Müəllif: Nihat Şahmuradov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 1-ci kurs.


Giriş

I. Üçüncü tərəflərin arbitraj prosesinə cəlb olunmasının hüquqi əsasları

II. Arbitraj sazişinin sərhədlərinin genişlənməsinin yaratdığı risklər

III. Çərçivədən kənar düşüncə – Klassik yanaşmaların yeni tətbiqi

Nəticə

Giriş

Arbitraj prosesinin əsasını arbitraj sazişində əks olunan tərəflərin qarşılıqlı razılığı təşkil edir. Bununla belə, bəzən sazişi imzalamayan üçüncü tərəflərin də prosesə cəlbi zəruri olur ki, bu da arbitrajın razılığa əsaslanan təbiətinə ziddir. Sözügedən məsələnin tənzimlənməsi ilə bağlı beynəlxalq arbitrajda vahid yanaşmanın olmaması üçüncü tərəflərin arbitraj prosesinə cəlb edilməsini mübahisəli məsələyə çevirmişdir. Bu bloq yazısında arbitraj sazişini imzalamayan üçüncü tərəflərin prosesə cəlb olunması haqqında müxtəlif nəzəriyyələrdən bəhs ediləcək, habelə bunun meydana gətirdiyi mümkün risklərə və müxtəlif yanaşmalara nəzər salınacaq.

I. Üçüncü tərəflərin arbitraj prosesinə cəlb olunmasının hüquqi əsasları

Arbitraj sazişi onu imzalayan tərəflər üçün nəzərdə tutulsa da, bəzən sazişi imzalamayan üçüncü tərəflər də həmin münasibətlərin ayrılmaz hissəsinə çevrilirlər. Belə hallarda tribunallar müxtəlif meyarlar əsasında arbitraj sazişinin əhatəsini genişləndirərək üçüncü tərəfləri prosesə cəlb edə bilirlər.

Arbitraj tribunallarının istinad etdikləri əsas meyarlardan biri üçüncü tərəfin müqavilədən fayda götürməsidir. Belə ki, estoppel (ingiliscə: “estoppel”) nəzəriyyəsinə əsasən, müqavilədən faydalanan üçüncü tərəflər sırf arbitraj sazişini imzalamadıqlarına görə məsuliyyətdən yayına bilməzlər.[1] Məsələn, International Paper Company Schwabedissen Maschinen & Anlagen GmbH-ə qarşı işində “International Paper Company” şirkəti (Alıcı) Almaniyanın “Schwabedissen Maschinen & Anlagen GmbH” şirkətinin (Satıcı) məhsulunu ABŞ distribütoru “Wood System Incorporated” şirkəti (Distribütor) vasitəsilə almışdır. Distribütor ilə Satıcı arasındakı müqavilədə mübahisələrin arbitrajda həlli nəzərdə tutulmuşdur. Daha sonra Distribütorun müflis olması səbəbilə Alıcı birbaşa olaraq müqavilə öhdəliklərinin pozulmasını əsas gətirməklə Satıcıya qarşı məhkəməyə müraciət etmişdir. Həmçinin Alıcı Distribütor ilə Satıcı arasındakı müqavilədə nəzərdə tutulmuş zəmanət öhdəliklərinə əsasən, öz hüquqlarını qorumaq istədiyini iddia etmişdir. Satıcı isə Distribütor ilə bağladığı müqavilənin arbitraj maddəsinə əsaslanaraq mübahisənin arbitrajda həll olunmasını tələb etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Alıcı birbaşa müqavilənin tərəfi olmasa da, ondan fayda götürmüş və iddiasını məhz həmin müqavilənin zəmanət şərtləri ilə əsaslandırmışdır. Buna görə də o, müqavilədəki arbitraj şərtindən yayına bilməz.[2]

