I. Lex mercatoria anlayışının vahid tərifi mövcuddurmu?
II. YUNİDRUA və Trans-Lex Prinsipləri
III. Kodifikasiya inkişafa, yoxsa geriləməyə səbəb olur?
Dövlət, o cümlədən fiziki və hüquqi şəxslər arasındakı mübahisələrin məhkəmədən kənar alternativ həll yolu olan beynəlxalq arbitraj[1] bir çox hüquqşünasların maraq dairəsini əhatə edir. Onların apardığı araşdırmaların bir hissəsi məhz beynəlxalq arbitraj prosesinə tətbiq edilə bilən hüquq – lex mercatoria ilə bağlıdır. Lex mercatoria, digər adı ilə tacir hüququ (law merchant) anlayışına izah verən hüquqşünas və müəllif Berthold Goldman onu milli hüquqdan müstəqil şəkildə yaradılan beynəlxalq ticarət adətləri[2] və hüququn ümumi prinsiplərinin sistemi kimi dəyərləndirmişdir.[3] Bəzi tədqiqatçılar isə lex mercatoria-da həm də milli hüquqların elementlərinin öz əksini tapdığını iddia etmişdirlər.[4] Bəs bu cür təzadlı fikirlər nədən qaynaqlanır? Tacir hüququ prinsiplərinin kodifikasiyası[5] qeyri-müəyyənliyin qarşısını alacaqmı? Bloq yazısında sözügedən məsələlər araşdırılacaq, həmçinin lex mercatoria-nın orta əsrlərdən başlayan inkişafı və tətbiqi barədə məlumat veriləcəkdir.
I. Lex mercatoria anlayışının vahid tərifi mövcuddurmu?
Orta əsrlərdə İngiltərədə formalaşmağa başlayan lex mercatoria ilə bağlı ilkin məlumatlara St. Ives Məhkəməsinin qərarlarında rast gəlinmişdir.[6] Belə ki, Məhkəmənin 1270-1324-cü illər ərzində qəbul etdiyi on bir qərarda “secundum legem mercatoriam”, yəni “lex mercatoria-ya əsasən” ifadəsi işlədilmişdir.[7] Aparılan araşdırmalardan aydın olur ki, həmin dövrdə kral və baş rahib məhkəmə qərarlarının qəbuluna güclü təsir etmişdirlər. Buna görə də tacirlərarası mübahisələrin həllində tətbiq olunmuş lex mercatoria yalnız ticarət adətlərini deyil, həm də kral qanunları və rahib əmrlərini əhatə etmişdir.[8] Göründüyü kimi, adətlər, qanunlar və prinsiplər sistemləşdirilmədiyi üçün tacir hüququnun tərkibi ilə yanaşı, mənası da qeyri-dəqiq idi: alqı-satqı ilə əlaqəli istənilən hüququ ifadə etmək üçün lex mercatoria anlayışından istifadə olunmuşdur.[9]
Daha sonra XX əsrdə beynəlxalq ticarətin yüksəlişi ilə orta əsrlərin tacir hüququ təkmilləşərək “yeni lex mercatoria” adını qazanmışdır.[10] Bununla da, lex mercatoria-nı milli hüquqdan, beynəlxalq arbitrajı da milli məhkəmələrdən fərqləndirən müəyyən cəhətlər ortaya çıxmışdır:
1. Arbitraj mübahisələrinin milli hüquqa aid normativ mənbələrlə deyil, ədalətlilik prinsipinə əsaslanan lex mercatoria-nın tətbiqi ilə həlli təklif edilmişdir.
2. Arbitrlar ticarətin hüquqi tənzimlənməsi üzrə ekspert kimi dəyərləndirilərək bu sahədə az təcrübəsi olan milli məhkəmələrin hüquqşünaslarından üstün tutulmuşdurlar.
