Giriş
I. Faktlar
II. Analiz
Nəticə
GİRİŞ
American Safety Equipment Corp. v. J. P. & Co., 391 F.2d 821 (CA2) doktrinasına əsasən ABŞ-da dövlət daxilində olan antiinhisar mübahisələrə arbitraj tərəfindən baxıla bilməz.[1] Bu yazıda isə ABŞ Ali Məhkəməsinin “Mitsubishi v. Soler Chrysler-Plymouth, 473 U.S. 614 (1985)” işi [2] əsasında beynəlxalq xarakterli əqdlə əlaqəli olan antiinhisar məsələlərinin arbitrajda baxıla bilinib-bilinməyəcəyi barədə qərarı təhlil edilmişdir.
I. FAKTLAR
İşin tərəfləri kimi Yapon korporasiyası – “Mitsubishi Motors” (Bundan sonra “Mitsubishi”) iddiaçı qismində və Puerto Riko korporasiyası – “Soler Chrysler-Plymouth, Inc.” (Bundan sonra “Soler”) cavabdeh qismində iştirak edirlər. Tərəflər arasında Mitsubishi-nin istehsal etdiyi maşınların Soler tərəfindən müəyyən ərazidə paylanması və satışı barədə müqavilələr imzalanır və satış müqaviləsinin müddəalarının birində bu müqavilənin pozulması ilə əlaqədar mübahisələrin Yapon Kommersiya Arbitraj Assosiasiyası tərəfindən həll ediləcəyi qeyd olunur. Müqavilələrin bağlanmasından sonra ilk vaxtlar maşınların satışı razılaşmaya uyğun şəkildə normal gedir, lakin bir müddət sonra satışda ləngimə baş verir. Nəticə olaraq Mitsubishi maşın göndərməyi azaldır və Soler maşınları Latın Amerikasında satmağı təklif etsə də, Mitsubishi bu təkliflə razılaşmır. Beləliklə, maşınların satışı ilə bağlı mübahisələr yaranır və yaranan mübahisələri tərəflərin danışıqlar yolu ilə həll etmə cəhdləri uğursuzluqla nəticələnir. Buna görə də, Mitsubishi mübahisələrin həlli üçün arbitraj təşkil edilməsi qərarı verilməsi məqsədi ilə Federal Rayon Məhkəməsinə müraciət edir.
Məhkəmədə Soler də öz əks-iddialarını irəli sürərək qeyd edir ki, Mitsubishi onların müqaviləsini dəfələrlə pozmuş və Solerin nüfuzunu aşağı salmışdır. Əks-iddialarında Sherman Act’a əsaslanan Soler Mitsubishi’nin ticarətə müdaxilə edərək bazarları böldüyünü və ona görə də Soler’ə ondan aldığı maşınları Şimali, Mərkəzi və Cənubi Amerikada satmağa icazə vermədiyini qeyd edir. Bununla yanaşı, Soler əks-iddiasında Mitsubishi’nin öz eksklüziv distrübutorunu yaratmaq məqsədi ilə Soler’i və özünün Puerto Rikodakı digər distrübutorlarını tamamilə sahibləndiyi törəməsi ilə əvəz etməyə çalışdığını vurğulayır. Nəticə olaraq isə, Mitsubishinin hər şeyi öz törəməsinin əlində cəmləməyə çalışması inhisarçılığa gətirib çıxara bilərdi.
Öz qərarında “Scherk” işinə əsaslanan Puerto Riko Federal Rayon Məhkəməsi arbitraj təşkil edilməsi qərarını uyğun hesab edir və qeyd edir ki, American Safety Equipment Corp. v. J. P. & Co., 391 F.2d 821 (CA2) doktrinasına əsasən antiinhisarla bağlı mübahisələr arbitrajda baxılmamalı olsa da, bu mübahisə beynəlxalq xarakterli mübahisədir və məhz bu xüsusiyyət hazırki mübahisənin arbitrajda həll edilməsinə icazə verir.
Lakin bu qərarın qəbul edilməsindən sonra ABŞ Birinci Dairə Apellyasiya Məhkəməsi onu ləğv edir. Apellyasiya Məhkəməsi öz qərarını bununla əsaslandırır ki, nə “Scherk”işi, nə də Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası barədə Nyu-York Konvensiyası ABŞ-dan bu kimi məsələlərdə öz daxili siyasətinə yenidən baxmağı və arbitrajın təşkilinin təmin edilməsini tələb etmir.
