Giriş

I. Arbitraj Prosesində Üçüncü Şəxslərin Növləri

II. Üçüncü Şəxslərin Müdaxilə Etmə Prosedurası Necə Həyata Keçirilir?

III. Üçüncü Şəxslər “amicus curiae” Qismində

Nəticə

GİRİŞ

“Mən ölüm və vergilərdən daha çox məhkəmə prosesindən qorxuram.” [1] Nə qədər paradoksal səslənsə də, bu sözlər Amerikanın ən məşhur hakimlərindən biri olan Learned Handa məxsusdur. Bəs Learned Handın məhkəmə prosesindən bu qədər çəkinməsinin səbəbi nədir? Bu suala dəqiq cavab verə bilməsək də, onu söyləyə bilərik ki, son dövrlər mübahisələrin alternativ həlli üsullarından geniş istifadə edilməsi müəyyən mənada cəmiyyətin Hand kimi düşünməsinin nəticəsidir. Məhz məhkəmə xərclərinin çoxluğu, prosesin uzun çəkməsi, qanunla kifayətlənməsi insanların bu cür düşünməsinə səbəb olmuşdur, bəlkə Handın da. Müasir dövrdə mübahisələrin alternativ həlli üsulu kimi arbitrajın rolu sürətlə yüksəlməkdədir. Arbitraj prosesi ilə bağlı bir sıra maraqlı məsələlər mövcud olsa da, bu bloq yazısında onlardan biri olan arbitraja üçüncü şəxslərin müdaxiləsi prosesinə toxunacağıq.

ARBİTRAJ PROSESİNDƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN NÖVLƏRİ

Məhkəmə prosesinə üçüncü şəxlərin müdaxiləsi hər zaman mürəkkəb məsələlərdən biri olmuşdur. Ənənəvi məhkəmə prosesi ilə yanaşı üçüncü şəxslərin rolu son dövrlər mübahisələrin alternativ həlli üsullarından biri olan arbitraj prosesində də sürətlə artmaqdadır. Arbitrajda üçüncü şəxs anlayışı öz başlanğıcını mülki prosessual hüquqdan götürmüşdür.[2] Bu səbəbdən üçüncü şəxslərin müdaxilə etməsi ilə bağlı mülki prosessual və arbitraj prosesi arasında müəyyən oxşarlıqlar mövcuddur. Buna misal olaraq üçüncü şəxslərin iki müxtəlif qrupa bölünməsini göstərə bilərik:[3]
a) Mübahisə ilə bağlı müstəqil iddia qaldırmaq hüququna sahib olan üçüncü şəxslər – bu qrupa daxil olan üçüncü şəxslər arbitraj prosesinə müstəqil şəkildə daxil olur və mübahisənin obyekti barədə müstəqil iddia qaldırmaq hüququna malik olurlar;

b) Mübahisə ilə bağlı müstəqil iddia qaldırmaq hüququna sahib olmayan üçüncü şəxslər – ikinci qrupa daxil olanlar isə sadəcə öz hüquqlarını, mənafelərini qorumaq üçün arbitraj prosesinə müdaxilə edir və müstəqil iddia qaldırmaq hüququna malik deyildir.

ÜÇÜNCÜ ŞƏXSLƏRİN MÜDAXİLƏ ETMƏ PROSEDURASI NECƏ HƏYATA KEÇİRİLİR?

Bildiyimiz kimi arbitraj prosesi könüllülük prinsipinə əsaslanıb yurisdiksiyasını mübahisə tərəfləri arasında bağlanmış müqavilədən götürür.[4] Başqa sözlə desək, arbitraj konsensus və tərəflərin müstəqilliyinə əsaslanan bir mexanizmdir. Bütün bu xüsusiyyətləri nəzərə alaraq arbitraja müdaxilə etmə prosesi də yuxarıda göstərilən iki qrup üçün müxtəlif xarakter daşıyır.

İlk qrupa daxil olan şəxslərin arbitraj prosesinə müdaxilə edə bilməsi üçün tribunalın icazəsi yetərlidir.[5] Başqa sözlə desək, arbitraj tribunalı mübahisə tərəflərinin razılığını almadan belə üçüncü şəxslərin iştirakını təmin edə bilər. Bu addım ilk baxışdan tərəflərin müstəqilliyi prinsipinə zidd kimi görünsə də, əslində belə deyildir. Belə ki, bu qrupa daxil olan şəxslər öz hüquqlarına əsaslanaraq mübahisə obyekti barədə müstəqil bir iddia qaldırır və əslində mübahisənin yeni bir tərəfi olurlar.[6]

Digər qrup üçün isə bu prosedur daha fərqlidir. Bu zaman üstünlük mübahisə tərəflərinin razılığına verilir və bu razılıq əsasən onlar arasında imzalanmış arbitraj müqaviləsində öz əksini tapır.[7] Burada tərəflərin razılığının daha üstün mövqedə olması onunla izah olunur ki, ikinci qrupa aid olan şəxslər mübahisə obyekti ilə bağlı müstəqil iddia irəli sürmürlər və onlar mübahisənin həllində ikinci dərəcəli funksiya daşıyırlar.