3. Tərəflərin məxfilik tələbini qarşılamaq üçün milli məhkəmələrdən fərqli olaraq arbitrajda qərarlar dərc edilməməyə başlanmışdır.[11] Qeyd edilməlidir ki, bu, arbitrajın nüfuzuna müsbət təsir göstərsə də, hələ də sistemləşdirilməmiş lex mercatoria-nın istifadəsində ciddi maneələr yaratmışdır. Belə ki, arbitrlar lex mercatoria-nı tətbiq etmək üçün heç bir qərara istinad edə bilmədiklərinə görə yenidən milli hüquq normalarına müraciət etmişdirlər. Bu da öz növbəsində, lex mercatoria-nın həmin normaların təsirinə məruz qalmasına səbəb olmuşdur.[12]
Əsrin sonunda təşəkkül tapan “yeni yeni lex mercatoria” isə bir çox beynəlxalq arbitrajların qanuniləşdirildiyi və tacir hüququnun kodifikasiyası hesab edilən Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) Prinsiplərinin yaradıldığı dövrə təsadüf etmişdir.[13] Bu dövrdə belə hüquqşünaslar lex mercatoria-nın tərkibini müəyyənləşdirərək ona vahid tərif verə bilməmişdirlər.[14] Bir çox mütəxəssislər onun milli hüquqdan asılı olmadığını qəbul etsələr də,[15] bəziləri lex mercatoria-nı həm milli, həm də beynəlxalq hüququn elementlərini əhatə edən qlobal kommersiya hüququ kimi dəyərləndirməyi üstün tutmuşdurlar.[16] Belə ki, həmin mütəxəssislərin mülahizəsini qərarların icra qabiliyyətini təmin etmək üçün arbitrların formal hüquq normalarının tətbiqini genişləndirməsi,[17] bununla yanaşı tez-tez YUNİDRUA Prinsiplərinə də müraciət etməsi faktı ilə əsaslandırmaq mümkündür.[18]
II. YUNİDRUA və Trans-Lex Prinsipləri
Yuxarıda da qeyd olunduğu kimi, lex mercatoria-nın tərkibi uzun illər qeyri-müəyyən qalmış və arbitrların qarşılaşdığı əsas çətinliklərdən birinə çevrilmişdir.[19] Professor Joachim Frick konkret qaydaların olmamasının qərarların qəbulunda qeyri-müəyyənlik yaratdığını və bununla da, mübahisə tərəflərinin prosesin qanuniliyindən əmin olmadığını iddia etmişdir.[20] Belə faktorların lex mercatoria-nın istifadəsində törətdiyi maneələri aradan qaldırmaq üçün kodifikasiya prosesi başladılmış və zaman keçdikcə daha geniş vüsət almışdır. Belə ki, 1994-cü ildə Romada yerləşən YUNİDRUA öz Prinsiplərinin rəsmi mətnini dərc etmişdir.[21] 2009-cu ildə isə Transmilli Hüququn Mərkəzi (CENTRAL) Almaniyanın Köln Universitetində yeni onlayn araşdırma və kodifikasiya bazasının bir hissəsi olan Trans-Lex Prinsiplərini təqdim etmişdir.[22] Bu prinsiplər arasında aşağıdakı fərqlər mövcuddur:[23]
1. YUNİDRUA Prinsiplərinə yalnız beynəlxalq kommersiya müqaviləsi hüququ ilə bağlı, Trans-Lex Prinsiplərinə isə beynəlxalq biznes mübahisəsinin həllində tətbiq edilən istənilən prinsip daxil edilir;
2. YUNİDRUA Prinsipləri dövri bəyanatların dərci ilə yenilənir. Trans-Lex Prinsipləri isə beynəlxalq arbitraj və müqavilə praktikasında lex mercatoria-ya aid qəbul edilən qayda və prinsiplərin davamlı olaraq tərtib edilməsi, yəni “Creeping Codification” üsulu ilə yenilənir. Həmçinin bu üsulla bütün sənəd yenidən dərc olunmadan müvafiq hissədə dəyişiklik etmək də mümkündür;[24]
3. YUNİDRUA Prinsiplərinin tərkibində maddələr və onların tətbiqi barədə izah verən “rəy” bölmələri, Trans-Lex Prinsiplərində isə hər bir prinsip üçün yaradılan, “doktrina”, “arbitraj qərarları”, “beynəlxalq qanunvericilik” və s. kimi başlıqlardan ibarət “istinadlar” bölməsi mövcuddur.[25]
YUNİDRUA və Trans-Lex prinsipləri arbitraj prosesində daha çox istinad edilən toplular olsa da, kodifikasiya yalnız bu iki toplu ilə məhdudlaşmır. Məsələn, Avropada roman-german hüquq sistemi üzrə ixtisaslaşmış alimlər də lex mercatoria-nı sistemləşdirməyə başlamışdırlar.[26] Bununla yanaşı, kodifikasiya davam etdikcə ona qarşı müxtəlif yanaşmalar da formalaşmışdır.
