Giriş
I. Arbitrların səlahiyyətləri
II. Arbitrların vəzifələri
Nəticə
GİRİŞ
Arbitraja müraciət edildikdə arbitraj araşdırması başlanılır. İşə arbitraj tərkibi (arbitrlar) təyin edilməyənədək arbitraj işi üzrə heç bir prosessual hərəkətlər yerinə yetirilə bilməz.[1] Arbitraj tərkibi konkret işi həll etmək üçün yaradılır və proses başa çatdıqda səlahiyyətlərinə xitam verilir. Arbitrlar (arbitraj tərkibi) mübahisəni həll edən şəxslərdir və onların səlahiyyətləri milli arbitraj qanunvericiliyi, arbitraj reqlamentləri və tərəflərin bağladığı arbitraj sazişi ilə müəyyən edilir. Arbitrlar (1) tərəflərin sazişi üzrə, (2) başqa arbitrlar tərəfindən və (3) milli məhkəmələrin qərarı ilə təyin edilə bilər. Məhkəmələrdən fərqli olaraq arbitrajda arbitrların təyin edilməsi bir çox hallarda tərəflərin rəyindən asılı olur. Tərəflər arbitrları seçməkdə sərbəstdirlər. Fəaliyyət qabiliyyətli hər hansı fiziki şəxs arbitr seçilə bilər. Arbitrların seçilməsi yalnız reqlamentdə nəzərdə tutulduğu halda və ya tərəflərin arzusu ilə məhdudlaşdırıla bilər.[2]
I. ARBİTRLARIN SƏLAHİYYƏTLƏRİ
Arbitraj reqlamentlərində arbitrlar üçün geniş səlahiyyətlər nəzərdə tutula bilər. Bu sıraya arbitraj araşdırmasının aparıldığı dilin müəyyən edilməsi, prosessual müddətlərin müəyyən olunması, sübutların tələb olunması, ekspertizanın təyin edilməsi və s. səlahiyyətlər aid edilə bilər. Eyni zamanda arbitrların tərəfləri açıq münaqişədən çəkindirmək, proses üzrə tərəflərin maraqlarını özündə əks etdirən qətnamə çıxarmaq, prosessual hüquq və vəzifələri müəyyən etmək kimi funksiyaları var.[3] Tərəflər arbitrlara reqlamentdə nəzərdə tutulmayan səlahiyyətlər həvalə edə bilər. Arbitraj sazişi ilə arbitrlara prosesin keçirilməsi qaydasının müəyyən edilməsi, tərəflərdən sübutları tələb etmək, mübahisəni «barışıq vasitəçiliyi» ilə həll etmək kimi hüquqlar verilə bilər. Həmçinin, tərəflərin razılığı ilə arbitrların üzərinə nəzərdə tutulan prosedur qaydaları əsasında işə müəyyən edilən müddət ərzində baxılması və s. vəzifələr qoyula bilər. Arbitrların müəyyən etdiyi qaydalar arbitraj prosesinin nəticələrinə mənfi təsir etməməlidir.[4]
Arbitrların işə baxılmadan öncə və ya proses gedişində səlahiyyətlərinə xitam verilə bilər. Belə ki, arbitrlara etiraz edilməsi, arbitrın özü özünə etiraz etməsi, arbitrin ölümü, ağır xəstəliyi, arbitrın üzərinə düşən vəzifəni yerinə yetirməməsi, eyni zamanda reqlamentdə nəzərdə tutulduğu halda cari proses üçün arbitr seçilməsinə icazə verilməyən şəxslər arbitr seçildiyi halda fəaliyyətinə xitam verilə bilər.[5]
Hər bir ölkənin milli arbitraj qanunvericiliyi arbitrlar üçün geniş hüquq və vəzifələr nəzərdə tuta bilər və ya əksinə, onu məhdudlaşdıra bilər. Məsələn, Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının qanununa görə tərəflər öz mülahizələrinə uyğun olaraq istədiyi sayda arbitr təyin edə bilərlər. Eyni zamanda say müəyyən olunmayıbsa, 3 arbitr təyin olunur.[6] Qanuna əsasən arbitr iddia predmetinə münasibətdə təminedici tədbirlər həyata keçirə bilər, öz səlahiyyətləri barəsində qərar çıxara bilər, tərəflər arasında razılıq olmadıqda lazım bildiyi qaydada arbitraj baxışını apara bilər və s.[7]
II. ARBİTRLARIN VƏZİFƏLƏRİ
Tərəflər arbitraj sazişini bağlamaqla arbitrlara prosesin keçirilməsi qaydasını müəyyən etmək, işə baxmaq və həmin iş üzrə qətnamə çıxarmaq kimi ümumi öhdəlikləri qoyur. Arbitraj reqlamentləri adətən dispozitiv xarakter daşıyır və tərəflərin iradəsindən asılı olaraq öhdəliklər dəyişə bilər.
