Giriş


I. Arbitrajın sığorta müqavilələrindən irəli gələn mübahisələrdə rolu


II. Sığorta müqaviləsi ilə bağlı məsələlərin həllində arbitrajın nə kimi üstünlükləri var?

GİRİŞ

Mübahisələrin alternativ həlli üsulu kimi arbitrajın üstünlüklərindən faydalananların sayı getdikcə artır. Arbitraj yalnız müəyyən bir sahədə deyil, bir çox müxtəlif sahələrdə mübahisələrin tənzimlənməsində müstəsna əhəmiyyət daşıyır. Peşə məsuliyyəti, kommersiya məsuliyyəti, inşaat riski və qəza sığortası kimi sahələrdə  yaranan mübahisələrin həllində isə onun rolu xüsusilə nəzərəçarpandır.[1] Arbitraj sığortaçı ilə sığortalı və ya sığortaçı ilə təkrarsığortaçı arasındakı mübahisələrin həlli üçün faydalı vasitədir. Bu bloq yazısının məqsədi sığorta müqaviləsindən irəli gələn mübahisələrdə arbitrajın önəmi haqqında məlumat verməkdir.

       1. ARBİTRAJIN SIĞORTA MÜQAVİLƏLƏRİNDƏN İRƏLİ   GƏLƏN MÜBAHİSƏLƏRDƏ ROLU 

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür.[2] Bəzi hallarda sığortalı və sığortaçı arasında müqavilənin müddəaları, həmin müddəaların ifadə etdiyi məna, müqavilənin şərtləri  və s. məsələlər kontekstində mübahisələr yarana bilir. Mübahisə tərəflərinin yerləşimi ilə bağlı sığorta subyektləri iki cür olur:

1.Eyni ölkədə yerləşən sığortalı və sığortaçı

2.Fərqli ölkələrdə yerləşən sığortalı və sığortaçı

Eyni ölkədə yerləşən tərəflərin sığorta mübahisələrinin hansı orqan tərəfindən həll olunması adətən müqavilənin müvafiq bəndində öz əksini tapır. Tərəflər gələcəkdə yarana biləcək mübahisələrin həll üsulu kimi arbitrajdan istifadə olunacağı  barədə maddə ehtiva edən sığorta müqaviləsi bağladıqda baş verə biləcək mübahisələrə arbitrajda baxılır. Lakin tərəflər razılaşmadıqda və ya sığorta müqaviləsində arbitrajla bağlı hər hansı bir müddəa olmadıqda arbitraj seçimi mövcud olmayacaqdır. Sığortalı və sığortaçı eyni ölkədə yerləşdikdə hansı hüquq və ya yurisdiksiyanın tətbiq ediləcəyi ilə bağlı mübahisələrin yaranması ehtimalı azdır.[3]

Sığortaçı və sığortalı fərqli ölkələrdə yerləşdikdə onlara seçim imkanı verilir. Qanun seçimi sığortalı ilə sığortaçı arasında mübahisə yarandıqda müqaviləni təfsir və şərh edəcək hüquq orqanının seçimidir. Seçim yurisdiksiyası isə bu məhkəmə prosesinin baş verəcəyi məkan və ya məhkəmə sistemi ilə əlaqədardır.[4] Sığortaçı birdən çox ölkədə və ya ərazisində çoxsaylı hüquq sistemi mövcud olan ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərə bilər.  Praktikada belə hallar zamanı hansı ölkənin qanunvericiliyinin, məhkəmə və ya mübahisələrin alternativ həlli üsullarından birinin  tətbiq olunması əvvəlcədən müəyyənləşdirilir.

Bir çox sığorta müqavilələrinin mətninə mübahisələrin həlli üsulu kimi arbitraj müddəaları daxil edilir. Bu cür müddəalar qanun və yurisdiksiyanın müddəaları ilə ziddiyyət təşkil etməməlidir. Bununla birlikdə sığortalı və sığortaçılar yurisdiksiyanın seçiminə uyğun olmayan arbitraj prosedurlarına razılıq edə bilərlər. Bu, tərəflərin məhkəmənin baş tutacağı məkandan fərqli ola biləcək daha konkret bir arbitraj rejimində razılaşmalarına imkan verir.[5]

Müqavilələrində sığorta ilə bağlı mübahisələrin həlli üçün arbitraj müddəası daxil etmiş tərəflər həmçinin arbitrların sayını, arbitrajın yerini, prosesdə istifadə ediləcək dili də müəyyənləşdirirlər.

Bəzən təkrarsığorta müqaviləsində qanun və ya yurisdiksiyanın seçimi orijinal müqavilədəki qanun və ya yurisdiksiyanın seçimindən fərqli ola bilir.