III. Kodifikasiya inkişafa, yoxsa geriləməyə səbəb olur?
Aydındır ki, kodifikasiyanın bu cür geniş yayılmasının lex mercatoria-ya müəyyən müsbət təsirləri olmuşdur. Onlara nümunə olaraq qeyd edilir ki, kodifikasiya nəticəsində lex mercatoria prinsiplərindən istifadə artmış və həmin prinsiplərə əsaslanan arbitraj qərarları da məhkəmələr tərəfindən daha çox tanınmışdır,[27] başqa sözlə arbitrajın legitimliyi təmin olunmuşdur.[28]
Bu xüsusiyyətlərinə baxmayaraq, bəzi tənqidçilər kodifikasiyaya fərqli nöqteyi-nəzərdən yanaşaraq onun əleyhinə fikirlər bildirirlər. Belə ki, onlar kodifikasiyanın lex mercatoria prinsiplərinin təyin edilməsində heç bir təsiri olmadığını iddia edir və təcrübəli arbitrların sistemləşdirmə olmadan da prinsipləri nizamlaya biləcəyini vurğulayırlar.[29] Əlavə olaraq, sistemləşdirmənin lex mercatoria-nın təbiətinə uyğun olmayaraq mütləq qanunlar yarada biləcəyi və bununla da, həmin hüququn ilkin xarakterindən uzaqlaşacağı qeyd olunur. Bu fikri şotlandiyalı professor Frassberg-in sözləri ilə əsaslandırmaq mümkündür: “Qanunlar nə qədər formal və mütləqdirsə, onun təbiiliyi və orijinallığı da bir o qədər azdır”.[30]
Son olaraq, narahatlıq doğuran digər bir məqam sistemləşdirmənin yeni prinsiplərin qəbulunu dayandırma ehtimalıdır. Bu, YUNİDRUA və CENTRAL kimi təşkilatlarla yanaşı, arbitrların da diqqətinə çatdırılmalı olan vacib məsələlərdəndir. Belə ki, arbitrlar inkişaf etməkdə olan ölkələr və tanınmayan iqtisadi sektorlarda müşahidə edilən yeni təcrübələri nəzərdən keçirməli və həmin təcrübələrdə istifadə olunan prinsipləri tətbiq etməyə yönəlməlidirlər.[31] Göründüyü kimi, kodifikasiya tacir hüququnun təkmilləşməsinə mane olmaqla onun dövrün tələb və standartlarına uyğunlaşmamasına – geriləməsinə səbəb ola bilər.
Xülasə, beynəlxalq arbitrajda tətbiq olunan lex mercatoria uzun sürən inkişaf yolu keçmişdir. Orta əsrlərdə tacirlərarası mübahisələri tənzimləyən lex mercatoria müasir dövrdə qlobal kommersiya hüququ kimi qəbul edilmiş və hüquqşünaslar tərəfindən kodifikasiya olunması ilə istifadə dairəsi genişlənmişdir. Gələcəkdə də bu dinamikanı qoruyub saxlamaq arbitrlar daxil olmaqla, bütün hüquqşünasların üzərinə düşən zəruri vəzifələrdəndir.
[1] Nigel Blackaby, Constantine Partasides, Alan Redfern and Martin Hunter, Redfern and Hunter on International Arbitration, § 1.22 (6th ed. 2015).
[2] Ticarət adəti hər hansı bir məkanda, peşədə və ya ticarət prosesində müntəzəm olaraq müşahidə edilən və sonrakı alqı-satqı münasibətlərində tətbiqi gözlənilən ticarətlə bağlı təcrübə və ya üsuldur. Uniform Commercial Code, § 1-303 (2001), https://www.law.cornell.edu/ucc/1/1-303 (son baxış 21 mart 2023).
[3] Michael Polkinghorne, Jean-Claude Najar, An Introduction to ICC Arbitration in Australia: Some Current Issues in International Arbitration, 3 Bond Law Review 43, 58 (1991).
[4] Richard Garnett, International Arbitration Law: Progress Towards Harmonisation, 3 Melbourne Journal of International Law 400, 411 (2002).
[5] Kodifikasiya etmək hüquqları, qanunları və nizamnamələri sistematik məcəllədə toplamaq mənasına gəlir. Burada bax: https://www.law.cornell.edu/wex/codify (son baxış 22 mart 2023).
[6] Mert Elcin, Lex Mercatoria in International Arbitration Theory and Practice, European University Institute, 13-14 (2012).
[7] Yenə orada.
[8] Yenə orada.
[9] Yenə orada, 15.
[10] Ralf Michaels, The True Lex Mercatoria: Law Beyond the State, 14 Indiana Journal of Global Legal Studies 447, 455 (2007).
[11] Yenə orada.
[12] Yenə orada, 456.
[13] Yenə orada, 457.
[14] Yenə orada.
[15] Yenə orada, 456.
[16] Yenə orada, 447.
[17] Yenə orada, 457.
[18] Yenə orada, 458.
[19] Michael Pryles, Application of the Lex Mercatoria in International Commercial Arbitration, 31 The University of New South Wales Law Journal 319, 325 (2008).
[20] Vanessa M. Johnson, Codification of the Lex Mercatoria: Friend or Foe, 21 Law and Business Review of Americas 151, 162 (2015).
[21] Klaus Peter Berger, The Creeping Codification of the New Lex Mercatoria, 10 (2nd ed. 2010).
[22] Yenə orada, 12.
[23] Johnson, yuxarıda istinad 20, 160.
[24] Yenə orada, 161.
[25] Yenə orada.
[26] Yenə orada.
[27] Yenə orada.
[28] Yenə orada, 163.
[29] Yenə orada, 162.
[30] Ceila Wasserstein Fassberg, Lex Mercatoria – Hoist with Its Own Petard?, 5 Chicago Journal of International Law 67, 82 (2004).
[31] Yuxarıda istinad 20, 166.
Müəllif: Ayna Abbaszadə, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 1-ci kurs.