Giriş

I. Mediasiya planının sessiyada rolu

II. Mediasiya planı nələri ehtiva etməlidir?

III. Mediasiya planını yazarkən diqqət edilməli məqamlar

GİRİŞ

İştirakçı komandalar tərəfindən onların əsas maraq və məqsədlərini ifadə edən, strategiya və razılaşma üçün alternativlərini müəyyənləşdirən mediasiya planının yazılması uğurlu mediasiya sessiyasına nail olmaq üçün əhəmiyyət kəsb edir.[1] O, sessiyanın ardıcıl və sistemli şəkildə baş tutmasını təmin etmək üçün effektiv vasitədir.[2] Bəs uğurlu mediasiya planı necə yazılmalıdır? Bu bloq yazısında mediasiya planının əhəmiyyəti və onun necə effektiv yazılması  barədə məlumat veriləcəkdir.

MEDİASİYA PLANININ SESSİYADA ROLU

Mediasiya planı tərəflərin niyyət və mediatordan tələblərini, nə nəzərdə tutduqlarını, sessiyaya necə davam edəcəklərini və s. özündə əks etdirərək sessiyada əsaslı rol oynayır, belə ki, mediasiya sessiyasına mediasiya planı hazırlamadan gəlmək həmin tərəf üçün mənfi hal kimi qiymətləndirilir.

Mediasiya planını yazarkən tərəflər problemi tam anladıqlarına əmin olmalı, daha sonra problemlə əlaqədar öz iddialarını və maraqlarını ifadə etməlidirlər. Mediasiya planının yaxşı yazılması tərəflər üçün müsabiqə zamanı ilkin mərhələdir və tərəflərin hazırlığının əsas göstəricisidir, çünki mediasiyadan əvvəl mediasiya planları hakim-mediatorlar tərəfindən oxunur və bu da onlarda ilkin təəssüratın yaranmasına birbaşa təsir edir.[3] Belə ki, əsaslı və yaxşı formada hazırlanmış mediasiya planı fərq yarada biləcək gücə malikdir.[4]

 MEDİASİYA PLANI NƏRİ EHTİVA ETMƏLİDİR?

Mediasiya planı mövcud problemlə əlaqədar olaraq tələb edən və cavab verən  tərəfin öz strategiyalarını, zəif və güclü hesab etdikləri yanlarını, konfliktdən yaranmış maraq və ehtiyaclarını, eyni zamanda mediasiya sessiyasından gözləntilərini, məqsəd və hədəflərini özündə əks etdirən müvafiq hissələrdən ibarət olur.[5] Mediasiya planı problem ilə bağlı olaraq aşağıdakı hissələrdən ibarət ola bilər.

  1. Mübahisənin xülasəsi
  2. Tərəfin irəli sürdüyü məsələlər
  3. Tərəfin mənafeləri (maraqları)
  4. Təkliflər[6]

Mübahisənin xülasəsi

Planın bu hissəsində tərəflər mediasiyaya müraciəti zəruri edən mübahisə faktlarını qeyd edirlər. Tərəflər arasında mövcud olmuş münasibətlər, yaranmış mübahisənin baş verdiyi tarix, ona səbəb olan hallar, mediasiya sessiyası üçün mühüm sayılan digər əlavə faktlar ilə birgə yazılır.

Tərəfin irəli sürdüyü məsələlər

Bu hissədə tərəflər mediasiyaya müraciətə əsas verən, onların mənafeyinə zidd olan, onlara ziyan vurmuş halları nəzərə çatdırırlar.

Tərəfin mənafeləri (maraqları)

Bu hissədə isə tərəflər, əsasən, mediasiyadan nə gözlədiklərini, maraqlarını, qarşı tərəf ilə hansı şərtlərdə razılaşa biləcəklərini qeyd edirlər. Tərəflər planda mənafelərinə uyğun istənilən məsələ haqqında tələb verə bilərlər.

