I. İnvestisiya mübahisələrində mediasiyanın tətbiqinin üstünlükləri və çatışmazlıqları
II. İnvestisiya münasibətlərindən irəli gələn mübahisələrdə mediasiya necə tətbiq edilir?
GİRİŞ
Son dövrlərdə populyarlaşmış olan mediasiya institutu hələ məhkəmə sisteminin yaranmadığı dövrlərdə də mübahisələrin həll yollarından biri olaraq çıxış etmişdir.[1] Sonrakı dövrlərdə məhkəmə institutunun yaranması ilə bu anlayış öz aktuallığını itirsə də, müasir dövrdə mediasiyanın investisiya, kommersiya, ailə-məişət, kollektiv əmək münasibətlərindən irəli gələn mübahisələrin həllində rolu artmışdır. Lakin aparılan araşdırmalar cəmiyyətdə bu alternativ həll üsuluna qarşı inamsızlıq olduğunu göstərir.[2] Mübahisə tərəfləri bir sıra məsələlərin həllində mediasiyaya müraciət etməkdən çəkinir. Xüsusilə investisiya və kommersiya münasibətlərində tərəflər mübahisənin alternativ həlli yolu kimi mediasiyaya yox, arbitraja müraciət etməyə üstünlük verir.[3] Bu isə öz növbəsində mediasiya institutunun inkişafına mənfi təsir göstərir. Mediasiyaya qarşı inamsızlığın səbəbi nədir? İnvestisiya münasibətlərindən irəli gələn mübahisələrdə mediasiyaya müraciət etmək əlverişlidirmi? Bu bloq yazısında bu suallara cavab axtarılacaq, investisiya münasibətlərindən irəli gələn mübahisələrdə mediasiyanın rolu aydınlaşdırılacaqdır.
I. İNVESTİSİYA MÜBAHİSƏLƏRİNDƏ MEDİASİYANIN TƏTBİQİNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ
Mübahisələrin danışıq (negotiation), mediasiya, arbitraj, adjudication kimi alternativ həlli üsulları vardır və bu üsullar üçüncü tərəfin müdaxilə dərəcəsinə və “əsnəkliyinə” (flexibility) görə bir-birindən fərqlənir.[4] Belə ki, adjudication və arbitraj əsasən hüquqa və qərarın icrasının məcburiliyi prinsipinə əsaslandığı halda mediasiya daha çox uzlaşmaya meyillidir.[5] Bu üsul tərəflərin könüllülüyü prinsipinə əsaslanır.
Mediasiyanın üstün cəhətlərindən biri də məhkəmə xərcləri ilə müqayisə etdikdə mediasiya xərclərinin daha az olmasıdır. Belə ki, Avropa İttifaqı ölkələrində məhkəmə xərcləri orta hesabla 9.179 € olarkən, mediasiya xərcləri 3.371 € olur, bu isə mediasiyanın orta hesabla 60% qənaət etdiyi anlamına gəlir.[6] Həmçinin, mediasiya arbitrajla müqayisədə də xərc baxımından mübahisənin daha sərfəli həll üsuludur.[7] Mediasiyanın daha nəticəyə yönümlü fəaliyyəti xərclərin azalması ilə yanaşı vaxt qənaətinə də səbəb olur, mediasiya arbitraja nəzərən daha tez nəticə əldə edə bilər.[8]
Bu üsulun digər bir müsbət cəhəti isə “win-win” prinsipinə istinad edərək hər iki tərəf üçün əlverişli ortaq bir məxrəcin tapılmasına şərait yaradılmasıdır. “Win-lose” danışıqlardan fərqli olaraq mediasiyada məsələnin tərəflərin razılığı və fikir mübadiləsi əsasında həll edilməsi mübahisədən sonra da iş əlaqələrinin davam etməsinə, tərəflər arasında inam probleminin aradan qaldırılmasına imkan yaradır.[9]
Tərəflər uğurlu mediasiya prosesinin sonunda özləri üçün əlverişli olacaq nəticələr əldə edə bilirlər. Məsələn, investor-dövlət mübahisələrində arbitrajda investor qalib gələ və kompensasiya əldə edə bilər. Lakin investor üçün ən əlverişli nəticə lisenziyasının saxlanılması ola bilərdi. Tərəflər mediasiya sessiyasında iştirak edərək öz istəklərini bildirə, beləliklə həm investor lisenziyasını saxlaya, həm də dövlət kompensasiya ödəməkdən xilas ola bilər.[10]
Beləliklə, mediasiyanın uzlaşmağa meyilliliyi, nəticəyə yönümlü fəaliyyəti, digərləri ilə müqayisədə xərc və zaman baxımından daha sərfəli həll üsulu olması kimi bir sıra müsbət cəhətləri mübahisə tərəflərini mediasiyaya yönləndirir. Lakin mediasiyanın həmçinin bir sıra mənfi cəhətləri də vardır və bunlar bəzi hallarda tərəflərdə ona qarşı inamsızlıq yaranmasına gətirib çıxarır.