Bununla yanaşı, korporativ qrupa daxil olan hər bir şirkət hüquq və öhdəlikləri baxımından müstəqil hüquqi subyekt hesab olunsa da, müəyyən hallarda onların birgə məsuliyyətə cəlb olunmasına ehtiyac yaranır.[3] Belə ki, bəzən digəri üzərində hərtərəfli nəzarəti həyata keçirən şirkətlər bu prinsipə sığınaraq məsuliyyətdən yayınmağa çalışır. Belə hallarda tətbiq edilən alter-eqo (ingiliscə: “alter-ego”) nəzəriyyəsi başqa bir hüquqi şəxsin şəxsiyyətinin arxasında gizlənən əsl subyekti müəyyənləşdirərək onu məsuliyyətə cəlb etməyə imkan verir.[4] Belə ki, şirkət digər şirkət üzərindəki nəzarətindən sui-istifadə edərək dələduzluq və digər qanunsuz fəaliyyətlərlə məşğul olarsa, bu zaman korporativ örtük qaldırıla və onlar eyni qurum kimi qiymətləndirilə bilər.[5]

Digər əsas meyarlardan biri də korporativ qrupda olan hüquqi şəxslərdən birinin və ya bir neçəsinin digər şirkətin imzaladığı müqaviləyə bağlılığını göstərən obyektiv niyyətinin olmasıdır.[6] Belə ki, şirkətlər qrupu (ingiliscə: “group of companies”) nəzəriyyəsinə əsasən, belə bir niyyət müqaviləni imzalamayan tərəfin danışıqlarda, onun bağlanmasında və icrasında birbaşa iştirakından irəli gələ bilər.[7] Bu zaman tribunallar korporativ qrupa daxil olan hüquqi şəxsləri vahid hüquqi şəxs və ya “vahid iqtisadi reallıq” kimi qiymətləndirərək formal olaraq imza atmamış şirkətləri arbitraja cəlb edə bilərlər.[8]

Bu nəzəriyyə beynəlxalq arbitrajda ilk dəfə Dow Chemical Isover Saint Gobain-ə qarşı işi ilə əsaslandırılmışdır. Belə ki, “Dow Chemical” qrupunun müxtəlif törəmələri ilə “Isover Saint Gobain” şirkəti arasında tərkibində arbitraj müddəası olan distribütor müqaviləsi mövcud idi. Öhdəliklərin icrası ilə bağlı problemlər yarandıqda müqavilə tərəfi olan törəmə şirkətlər müqaviləni imzalamayan, lakin məhsul çatdırılmasında iştirak edən başqa bir törəmə şirkət və ana şirkətlə birlikdə işə arbitrajda baxılması üçün iddia qaldırmışdır. Daha sonra “Isover Saint Gobain” bu şirkətlərin sazişi imzalamadıqlarına görə tribunalın səlahiyyətini mübahisələndirmişdir. Bununla belə, tribunal ana şirkətin prosesdə iştirak edən törəmə şirkətlər üzərində mütləq nəzarətə malik olduğunu, müqaviləni imzalamayan digər törəmə şirkətin isə müqavilənin icrasında fəal iştirak etdiyini müəyyən etmişdir. Bu əsaslarla tribunal həmin şirkətlərin “vahid iqtisadi reallıq” təşkil etdiyinə qərar vermiş və işə mahiyyəti üzrə baxmışdır.[9]

Göründüyü kimi, arbitraj sazişinə imza atmayan üçüncü tərəflərin prosesə cəlb edilməsi müxtəlif nəzəriyyələrlə əsaslandırıla bilər. Bununla belə, mövcud yanaşmaların tətbiqi zamanı yaranan çətinliklər bu məsələnin hüquqi baxımdan kifayət qədər riskli olduğunu göstərir.

II. Arbitraj sazişinin sərhədlərinin genişlənməsinin yaratdığı risklər

Arbitraj prosesinə üçüncü tərəflərin cəlb edilməsinin mübahisəli məsələ kimi qalmasının əsas səbəbi mövcud risklərdir. Tribunallar yuxarıda qeyd olunan nəzəriyyələrə istinad edərək bir çox qərarlar vermiş olsalar da, bu nəzəriyyələrin effektivliyi və qərarların tanınması daim sual altındadır.

