuxarıda istinad 1, §11.19.

[4] Yenə orada.

[5] Yenə orada, §11.20.

[6] Yenə orada, §11.21.

[7] Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, New-York, Article 5 (1958).

[8] Yenə orada.

[9] Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Əsasnaməsi, Maddə 53.

[10] “Beynəlxalq Arbitraj haqqında” AR Qanunu, Maddə 35.

[11] Vidadi Mirkamal, Beynəlxalq Arbitraj Prosesi, 273 (2011).

[12] Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, New-York, Article 4 (1958)

[13] Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi, Maddə 477.


Müəllif: Töhfə Abdullayeva, Bakı Dövlət Universiteti, SABAH qrupları 2-ci kurs tələbəsi; Məhəmməd Səfərli, Bakı Dövlət Universiteti, İngilis qrupu 2-ci kurs tələbəsi.