Təkliflər

Bildiyimiz kimi komandalar mediasiya planında öz məqsəd və maraqlarını ifadə edir və eyni zamanda razılaşma əldə etmək məqsədi ilə digər tərəfin də mənafeyini nəzərə alan müəyyən müddəalar əlavə edirlər. Mediasiya planının bu hissəsində isə komandalar irəli sürülən təkliflərin ən yaxşı olduğunu əsaslandırmağa çalışır, bununla yanaşı öz təkliflərini bildirirlər. Belə ki, mediasiya sessiyasında tərəflər sonda bu təkliflər üzərində işləyir və bir nəticəyə gəlməyə çalışırlar.

Onu da qeyd edək ki, mediasiya  planı Times New Roman yazı şriftində, 12 şrift ölçüsündə, 1.5 sətir aralığı və 2 səhifədən çox olmamaqla yazılmalıdır.[7]

MEDİASİYA PLANINI YAZARKƏN DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

Əvvəlki başlıqda göstərildiyi kimi mediasiya planın yazılması bir neçə hissədən ibarət olmalıdır. Həmin hissələri yazarkən diqqət edilməli bəzi xüsusi məqamlar vardır. Aşağıda qeyd olunan məqamlara diqqət yetirilməsi və onların qeyd olunması sizə planınızı daha uğurlu etməkdə yardımçı olacaq. Planı yazarkən tərəflərin mənafeləri hissəsində aşağıdakılar da qeyd olunmalıdır:

  • Razılaşmaya ən yaxşı alternativin qeyd olunması [8]
  • Razılaşmaya ən pis alternativin qeyd olunması
  • Mediasiya strategiyasının qeyd olunması [9]

Razılaşmaya Ən Yaxşı Alternativin (bundan sonra RƏYA)[10] və Razılaşmaya Ən Pis Alternativin (RƏPA)[11] mediasiya planında qeyd edilməsi vacibdir və bu müzakirələr zamanı hər iki tərəf üçün əlverişli olacaq ortaq razılaşmanı tapmaq üçün mühüm əhəmiyyət kəsb edir. Mediasiyanın tərəfi olaraq planda RƏYA və RƏPA-nın müəyyən edilməsi sessiya zamanı tərəfin “razılaşma sərhədləri”ni formalaşdırır və sessiyada iştirakı asanlaşdırır.

Mediasiya planını qüvvətləndirən digər bir məqam isə mediasiya strategiyasının düzgün şəkildə qeyd olunmasıdır. Mediasiya strategiyası komandanın sessiya ərzində problemin həlli üçün yönəldiyi istiqamətləri müəyyən edir. Mediasiya strategiyasının düzgün formalaşdırılması, həmçinin mediasiya taktiki gedişləri vasitəsi ilə həyata keçirilməlidir. “Strategiya” yaxşı bir nəticə əldə etməyə yönələn ümumi bir yanaşmadır, “taktika” isə strategiyaya çatmaq və inkişaf etdirmək üçün istifadə olunan xüsusi metodlardır.[12]


İstinadlar:

[1] XV ICC International Commercial Mediation Competition Rules, 41 (2019).

[2] John Lande, Getting the Faith: Why Business Lawyers and Executives Believe in Mediation, 5 Harv. Negot. L. Rev. 137 (2000).

[3] Yuxarıda istinad 1, 41.

[4] Yuxarıda istinad 1, 42.

[5] Yuxarıda istinad 1, 21.

[6] Mediation Representation Plan On Behalf Of Hampton Suncare LTD,  https://www.cityu.edu.hk/slw/ADR_Moot/doc/Sample%202.pdf

[7] Xoyski Mediasiya Müsabiqəsi Qaydaları, 3 (2020).

[8] Yuxarıda istinad 1, 42.

[9] Yenə orada.

[10] BATNA (Best Alternative to a Negotiated Agreement)

[11] WATNA (Worst Alternative to a Negotiated Agreement)

[12] Yuxarıda istinad 1, 42.


Müəllif: Zeynəb Hüseynova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.