Üçüncü tərəflərin arbitraja cəlb edilməsinin ən mübahisəli məqamlarından biri üçüncü tərəflərin razılığının olub-olmamasıdır. Belə ki, “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) II(2) bəndi arbitraj sazişini “tərəflərin imzaladığı … yazılı razılaşma” olaraq ifadə edir.[10] Bununla belə, bu müddəa sazişi imzalamayan tərəflərin arbitraj sazişinə istinad edə bilməsi məsələsində vahid mövqe ortaya qoymur.[11] Məsələn, GE Energy Power Conversion France SAS Outokumpu Stainless USA LLC-yə qarşı işində arbitraj maddəsi ehtiva edən müqaviləni imzalamamış “GE Energy Power Conversion France SAS” şirkətinin arbitrajda iştirak hüququ müxtəlif instansiya məhkəmələri tərəfindən fərqli qiymətləndirilmişdir. Alabama Cənub Dairə Məhkəməsi estoppel nəzəriyyəsinə əsaslanaraq bu hüququ tanımış, lakin 11-ci Dairə üzrə ABŞ Apellyasiya Məhkəməsi yalnız müqaviləni imzalayan tərəflərin arbitraja müraciət edə biləcəyini bildirərək bu yanaşmanı rədd etmişdir. ABŞ Ali Məhkəməsi isə yekunda Konvensiyanın belə hallara qarşı hüquqi maneə yaratmadığını qeyd etsə də, üçüncü tərəfin arbitrajda iştirakı məsələsinə tam aydınlıq gətirməmişdir.[12] Beləliklə, bu cür fərqli yanaşmalar tərəflərin mübahisə zamanı hansı mexanizmin tətbiq olunacağını əvvəlcədən müəyyənləşdirməsinə mane ola və nəticədə hüquqi müəyyənliyi poza bilər.[13]

Bundan əlavə, arbitraj qərarının qəbul edildiyi ölkənin qanunvericiliyi ilə icra olunacağı ölkənin qanunvericiliyi arasında uyğunsuzluqlar qərarın icrasına maneə yarada bilər.[14] Belə ki, Konvensiyanın V(2) maddəsinə əsasən, əgər ölkənin qanunvericiliyinə görə mübahisə arbitrajla həll edilə bilən xarakter daşımırsa, həmin ölkənin səlahiyyətli orqanı tanınma və icradan imtina edə bilər.[15] Məsələn, Sarhank Group Oracle Corporation-a qarşı işində “Sarhank Group” şirkəti şirkətlər qrupu nəzəriyyəsinə əsaslanaraq həm müqavilənin bağlandığı “Oracle System”, həm də onun ana şirkəti “Oracle Corporation” şirkətinə qarşı arbitraj işi başlatmışdı. Tərəflərin müqavilədə tətbiq olunan hüquq kimi təsbit etdiyi Misir hüququna əsasən, bu nəzəriyyənin tətbiqi mümkün olsa da, işin icra ediləcəyi ABŞ məhkəməsi bunu öz qanunvericiliyinə uyğun bilməyərək qərarı tanımamışdır.[16]

Qeyd edilən risklər göstərir ki, üçüncü tərəfin cəlb edilməsi yalnız hüquqi əsaslarla deyil, həm də faktiki baxımdan diqqətlə qiymətləndirilməlidir. Bu səbəbdən arbitrajın effektivliyini qorumaq üçün yalnız ənənəvi yanaşmalarla kifayətlənmək əvəzinə, çərçivədən kənar düşünmək lazımdır.

III. Çərçivədən kənar düşüncə – Klassik yanaşmaların yeni tətbiqi

Mövcud nəzəriyyələrin tətbiqindəki çətinliklər artıq ənənəvi yanaşmaların kompleks problemləri həll etmək üçün kifayət edə bilməyəcəyini göstərir. Bu səbəblə beynəlxalq təcrübədə daha çevik və faktlara əsaslanan yanaşmalar ön plana çıxır.