ÜÇÜNCÜ ŞƏXSLƏR AMİCUS CURİAE QİSMİNDƏ

Son dövrlər üçüncü şəxslərin arbitraj prosesində yeni bir iştirak forması yaranmışdır. Bu iştirak forması latın sözü olan amicus curiae ilə ifadə olunub “məhkəmənin dostu mənasını bildirir.[8] Bu zaman “amicus curiae qismində iştirak edən üçüncü şəxslər mübahisənin qaranlıq qalan məqamları ilə bağlı arbitraj tribunalını məlumatlandırır,[9] bununla da sanki ekspert rolunu oynayırlar.

Məhkəmənin dostları yerli və beynəlxalq məhkəmələrin təcrübəsində uzun zamandır istifadə olunsa da, arbitraj prosesində onların iştirakına münasibət birmənalı deyil. İlk zamanlar onların iştirakı arbitraj tribunalları tərəfindən qəbul edilmirdi. Buna misal olaraq International Centre for Settlement of Investment Disputes (bundan sonra ICSID) tərəfindən qəbul edilmiş 2005-ci il Aguas del Tunari SA v. The Republic of Bolivia işi bağlı qərarı göstərə bilərik. Burada tribunal mübahisə tərəflərinin razılığını üstün tutaraq üçüncü şəxslərin iştirakını qadağan etmişdi.[10]

Son zamanlar isə arbitraj prosesində, xüsusilə də investor-dövlət arbitrajında, məhkəmənin dostlarının iştirakına münasibət müsbət mənada dəyişmişdir. Bu müsbət dəyişimin ilk qığılcımları Azad Ticarət Komissiyasının 2003-cü ildə “Üçüncü şəxslərin iştirakı” barədə bəyanatı ilə bağlıdır. Bu bəyanatla Şimali Amerikanın Azad Ticarət Assosiasiyasının mübahisə həll etmə mexanizmləri üçüncü şəxslərdən yazılı məlumat almaq hüququ əldə etdilər.[11] Bu qığılcımlar sonda ICSID tərəfindən də öz qaydalarına dəyişiklik edilməsi ilə nəticələndi. Bu dəyişikliyə əsasən ICSID tribunalları da üçüncü şəxslərdən yazılı məlumat əldə etmək hüququ qazandılar.[12]

NƏTİCƏ

Müasir dövrdə baş verən qloballaşma nəticəsində üçüncü şəxslərin məhkəmə prosesində, xüsusən də arbitraj prosesində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Üçüncü şəxslər bu zaman sanki hakimlərin köməkçisi qismində iştirak edib ən düzgün və qərəzsiz qərarın qəbul edilməsinə bilavasitə təsir göstərirlər. Bu üstünlükləri nəzərə alaraq gələcək illərdə arbitrajda üçüncü şəxslərin iştirakının daha da artacağını gözləmək olar.


İstinadlar:

[1] Ronald Dworkin, Law’s Empire, 1 (1st ed. 1986).

[2] Yongshuang Ma, The Design for the System of the Third Party’s Intervention in the Arbitration Process, 2 US-China Law Review 66, 67 (2005).

[3] Yenə orada.

[4] S.I. Strong, Third Party Intervention and Joinder as of Right in International Arbitration: An Infringement of Individual Contract Rights or a Proper Equitable Measure?, 31 Vanderbilt Journal of Transnational Law 915, 924 (1998).

[5] Yuxarıda istinad 2.

[6] Yenə orada.

[7] Yuxarıda istinad 4.

[8] Lance Bartholomeusz, The Amicus Curiae Before International Courts and Tribunals, 5 Non-State Actors & International Law 209, 211 (2005).

[9] Yenə orada.

[10] Barnali Choudhury, Recapturing Public Power: Is Investment Arbitration’s Engagement of the Public Interest Contributing to the Democratic Deficit?, 41 Vanderbilt Journal of Transnational Law 775, 814 (2008).

[11] NAFTA Free Trade Commission, Statement of the Free Trade Commission on Non-Disputing Party Participation, Oct. 7 2003, 16 W.T.A.M. 167 (2004).

[12] Eugenia Levine, Amicus Curiae in International Investment Arbitration: The Implications of an Increase in Third-Party Participation, 29 Berkeley Journal of International Law 200, 209 (2011).


Müəllif: Elvin Kərimli, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.