2. SIĞORTA MÜQAVİLƏSİ İLƏ BAĞLI MƏSƏLƏLƏRİN HƏLLİNDƏ ARBİTRAJIN NƏ KİMİ ÜSTÜNLÜKLƏRİ VAR?

Təcrübəli sığorta şirkətləri öz mübahisələrini müştərilərini qorumaq üçün məhkəmələrdən daha çox mübahisələrin alternativ həll üsulları ilə həll etməyi üstün tuturlar. Çünki arbitrajın bir sıra üstünlükləri tərəfləri mübahisənin həllində ondan istifadəyə cəlb edir.

Sığorta müqavilələri ilə bağlı yaranan mübahisələrin mümkün qədər tez həlli çox zaman xüsusi əhəmiyyət kəsb edir. Bir layihənin sınaq və istismara verilməsi mərhələsində hər hansı qəza, yanğın, partlayış və ya digər bir fəlakətin baş verməsinin onun dayandırılmasına səbəb olduğunu düşünün. Zərərin dərhal müəyyənləşdirilməməsi, layihənin ilkin və ya yekun qəbuluna qədər qarşılanmaması məsələni daha da çətinləşə bilər.[6] Bir çox bu kimi hallarda mübahisənin həllinin gecikdirilməsi işlərin ləngiməsinə, sığorta ödənişinin gecikdirilməsi isə xərclərin artmasına səbəb olur. Arbitraj bu baxımdan tərəflər üçün xeyli əlverişlidir. O, mübahisənin mümkün qədər tez həll edilməsini təmin edir.

Bir qayda olaraq, sığortaçılar sığorta sənayesi mütəxəssislərinə hakimlərdən daha çox etimad göstərirlər. Müəyyən ölkələrdə (məsələn BƏƏ)[7] sığorta mütəxəssisləri ayrı-ayrı sığorta problemləri ilə əlaqədar olaraq arbitr kimi seçilə və təyin edilə bilirlər.

Məhkəmə tərəfindən təyin edilmiş mütəxəssislərin mübahisəyə səbəb olan xüsusi sığorta sahəsinə dair təcrübəsi olmaya bilər, halbuki arbitrajda hər bir arbitraj tərəfi öz seçdikləri mütəxəssisləri çağıra bilir. Arbitrajda məhkəmələrdən fərqli olaraq dinləmələr şahidlərdən daha çox şifahi çəkişmələrə və ekspert ifadələrinə  sərf olunur.[8]

Bəzi dövlətlərdə və ya müəyyən ərazilərdə (Ceorciya, Merilend, Virciniya və Vaşinqton ştatları) sığorta müqavilələrinə arbitraj müddəalarının daxil edilməsinə real məhdudiyyətlər qoyulur.[9] Sığorta şirkətləri arasında təkrarsığorta və risk köçürməsinin digər formaları ilə bağlı mübahisələrin arbitrajı ümumiyyətlə məhdudlaşdırılmır.[10]

Arbitraj sazişindən irəli gələn vəzifələr onu bağlayan tərəflərin hər ikisinə bərabər əsaslarla tətbiq edilir. Lakin beynəlxalq təcrübədə bu qaydadan istisnalar mövcuddur. Məsələn, Avstraliyanın Kvinslend Ştatının sığorta haqqında qanununa əsasən sığorta müqaviləsinə daxil edilən arbitraj qeyd-şərti yalnız sığortalı üçün məcburidir  və o, öz seçiminə görə ya dövlət, ya da arbitraja müraciət edə bilər. Qanuna görə sığortaçı isə bu hüquqlardan istifadə edə bilməz.[11]

Bununla yanaşı, arbitraja xas olan prosedur rahatlığı sığorta mübahisələrini səmərəli və münasib xərclərlə həll etmək üçün istifadə edilə bilər.


İstinadlar:

[1] Edmund M. Kneisel and Richard English Dolder, Arbitration Clauses in Insurance Policies, Construction Law Update 223, 225 (2004).

[2] “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 1.

[3] Law and Jurisdiction Clauses in İnsurance Policies (2018),
https://www.jlt.com/industry/energy-insurance/insights/law-and-jurisdiction-clauses-in-insurance-policies-october-2018 (last visited: Oct. 7, 2019).

[4] Yenə orada.

[5] Yenə orada.

[6] Yuxarıda istinad 1, Kneisel and Dolder, 226.

[7] Peter Ellingham and Rishi Sengupta, United Arab Emirates: Back to Basics Arbitration Under Insurance/Reinsurance Contracts in The UAE, Kennedys, (2017).

[8] Michael Young, Esq., Insurance Coverage Arbitration,  College of Commercial Arbitrators, 8 (2017).

[9] Everett J. Cygal and Robert Murphy, State Law Restrictions on Arbitration of Insurance Coverage Disputes, 2 Arias U.S Quarterly 6 (2018).

[10] Yenə orada.

[11] Vidadi Mirkamal, Beynəlxalq Arbitraj prosesi, 189 (2011).


Müəllif: Nərmin Hacızadə, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, SABAH qrupları 3-cü kurs tələbəsi.