Dünyanın əksər ölkələrinin arbitraj qanunvericiliyində arbitrların öz funksiyalarını vicdanla, qərəzsiz və məsuliyyətlə yerinə yetirməsi onların vəzifəsi kimi müəyyən edilmişdir. Hətta Almaniya və Avstriya qanunvericiliyində arbitrlar bu vəzifəni lazımi qaydada icra etmədikdə dəyən zərərin ödənilməsi ilə bağlı onlara qarşı iddia tələbinin verilməsi hüququ nəzərdə tutulmuşdur.[8] Bu halda tərəflərlə arbitrlar arasında yaranan münasibətlər müqavilə – hüquq münasibətləri kimi səciyyələndirilir. Lakin AR-nın qanunvericiliyində hakimlərin (arbitrların) vurduqları zərərə görə məsuliyyət daşıması nəzərdə tutulmamışdır, əksinə hakimlərin (arbitrların) toxunulmazlıq hüququ təsbit olunmuşdur.
Beynəlxalq arbitraj prosesində əsas prinsiplərdən biri kimi arbitrları müstəqilliyi və qərəzsizliyi göstərilir.[9] Bu prinsip demək olar ki, arbitraj reqlamentlərinin hamısında öz əksini tapmışdır. Arbitrın müstəqilliyi dedikdə, onunla tərəflər arasında hər hansı maddi, mənəvi əlaqələrin mövcud olmaması nəzərdə tutulur. Arbitrların qərəzsizliyi dedikdə isə işin həll edilməsinə tərəflərin təsir imkanlarının olmaması və arbitrın tərəflərdən birinə meyilli olmaması nəzərdə tutulur.[10]
Arbitrların əxlaqi və etik vəzifələri Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının qəbul etdiyi «Beynəlxalq Arbitrların Etik Qaydaları»nda əks etdirilmişdir. Tərəflər arbitraj sazişində həmin qaydaların tətbiq edilməsi barədə razılığa gələ bilərlər və bu halda həmin qaydaların tələbləri işə baxan arbitrlar üçün məcburi xarakter daşıyır.[11]
NƏTİCƏ
Arbitraj prosesində arbitrların düzgün seçilməsi işin mahiyyətini həll edir. Arbitrlar təyin edilərkən onların ixtisası, hansı hüquq sisteminə bələd olması, araşdırmanın aparıldığı dili bilməsi, prosesə sərbəst vaxt ayıra bilməsi, peşəkarlığı və s. hallar nəzərə alınır ki, bu da tərəflərin öhdəsinə buraxılır. Arbitraj prosesində arbitrların düzgün seçilməsi, tərəflərin verdiyi əlavə səlahiyyətlər arbitraj qərarının qəbul olunmasına dolayısıyla təsir edir. Arbitraj tərkibi mübahisəni həll etdikdən sonra fəaliyyətinə xitam verilir.
İstinadlar:
[1] Vidadi Mirkamal, Beynəlxalq Arbitraj prosesi, 169 (2011).
[2] Alan Redfern & Martin Hunter, Redfern and Hunter on International Arbitration, 263 (6th ed. 2009).
[3] Emilia Onyema, International and Commercial Arbitration and Arbitrator’s Contract, 31 (2010).
[4] Mirkamal, yuxarıda istinad 1, 167.
[5] Vidadi Mirkamal, Mübahisələrin alternativ həll üsulları, 11 (2009).
[6] Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 10 (1999).
[7] Yenə orada, maddə 16, 17, 19 (1999).
[8] Margaret L. Moses, The principles and practise of international commercial arbitration, 157 (2012).
[9] UNCITRAL Arbitration Rules, art. 9 (1976), London Court of International Arbitration Rules, art. 5 (2014), Arbitration Rules of the German Institution of Arbitration, art. 15 (1998).
[10] Onyema, yuxarıda istinad 3, 32.
[11] Mirkamal, yuxarıda istinad 1, 171.
Müəllif: Səbinə Sarıyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.