Öncəliklə, tribunallar effektiv arbitraj yurisdiksiyasına malik ola bilərlər. Bu anlayışa görə əgər mübahisə üçüncü tərəfləri ayrılmaz şəkildə əhatə edirsə, mübahisənin effektiv şəkildə həll olunması üçün tribunal “müqavilədənkənar yurisdiksiya” əldə etməlidir. Bu zaman tribunal qərar verərkən yalnız arbitraj sazişinin hüdudlarını deyil, qarşısında duran mübahisənin tam mənzərəsini, o cümlədən üçüncü tərəflərlə olan əlaqəsini nəzərə almalıdır.[17] Burada tribunallar mübahisəyə əsaslanan yanaşma tətbiq edə bilərlər. Belə ki, əgər bir mübahisədə üçüncü tərəflərin hüquqları, iddiaları və məsuliyyəti həmin mübahisənin əsas məsələləri ilə sıx bağlıdırsa, tribunal bu tərəfləri prosesə daxil etmək səlahiyyətinə malik olmalıdır. Bu yanaşma dolayı razılıq yox, ədalət və bərabərlik prinsiplərinə əsaslanır.[18] Yəni tribunallar razılığın sübut edilməsinə ehtiyac duymadan üçüncü tərəfin iddiasının arbitraj maddəsinin əhatə etdiyi mübahisəyə daxil olub-olmadığını yoxlayaraq onu prosesə cəlb edə bilərlər.[19] Əks halda, üçüncü tərəf iştirak etmədiyi bir arbitrajın qərarından ciddi şəkildə təsirlənə bilər.[20] Bu yanaşma milli hüquq sisteminə daxil edildikdən sonra artıq razılığın olmaması səbəbilə arbitraj qərarının icrasından imtina mümkün olmayacağından tanınma problemi ortadan qalxmış olacaq.[21]

Digər diqqət yetirilməli yanaşmalardan biri də hibrid yanaşmadır. Bu yanaşmaya əsasən, tribunal bir neçə nəzəriyyəni birləşdirərək tətbiq edə bilər.[22] Məsələn, Fransa məhkəmələrində şirkətlər qrupu, ABŞ məhkəmələrində alter-eqo və estoppel nəzəriyyələrinə istinad edildiyi halda, tribunal sadəcə nəzəriyyələrdən birinə əsaslanmaq əvəzinə onların müəyyən elementlərini uzlaşdıra və ya tamamilə yeni bir metod yarada bilər. Beləliklə, tribunallar hüququn sərt çərçivələrindən kənara çıxaraq faktlar əsasında mübahisəyə baxa bilərlər.[23]

Məsələn, J.J. Ryan & Sons, Inc Rhone Poulenc Textile, S.A-yə qarşı işində tribunal konkret nəzəriyyəyə əsaslanmaq əvəzinə fakt əsaslı yanaşma tətbiq etmişdir. Bu yanaşma üçmərhələli metod olmaqla, ilk növbədə faktları təhlil edərək tərəflərin niyyətinin müəyyən edilməsini tələb edir. Bu mümkün olmadıqda üçüncü tərəfin hərəkətləri ilə müqaviləyə bağlılığı və bunun əsasında məsuliyyəti qiymətləndirilməli, ardınca isə tərəfin sui-istifadə və dələduzluq edib-etmədiyi müəyyənləşdirilməlidir.[24] Sözügedən faktlar isə estoppel, şirkətlər qrupu və alter-eqo nəzəriyyələrinin bənzər elementlərinin tətbiqini nəzərdə tutur.[25]

Beləliklə, tribunallar üçüncü tərəfi mübahisəyə daxil edərkən müqavilənin çərçivəsindən bir qədər kənara çıxmaqla fakt əsaslı çevik həll yolu təqdim edə bilərlər. Bu zaman çevikliyin həddi hüquqi müəyyənliyi pozmayacaq dərəcədə balanslı müəyyən edilməlidir.[26] Bununla da, həm üçüncü tərəflərin, həm də əsas tərəflərin hüquqları müdafiə olunacaqdır.

