Giriş

I. “Incoterms”ə tarixi baxış

II. “Incoterms” nədən bəhs edir?

III. “Incoterms 2020”də problemlər və həlli üçün təkliflər

Nəticə

GİRİŞ

Qlobal iqtisadiyyatın yüksəlişi bir çox bazarlara giriş imkanı yaratmışdır, bununla da əksər ölkələrdə mallar daha böyük həcmdə və sürətlə satılır. Nəticədə, bu, beynəlxalq ticarətin inkişafına töhfə verməklə yanaşı, müəyyən anlaşılmazlıqlara və mübahisələrin yaranmasına səbəb olur.[1] Belə halların qarşısının alınması və vahid beynəlxalq yanaşmanın formalaşması üçün “Incoterms”in (International Commercial Terms) tərtib olunması qaçılmaz olmuşdur. “Incoterms” Beynəlxalq Ticarət Palatasının (bundan sonra BTP) müəyyən etdiyi beynəlxalq ticarətdə istifadə olunan qaydalar məcmusudur.[2] Qeyri-hökumət təşkilatı olan BTP-nin tərtib etdiyi “Incoterms” məcburi qüvvəsi olmayan beynəlxalq adətlərin yazılı formasıdır və bəzən alqı-satqı müqaviləsində qeyd edilməmiş şərtləri də əhatə edə bilər.[3] Bu bloq yazısında “Incoterms”in tarixi, təsnifatı və qısa izahı, eləcə də son versiyasında olan müəyyən çatışmazlıqlar haqqında məlumat veriləcəkdir.

I. “Incoterms”ə tarixi baxış

BTP Birinci Dünya müharibəsindən qısa müddət sonra – 1919-cu ildə beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə yaradılmışdır. Ticarətin sülhü dəstəkləməli olduğunu düşünən həmin təşkilatın yaradıcıları özlərini “Sülh tacirləri” adlandırmışdırlar. Təşkilat 1920-ci ildə “Incoterms” ilə bağlı ilkin araşdırmalara başlamış və 1923-cü ildə on üç ölkədə geniş istifadə olunan ticarət şərtlərini dərc etmişdir.[4] Daha sonra “Incoterms” əsasında bağlanmış müqavilələrdən irəli gələn mübahisələrin həlli üçün isə Beynəlxalq Arbitraj Məhkəməsi yaradılmışdır.[5] Məhkəmə prosessual maneələri aradan qaldıraraq həm arbitr, həm də mübahisə tərəflərinə yardımçı olur. Həmçinin məhkəmənin Nyu-York, Əbu-Dabi, Honkonq kimi tanınmış şəhərlərdə yerləşən ofisləri bu funksiyaları yerinə yetirməklə arbitraj prosesini asanlaşdırır.[6]

1953-cü ilə qədər “Incoterms”də dəmiryol nəqliyyatı ilə bağlı müddəalar üstünlük təşkil etsə də, 1974-cü ildə bura hava nəqliyyatı ilə bağlı qaydalar da əlavə edilmişdir. “Incoterms”in daha az qaydalarla bir çox məsələləri tənzimləməsi üçün 1990-cı ildə bu iki sahə ilə əlaqədar qaydalar ləğv edilərək digər müddəalarla birləşdirilmişdir. “Incoterms 2000”də isə qaydalar müasir gömrük təcrübələri ilə uzlaşdırılmış, 2010 tarixli redaksiyasında qaydaların sayı 11-ə qədər azaldılmış, alıcı və satıcının bir-biri ilə məlumat mübadiləsini inkişaf etdirməsi barədə öhdəliklər artırılaraq həm milli, həm də beynəlxalq alqı-satqı müqavilələrinə şamil edilmişdir.[7] Son olaraq, “Incoterms 2020”də sığorta, dəyər, təhlükəsizlik və s. haqda müddəalar daha da təkmilləşdirilmişdir.[8]

Hal-hazırda BTP-yə 170 ölkədən 45 milyona yaxın şirkət üzvdür,[9] “Incoterms” isə bu şirkətlər arasında şəffaflığı, sülhü və inkişafı təmin etməyə xidmət edir.