II. ANALİZ
Bu işdə ABŞ Ali məhkəməsi iki əsas suala cavab verməyə çalışmışdır: 1) əgər mübahisə tərəflərindən hansısa biri arbitrajın qanunun pozulması ilə bağlı meydana gələn mübahisələr üçün təşkil edilməsini istəmirsə, həmin tərəfin hüquqlarını qoruyan qanunun pozulması ilə bağlı mübahisələrə arbitrajda baxıla bilərmi; 2) beynəlxalq xarakterli antiinhisar mübahisələri arbitraj tərəfindən həll edilə bilərmi. [3]
ABŞ Ali Məhkəməsi öz qərarında ilk olaraq Soler’in cavab ərizəsində qeyd etdiyi “qanuna əsaslanan əks-iddiaların arbitrajda baxılıb dəyərləndirilməsi”, yəni Mitsubishinin müqavilə ilə deyil, qanunvericiliklə bağlı etdiyi pozuntuların arbitrajda baxılıb dəyərləndirilməsi məsələsinə münasibətini bildirir. Soler ərizəsində qeyd etmişdir ki, onun qanuna əsaslanan əks-iddialarının arbitraj tərəfindən baxılıb dəyərləndirilməsi düzgün hesab edilməməlidir və belə iddialara arbitrajda baxılmamalıdır. O, öz arqumentini belə əsaslandırır ki, arbitrajın qanuna əsaslanan hansısa iddiaya baxması üçün mütləq həmin qanun əvvəlcə müqavilənin arbitraj müddəasında qeyd edilməlidir. Yəni əgər arbitraj müddəası hər hansı bir qeyd edilmiş qanunun tələblərinin pozulması ilə bağlı məsələlərin də arbitrajda həll ediləcəyini vurğulamırsa, tərəflərin mübahisələri üçün müəyyən etdiyi arbitraj bu məsələ ilə bağlı qərar qəbul edə bilməz. Bu məsələyə öz münasibətini bildirən Ali Məhkəmə irəli sürülən arqumenti əsassız hesab edir və Arbitraj Aktında qanuna əsaslanan iddiaların arbitrajda baxılmasının əleyhinə prezumpsiyanın olmadığını, buna görə də, bu cür iddiaların da arbitrajda baxılıb dəyərləndirilməsinin mümkün olduğunu qeyd edir.
Növbəti olaraq Ali Məhkəmə beynəlxalq xarakterli antiinhisar məsələlərinin arbitrajda baxılması məsələsinə öz münasibətini bildirmişdir. Ali Məhkəmə bu məsələ ilə bağlı ilk olaraq onun beynəlxalq xarakterini nəzərə alaraq daxili mübahisələrdə müraciət edilən American Safety doktrinasına müraciət etməyi lüzumsuz hesab edir.[4] Daha sonra məhkəmə mövqeyini bu cür əsaslandıraraq qeyd edir ki, “beynəlxalq nəzakətlilik, xarici və transmilli tribunalların gücünə hörmət bizdən tərəflərin bu razılaşmasının qüvvədə olmasını tələb edir”. Məhkəmə, həmçinin əvvəlki işlərlə bağlı qərarlarda da (Bremen case) beynəlxalq əqdlərdə gələcək mübahisələrin həlli yerinin əvvəlcədən əqdin iştirakçıları tərəfindən seçilməsi müddəalarının olmasının daha faydalı olduğunun vurğulandığını qeyd edir. Beynəlxalq xarakterli antiinhisar məsələlərin həllinin arbitrajın səlahiyyətindən kənar saxlanması ilə əlaqədar “Scherk” işi ilə bağlı qərara xüsusilə istinad edən Ali Məhkəmə hansısa bir ölkənin məhkəmələri tərəfindən beynəlxalq arbitraj razılaşmasının qüvvəsinin inkar edilməsinin beynəlxalq ticarətə ziyan vurulması, iş adamlarının beynəlxalq kommersiya müqavilələri bağlamalarına mənfi təsir göstərməsi ilə nəticələnəcəyini qeyd edir.
Bu sualla bağlı məhkəmənin digər toxunduğu məsələ isə antiinhisar mübahisələrinin şəxsi zərərdən əlavə ictimai əhəmiyyətinin böyük olması və buna görə də arbitrajın bu qədər əhəmiyyətli məsələlər ilə bağlı qərar vermək səlahiyyətinin düzgün hesab edilib-edilməməsi olmuşdur. ABŞ Ali Məhkəməsi bu cür mübahisələrin həlli üçün seçiləcək arbitrların mübahisə predmetindən kifayət qədər anlayışı olan insanların olacağına və onların qərəzsizliyinə güvənərək arbitrajın beynəlxalq antiinhisar mübahisələri ilə bağlı qərar qəbul etməsini düzgün hesab etmişdir.
NƏTİCƏ
Nəticə olaraq ABŞ Ali Məhkəməsi qanun pozuntusu ilə bağlı mübahisələrin və beynəlxalq xarakterli antiinhisar mübahisələrinin ölkədaxili antiinhisar məsələlərindən fərqli olaraq arbitrajlar tərəfindən baxılıb həll edilməsinin mümkünlüyünü təsdiq etmişdir. Bu da onu göstərir ki, bəzən arbitrajda baxıla bilən məsələlərin dairəsinin genişləndirilməsi mümküdür.
İstinadlar:
[1] American Safety Equipment Corp. v. J. P. Maguire & Co., Inc., American Safety Equipment Corp. v. Hickok Manufacturing Co., Inc., 391 F.2d 821 (2d Cir. 1968).
[2] Mitsubishi v. Soler Chrysler-Plymouth, 473 U.S. 614 (1985).
[3] J. Stewart McClendon, Subject-Matter Arbitrability in International Cases: Mitsubishi Motors Closes the Circle, 11, North Carolina Journal of International Law and Commercial Regulation, 81, 90 (1986).
[4] Lisa Sopata, Mitsubishi Motors Corp. v. Soler ChryslerPlymouth, Inc: International Arbitration and Antitrust Claims, 7, Northwestern Journal of International Law & Business, 595, 608 (1986).
Müəllif: Nuranə Məmmədova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.