Bu alternativ həll üsulunun əsas çatışmazlığı mediasiya qərarının icrası mərhələsində meydana çıxır. Mediasiyanın könüllülük prinsipinə əsaslanması onun etibarlılığını sual altında qoyur. Sessiyada verilən qərarın icrası ilə bağlı heç bir məcburedici sənəd qəbul edilmir.[11] Mediatorun qərarın icrası ilə bağlı heç bir məcburedici tədbir həyata keçirə bilməməsi isə mediasiyaya qarşı inamsızlıq yaradır. Tərəflər sessiyaların sonunda bir nəticəyə gəlsələr də, bu nəticənin həyata keçiriləcəyi ilə bağlı təminat verilmir, bu isə pul və zaman itkisi anlamına gəlir.
Mediasiyanın təbiətindən irəli gələn bu problemlə yanaşı investisiya münasibətlərinin öz mahiyyətinin səbəb olduğu məsələlərə də diqqət yetirmək lazımdır. “Müəssisə təmsilçiləri, özəl vəkillər və akademiklər arasından seçilən 47 nəfərin iştirakı ilə keçirilən sorğuda investor-dövlət münasibətlərindən irəli gələn mübahisələrin həllində yaranacaq 29 maneə müəyyən edilmişdir. Bu maneələr mövcud münasibətin və onun tərəflərinin təbiətindən qaynaqlanır. Dövlətin mübahisənin həllində maraqsız tərəf olması (70% iştirakçı belə düşünür); qərarvermə hüququnun üçüncü bir tərəfə verilməsinə dövlətin narazılığı (çünki bu zaman gəlinən nəticə könüllülük prinsipinə əsaslandığından dövlət məhkəməni günahlandıra bilməz); ictimai tənqid, korrupsiya ittihamları ilə bağlı qorxu; dövlətin strukturu-müxtəlif mərtəbələrdə hissədarların mövcudluğu; mübahisənin son dərəcə həssaslığı və siyasi tərəfi onun mediasiya vasitəsilə həllini çətinləşdirir”.[12]
II. İNVESTİSİYA MÜNASİBƏTLƏRİNDƏN İRƏLİ GƏLƏN MÜBAHİSƏLƏRDƏ MEDİASİYA NECƏ TƏTBİQ EDİLİR?
Giriş hissəsində də qeyd edildiyi kimi investisiya və kommersiya münasibətlərində tərəflər mübahisənin alternativ həlli yolu kimi mediasiyaya yox, arbitraja müraciət etməyə üstünlük verir. Lakin son bir neçə onillikdə bazarda mediasiyaya qarşı tələb artmış və bu üsulun tətbiq dairəsinin genişlənməsi üçün müxtəlif təkliflər irəli sürülmüşdür: mediasiyanın beynəlxalq investisiya müqavilələrində tətbiqi; mediasiyanın tətbiqinin genişləndirilməsi məqsədilə ICSID ( International Centre for Settlement of Investment Disputes-İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz) prosedurlarının yenidən formalaşdırılması və xüsusi, könüllü mediasiyanı dəstəkləyən şəbəkənin yaradılması.[13]
Mediasiyanın investor-dövlət münasibətlərindən irəli gələn mübahisələrə tətbiqinin bilavasitə yolu müqavilələrə müddəa olaraq daxil edilməsidir. Müqavilələrdə mediasiyanın tətbiqi iki şəkildə nəzərdə tutula bilər: mediasiyanın “cooling-off” dövründə tətbiqi və məcburi mediasiya.[14]
Bir sıra hallarda mediasiya arbitraja müraciətdən əvvəl “cooling-off” adlanan qismən məcburi dövr olaraq tətbiq edilir.[15] Burada mediasiya mübahisə “alovunun” soyumasına xidmət edir. Beləliklə tərəflər mübahisəni “dostcasına” həll edə bilirlər. Lakin mediasiya arbitrajdan əvvəl “gözləmə” mərhələsi şəklində tətbiq olunmaqla yanaşı investisiya arbitrajı ilə paralel olaraq, bəzi hallarda arbitraj qərarının verilməsindən sonra da tətbiq edilə bilir.[16]
Bəzi hallarda isə müqavilələrdə məcburi mediasiyanın tətbiqi qeyd edilir. Lakin mediasiyanın könüllülük prinsipinə əsaslandığını nəzərə alsaq, bu müəyyən mənada onun təbiətinə zidd olaraq qəbul edilə bilər. Buna görə də ilkin sessiyada iştirak tələbinin qoyulması mümkün olsa da, mediasiya prosesinin tamamlanmasının məcburiliyi tələbi məqsədəuyğun hesab edilmir.[17]
Əvvəlki müqavilələrdə mediasiya anlayışı bir başa qeyd edilməyib üçüncü tərəf proseduru şəklində ifadə olunurdu, yeni investisiya müqavilələrində isə mübahisələrin həll üsulu kimi xatırlanılır.[18] Bu da mediasiyanın mübahisənin alternativ həll üsulu kimi tətbiqinin genişlənməsinə işarətdir.