Nəticə

Ənənəvi yanaşmaya əsasən, üçüncü tərəflərin arbitraja cəlb edilməsi üçün onların açıq razılığı ifadə olunmalıdır. Bununla belə, bəzən razılıq olmadan da üçüncü tərəflər prosesə daxil edilirlər. Müxtəlif nəzəriyyələr və məhkəmə presedentləri bu məsələyə fərqli yanaşmalar təqdim etsə də, belə hallarda müxtəlif risklər ortaya çıxa bilər. Tribunal üçüncü tərəfin arbitraj prosesinə daxil edilib-edilməməsinə qərar verərkən, hər işin özünəməxsus şəraitini nəzərə almalıdır. Belə ki, arbitrajın həqiqi dəyəri çətin və nəticəsiz razılıq axtarışlarında deyil, effektiv və real həll yolları təqdim etməsindədir. Beləliklə, tribunal yalnız maneə rolunu oynayan formal prinsiplərə yox, məntiqə əsaslanaraq qərar verə bilər.


[1] Edward Ho Ming, Methods to Extend the Scope of an Arbitration Agreement to Third Party Non-Signatories 1, 20 (2009).

[2] Johanna Maxson, Binding Non-Signatories to Arbitration Agreements: The Issue of Consent in International Commercial Arbitration, 15-16 (Master thesis, University of Gothenburg) (2013). Daha ətraflı bax: International Paper Co. v. Schwabedissen Maschinen & Anlagen GmbH, No. 98-2482 (2000).

[3] Phillip I. Blumberg, The Corporate Entity in an Era of Multinational Corporations, 15 Delaware Journal of Corporate Law 283, 287-288 (1990).

[4] Kanan Tayyarlı, Involvement of Third Parties in the Arbitration 1, 10 (2021). Burada bax: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3911746 (son baxış 10 iyul 2025).

[5] Gary B. Born, International Commercial Arbitration, 2359 (3rd ed. 2021).

[6] Yenə orada, 2367-2368.

[7] Ming, yuxarıda istinad 1, 18.

[8] Yenə orada, 5.

[9] Born, yuxarıda istinad 5, 2366-2367. Daha ətraflı bax: Dow Chemical Company v. Isover Saint Gobain, ICC Case No. 4131 (1984).

[10] “Yazılı razılaşma” anlayışı teleqramlar və ya məktubların mübadiləsində əksini tapan, yaxud tərəflərin imzaladıqları müqavilədəki arbitraj qeyd-şərtini və ya arbitraj sazişini ehtiva edir. “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Konvensiya, mad. II(2) (1958).

[11] Amber Zelko, Two's Company, Three's Crowd: An Exploration of Non-Signatory Parties's Ability to Bring an Action under Arbitration and Its Impact on International Commercial Arbitration, 15 Arbitration Law Review 119, 119 (2024).

[12] Daha ətraflı bax: GE Energy Power Conversion France SAS v. Outokumpu Stainless USA LLC, No. 18-1048 (2020).

[13] Yuxarıda istinad 1, 31.

[14] Maxson, yuxarıda istinad 2, 34-35.

[15] Yuxarıda istinad 10, mad. V(2).

[16] Yuxarıda istinad 2, 36. Daha ətraflı bax: Sarhank Group. v. Oracle Corporation, No. 02-9383 (2005).

[17] Stavros L. Brekoulakis, Arbitration and Third Parties, 123-124 (PhD thesis, Queen Mary University of London) (2008).

[18] Tejas Chhura, The Need to Re-think the Group of Companies Doctrine in International Commercial Arbitration, 15 NUJS Law Review 1, 13-14 (2022).

[19] Iryna Kyrylchuk, Per Aspera ad Astra – Non-signatories in Arbitration: From “Juristic Chemistry” to Concept of Dispute, 39-40 (Master thesis, International Hellenic University) (2016).

[20] Chhura, yuxarıda istinad 18, 14.

[21] Yenə orada, 16.

[22] Kyrylchuk, yuxarıda istinad 19, 36.

[23] Yuxarıda istinad 1, 28.

[24] Tobias Zuberbühler, Non‐Signatories and the Consensus to Arbitrate, 26 Kluwer Law International 18, 33 (2008). Daha ətraflı bax: J.J. Ryan & Sons, Inc. v. Rhone Poulenc Textile, S.A, Nos. 87-1760, 88-1501, 87-1759 (1988).

[25] Yuxarıda istinad 1, 29.

[26] Yenə orada, 31.