II. “Incoterms” nədən bəhs edir?

“Incoterms” haqqında müəyyən təsəvvür yaranması üçün qısa izahına nəzər salmaq lazımdır. Belə ki, “Incoterms” hər on ildən bir yenilənir və ən yeni versiya olan “Incoterms 2020” dörd kateqoriya olmaqla on bir qaydaya bölünür. Hər qayda alıcı və satıcı arasında müəyyən edilmiş qarşılıqlı öhdəliklər, daşınma, sığorta və s. məsələləri əhatə edir. Bu qaydalar haqqında qısa məlumat isə aşağıdakı kimi göstərilə bilər:

1. E kateqoriyasına 1 qayda – EXW (“Ex Works”) Incoterm daxildir. EXW Incoterm satıcının üzərinə mümkün qədər az öhdəlik qoyur. Belə ki, malın razılaşdırılmış vaxtda və qablaşdırılmış formada yükləmənin ediləcəyi yerə (əsasən, anbar) çatdırılması anından risk alıcıya keçir.[10]

2.  F kateqoriyası 3 qaydadan – FCA (“Free Carrier”), FAS (“Free Alongside Ship”) və FOB-dən (“Free on Board”) ibarətdir. FCA Incoterm-ə görə mal iki halda çatdırılmış hesab olunur: Birincisi, nəqliyyat vasitəsinə yükləmə yeri satıcıya məxsusdursa və satıcı malı alıcıya aid olan nəqliyyat vasitəsinə yüklədikdə; ikincisi, yükləmə yeri başqa olduğu halda, satıcı malı alıcının müəyyən etdiyi yerə gətirdikdə.[11] FAS Incoterm-ə əsasən satıcı malı limanda alıcı tərəfindən müəyyən edilmiş gəminin yanında yerləşdirdikdə onu çatdırmış olur[12] və belə olan halda, risk satıcıdan alıcıya keçir. Satıcı ixrac üçün malın rəsmiləşdirilməsini – onların məxsus olduğu ölkənin gömrük qeydiyyatından keçirilməsini öhdəsinə götürür. FOB-də isə satıcı malı gəmiyə təhvil verdikdə onu alıcıya çatdırmış hesab edir.[13]

3. C kateqoriyasına 4 qayda – CPT (“Carriage paid to”), CIP (“Carriage and Insurance paid to”), CFR (“Cost and Freight”) və CIF (“Cost, Insurance and Freight”) daxildir. CPT Incoterm-ə əsasən mal satıcı tərəfindən daşıyıcıya təhvil verildikdə çatdırılmış hesab olunur.[14] CIP Incoterm də bu qayda ilə eyni mövqedədir, lakin burada satıcı sığorta müqaviləsinə əsasən zərəri ödəməyi öhdəsinə götürür.[15] CFR Incoterm FOBCIF ilə oxşarlıq təşkil edir, birinci ilə arasında yeganə fərq satıcının təyinat limanına qədər bütün xərcləri qarşılaması olduğu halda,[16] CIF Incoterm-i fərqləndirən əsas cəhət sığorta müqaviləsinin mövcudluğudur.[17]

4. D kateqoriyası 3 qaydadan təşkil olunmuşdur: DAP (Delivered at Place), DPU (Delivered at Place Unloaded) və DDP (Delivered Duty Paid). DAP Incoterm-ə görə mal razılaşdırılmış yerdə alıcının sərəncamında olan nəqliyyat vasitəsinə təhvil verildikdə satıcı tərəfindən alıcıya çatdırılmış hesab olunur.[18] DPU Incoterm isə nəqliyyat vasitəsindən boşaldılaraq alıcının sərəncamına keçdikdə malı çatdırılmış hesab edir.[19] DDP Incoterm digərlərindən fərqli olaraq, satıcının üzərinə maksimum öhdəlik qoyur: satıcı həm idxal, həm də ixrac üçün rəsmiləşdirmə daxil olmaqla, malı nəqliyyat vasitəsindən boşaldılmağa hazır şəkildə alıcıya çatdırmalıdır.[20]

Ümumiyyətlə, “Incoterms” tətbiq edilərkən ticarətin hansı formada aparılacağını müəyyənləşdirmək zəruridir. Qaydanın düzgün seçilməsi həm alıcı və satıcı arasında olan öhdəliklərin aydınlaşdırılmasına, həm də ticarətin sürətli və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir.