Mediasiyanın investisiya münasibətlərindən irəli gələn mübahisələrə tətbiqinin genişlənməsi üçün digər bir təklif isə ICSID prosedurlarının yenidən formalaşdırılmasıdır. Mediasiyanın ICSID sistemində mübahisənin həlli üsullarından biri olaraq və ya arbitrajdan əvvəlki mərhələ kimi qeyd edilməsi nəzərdə tutulmuş, amma görülən tədbirlər istənilən nəticəni verməmişdi, bu isə ilk növbədə ICSID sisteminin qərarvermə prosesindəki ətaləti ilə əlaqəli idi.[19]
Üçüncü bir təklif isə xüsusi, könüllü mediasiyanı dəstəkləyən şəbəkənin yaradılmasıdır. Belə ki, bu təklif mediasiyaya marağı olan qruplara təhsil verilməsi və beləliklə ilk öncə sərhəd daxili münasibətlərdə, sistemin müəyyən qədər təkmilləşməsindən sonra isə beynəlxalq münasibətlərdə mediasiyanın tətbiqini nəzərdə tutur.[20]
Mübahisənin həlli yolları ilə yanaşı mübahisənin qarşısının alınması siyasəti də bəzi ölkələrdə tətbiq edilir. Lakin bu siyasət daha sonralar təkmilləşdirilmiş, mediasiyanın tamamlayıcı kimi çıxış etdiyi Koreya, Peru sistemləri yaradılmışdır.[21]
NƏTİCƏ
Mediasiya vaxt və pul itkisinin qarşısını alması, tərəflərin daha sərbəst olması kimi üstünlüklərə malik olsa da, qərarın etibarlılığını sual altında qoyan könüllülük prinsipinə əsaslanması mübahisənin həllində problem yarada bilir. Buna görə də həll yolunu seçməzdən əvvəl tərəflərin məqsədlərini müəyyənləşdirmək önəmlidir. Mediasiya yalnızca hər iki tərəf uzlaşmaya meyillidirsə effektiv nəticə verə bilər. Unutmaq olmaz ki, mediasiya konfliktlərin danışaraq həll edilməsi prinsipinə əsaslanır və ancaq “dostcasına” müzakirə mühitində mübahisənin həlli üçün effektivdir.
İstinadlar:
[1] Kun Fan, Mediation of Investor–State Disputes: A Treaty Survey, 2 Journal of Dispute Resolution, 327 (2020).
[2] 2018 İnternational Arbitration Survey: The Evolution of İnternational Arbitration (2018), https://www.whitecase.com/publications/insight/2018-international-arbitration-survey-evolution-international-arbitration (last visited Dec. 08, 2020) Sorğu iştirakçılarının 97% kommersiya mübahisələrinin həllində arbitraja müraciət etməyə üstünlük verir. İştirakçıların 99% isə gələcəkdə yaranacaq mübahisələrdə arbitraja üstünlük verəcəyini açıqlayıb.
[3] G. De Palo, L. D’Urso, M. Trevor, B. Branon, R. Canessa, B. Cawyer, L. R. Florence, ‘Rebooting’ The Mediation Directive: Assessing The Limited Impact of Its Implementation and Proposing Measures to Increase The Number Of Mediations in The EU (2014).
[4] Jeswald W. Salacuse, Is There a Better Way? Alternative Methods of Treaty-Based, Investor-State Dispute Resolution, 31 Fordham International Law Journal 138, 154-155 (2007).
[5] Yenə orada.
[6] G. De Palo, L. D’Urso, M. Trevor, B. Branon, R. Canessa, B. Cawyer, L. R. Florence, yuxarıda istinad 3, 126.
[7]Catharine Titi, Katia Fach Gómez, Mediation in International Commercial and Investment Disputes, 22-23 (1st ed. 2019).
[8] Fan, yuxarıda istinad 1, 330.
[9] Yenə orada.
[10] Titi, Gómez, yuxarıda istinad 7, 23.
[11] Yenə orada, 24.
[12] Seraphina Chew, Lucy Reed, & J. Christopher Thomas, Report: Survey on Obstacles to Settlement of Investor-State Disputes, 1-2 (2018).
[13] Note, Mediation of İnvestor-State Conflicts, 127.8 Harvard L. Rev. 2559-2564 (2014).
[14] Yenə orada.
[15] Titi, Gómez, yuxarıda istinad 7, 25-31.
[16] Yenə orada.
[17] Note, yuxarıda istinad 13.
[18] Titi, Gómez, yuxarıda istinad 7, 25-31.
[19] Note, yuxarıda istinad 13.
[20] Yenə orada.
[21] Titi, Gómez, yuxarıda istinad 7, 25-31.
Müəllif: Jalə Səfərəliyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.