III. “Incoterms 2020”də problemlər və həlli üçün təkliflər

 “Incoterms 2020” özündə xeyli innovativ qaydaları ehtiva etsə də, onda bir sıra çatışmazlıqlara da rast gəlinir. Qaydaların mətninin dili bunlardan birinə nümunə kimi göstərilə bilər. Belə ki, təkrarlanan, omonim söz və ifadələrin əvəzinə müqavilələr üçün xarakterik olan konkret ifadələri qeyd etmək daha məqsədəuyğundur. Bundan başqa, “Incoterms”dəki qaydalar bütün ehtimalları nəzərə almalıdır, əks halda alıcı və satıcı qaydalarda qeyd olunmamış halla üzləşdikdə məcburi olaraq qaydalar çərçivəsindən kənar hərəkət edə bilərlər.[21]

Digər məsələ isə qaydaların tətbiqi ilə bağlıdır. Belə ki, EXW FCA Incoterm-in beynəlxalq ticarətdən çox, milli ticarətdə daha faydalı olması iddia edilir.[22] Ona görə də bu qaydaların “Free Carrier Domestic” və “Free Carrier International” kimi müəyyən edilməsi məsləhət görülür.[23]

Mübahisəli məsələlərdən biri də dəniz ticarəti ilə bağlıdır. Belə ki, “Incoterms 2020” tərtib olunarkən qaydaların hərtərəfli olması üçün yalnız dəniz ticarəti ilə bağlı Incoterm-lərin ləğv edilib digər qaydalara birləşdirilməsi gözlənilirdi.[24] Buna baxmayaraq, hələ də həmin məsələ ilə bağlı dörd xüsusi Incoterm (FOB, FAS, CFRCIF) mövcuddur.

Bu və digər mümkün dəyişikliklər nəzərə alınaraq “Incoterms 2030”da daha dəqiq, yığcam və mübahisələrin həllinə yönələcək qaydaların müəyyən edilməsi gözlənilir.

NƏTİCƏ

Nəticədə, “Incoterms”in beynəlxalq ticarətdə tətbiqinin geniş yayılması müşahidə edilir. Həmçinin BTP beynəlxalq ticarətdə sülhü və inkişafı təmin etmək yolunda 100 ildən çoxdur ki, “Incoterms”in təkmilləşdirilməsi üzərində çalışır. Bu qaydaların düzgün şəkildə tətbiq olunması beynəlxalq ticarətin yüksələn xətlə inkişaf etməsinə şərait yaradır. Bununla yanaşı, zaman keçdikcə həmin qaydalarda müvafiq dəyişikliklər edilərək alıcı və satıcı arasında münasibətlər daha da aydınlaşdırılmalıdır.


[1] John W.H.Denton, Foreword to The International Chamber of Commerce, Incoterms 2020: ICC Rules for the Use of Domestic and International Trade Terms (2019).

[2] J.Coetzee, Incoterms: Development and Legal Nature – A Brief Overview, 13 Stellenbosch Law Review 115, 116 (2002).

[3] J.A.Spanogle, Incoterms and UCC Article 2 – Conflicts and Confusions, 31 The International Lawyer 111, 113 (1997).

[4] John Vogt, Jonathan Davis, The State of Incoterm Research, 59 Transportation Journal 1, 2 (2020). Burada bax: https://www.researchgate.net/publication/343754119_The_State_of_IncotermR_Research (son baxış 9 may 2023).

[5] Yenə orada.

[6] ICC International Court of Arbitration®, https://iccwbo.org/dispute-resolution/dispute-resolution-services/icc-international-court-of-arbitration/ (son baxış 10 may 2023).

[7] Yenə orada.

[8] Incoterms® 2020 – 7 Key Changes You Need to Know (2022), https://www.tradefinanceglobal.com/posts/incoterms-2020-7-key-changes-you-need-to-know/ (son baxış 9 aprel 2023).

[9] About ICC, https://iccwbo.org/about-icc-2/ (son baxış 10 aprel 2023).

[10] Yuxarıda istinad 1, 22.

[11] Yenə orada, 27-28.

[12] Yenə orada, 93.

[13] Yenə orada, 103.

[14] Yenə orada, 41.

[15] Yenə orada, 51.

[16] Yenə orada, 113.

[17] Incoterms in International Trade – Aceris Law (2020), https://www.acerislaw.com/incoterms-in-international-trade/ (son baxış 10 aprel 2023).

[18] Yuxarıda istinad 1, 63.

[19] Yenə orada, 73.

[20] Yenə orada, 83-84.

[21] Jonathan Davis, John Vogt, Incoterms 2020 and the Missed Opportunities for the Next Version, 25 International Journal of Logistics Research and Applications 1, 30 (2022). Burada bax: https://www.researchgate.net/publication/349754486_Incoterms_R_2020_and_missed_opportunities_for_the_next_version (son baxış 9 may 2023).

[22] Yenə orada, 32.

[23] Yenə orada, 34.

[24] Yenə orada, 39.

Müəllif: Rövşən Əliyev, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 1-ci kurs.